Həmrəyliyin Zəfər təntənəsi
Siyasət

Həmrəyliyin Zəfər təntənəsi

İki qardaş ölkənin liderləri yeni zirvələrə doğru birlikdə addımlayırlar

"Can Azərbaycanla həmrəyliyimiz sayəsində Qarabağ 30 illik işğaldan sonra azadlığa qovuşdu". Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən "14-cü Səfirlər Konfransı" çərçivəsində çıxışı zamanı bildirib. Vurğulayıb ki, bununla da Cənubi Qafqazda daimi sülh, sabitlik üçün mühüm fürsət ələ keçib.

Azərbaycan və Türkiyə ortaq siyasi iradə və birgə fəaliyyətlə gələcək hədəflərə çatmaq əzmində olan müttəfiqlərdir. İki ölkənin strateji müttəfiqlik münasibətləri region üçün sülh və sabitlik mənbəyidir. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, əcdadlarımızdan qalan miras, onların vəsiyyəti və zamanın tələbidir. "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir: "Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır. Bu, bizim üçün böyük xoşbəxtlikdir və İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ötən il oktyabrın 20-də iki qardaş ölkə liderinin Cəbrayıl şəhərində mətbuata birgə bəyanatında söyləyib. Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışan dövlətimizin başçısı deyib ki, bununla da Türkiyə və Azərbaycan rəsmən bütün sahələrdə müttəfiq oldu: "Bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir faktordur. Bu, sülh, sabitlik faktorudur, ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu faktoru ciddi nəzərə almalıdır", - deyə dövlət başçısı əlavə edib. Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyırdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının açılışı əlamətdar hadisə olmuşdu.

İkinci Qarabağ müharibəsinin ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstəyini bildirdi. Qeyd etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək müharibənin son gününə qədər davam etdi. 44 günlük müharibə, Cənubi Qafqaz bölgəsindəki regional təhlükəsizlik arxitekturasını kökündən dəyişdi. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan Cənubi Qafqazda yeni bir dövrün - sülh və inkişaf üçün fürsət dövrünün başlanmasında əsas rol oynadı. Tarixi türk torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi Azərbaycan qədər Türkiyənin də qələbəsi idi. Bu gün bərpaedilən Qarabağda və Şərqi Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi nümayiş etdirilir. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, o cümlədən bölgənin birinci özəl sərmayəsi olan "Dost Aqropark" da xüsusi qeyd olunmalıdır. Hazırda inşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Bundan başqa, dövlət başçıları Cəbrayıl rayonu ərazisində yaradılacaq "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Prezidentlər tərəfindən təməli atılan Horadiz-Ağbənd dəmiryolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyası Zəngəzur dəhlizinin bir hissəsidir. Zəngəzur dəhlizi nəinki Azərbaycanın, həmçinin regionun iqtisadi inkişafına böyük töhfələr verəcək. Bu dəhliz vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycana quru yolla birləşdirilməsi də tarixi diyarımızın ölkə iqtisadiyyatına daha da reinteqrasiyasına səbəb olacaq. Zəngəzur dəhlizi Azərbaycanı həmçinin Türkiyə ilə birləşdirəcək. Həyata keçirilən layihələr Azərbaycan və Türkiyənin regionda önəmini daha da artırır. Bu o deməkdir ki, güclənən Azərbaycan-Türkiyə birliyi regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında əsas amildir. Türkiyənin xarici işlər naziri azərbaycanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistanla Azərbaycan arasında müxtəlif platformalarda danışıqlar gedir. Bu təmasları yaxından izləyirik. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması çox vacibdir. Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin bərpası istiqamətində də işlər görülür.

Regionumuzda sabitlik və əməkdaşlıq üçün yeni imkanların yaranması Azərbaycanın gücü, siyasi iradəsi və proseslərdə aparıcı qüvvə kimi iştirak etməsi sayəsində baş verib. Qazanılan möhtəşəm Zəfər və işğaldan azad olunan ərazilərdə postmüharibə mərhələsində həyata keçirilən irimiqyaslı işlər Azərbaycanın gücünü ifadə edir. Eyni zamanda bu prosesdə qardaş Türkiyənin oynadığı rol da xüsusi vurğulanmalıdır. Azərbaycanla Türkiyənin həyata keçirdiyi ortaq layihələr təkcə bu iki qardaş ölkənin deyil, bütövlükdə regionun inkişafı, bölgə xalqlarının rifahı və təhlükəsiziliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrin genişləndirilməsi müttəfiqlik münasibətlərinin iqtisadi əsaslarını möhkəmləndirir. Qardaş ölkələr demək olar ki, bütün sahələr üzrə öz təcrübələrini mübadilə edir, beynəlxalq platformalarda birgə addımlayır. Azərbaycanın ərazi bütövlüyünün qorunmasına və Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasında Türkiyə ciddi səy göstərir.

Qürurvericidir ki, digər istiqamətlərdə olduğu kimi, hərbi sənaye, ordu quruculuğu sahəsində də Türkiyə modelinə üstünlük verilir. "Komando" hissələrinin yaradılması Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına əyani bir sübutdur ki, bu da ölkəmizdə daha peşəkar hərbçilərin formalaşmasında böyük rol oynayacaq. Türkiyənin qlobal liderlərdən birinə çevrilməsi, o cümlədən Cənubi Qafqazda təsir imkanlarının artması regionda uzunmüddətli və dayanıqlı sülhə nail olunacağına inam yaradır. Türkiyədəki prezident seçkilərindən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. 12-13 iyun tarixlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəvəti ilə Bakıya səfəri istər mahiyyəti, istərsə də verdiyi mesajlar baxımından fərqlənir. Şübhəsiz ki, əvvəlki səfərlərdən tamamilə fərqli atmosferdə reallaşan bu səfər iki qardaş ölkə və iki lider arasındakı sarsılmaz dostluğun təcəssümüdür.

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı tarixin çətin sınaqlarından keçərək möhkəmlənib. Qırılmaz bağlarla, möhkəm ənənələrlə, dil, din, mənəvi dəyərlər eyniliyi ilə bir-birinə sıx bağlı olan iki ölkə və xalq çətin və şad günlərdə həmişə bir yerdə olurlar. Bir millətin iki dövlətinin hədəfi də, sözü də birdir. İki qardaş ölkənin liderləri söz ilə əməlin vəhdətini nümayiş etdirir, yeni strateji zirvələrə doğru birlikdə addımlayırlar.

Mustafa KAMAL,

"Respublika".