Arzu Nağıyev: Laçına köç böyük əhəmiyyət kəsb edir
Siyasət

Arzu Nağıyev: Laçına köç böyük əhəmiyyət kəsb edir

Xəbər verdiyimiz kimi, bu gün 73 nəfərdən ibarət daha 18 ailə doğma yurduna - Laçına qayıdıb. Köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.

Həmin ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və yenidən tikilən evlərdə məskunlaşacaqlar. Ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri də iştirak ediblər. Beləliklə, Laçın şəhərində 111 ailə, yəni 424 nəfərin daimi məskunlaşması təmin edilib.

Millət vəkili Arzu Nağıyev "Respublika"-ya  bildirib ki, qəbul edilmiş müvafiq Dövlət Proqramına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesi davam edir:

"Laçın istiqamətində məskunlaşma bir neçə mərhələdə baş tutub. Məlumdur ki, qayıdış problemli məsələlərdən hesab olunur. Çünki, köçürülən şəxslər üçün birmənalı şəkildə təhlükəsizlik təmin edilməlidir. Yəni, ərazilər minalardan təmizlənməlidir. Digər mühüm məsələ işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasıdır. Yəni, köçürülən hər bir şəxs özünə uyğun əmək fəaliyyəti ilə məşğul olmalıdır".

Deputat, həmçinin Ermənistanın təxribatlarının davam etdiyini də xatırladıb:

"Bunun qarşısını almaq üçün, köçürülən əhalinin özünün şəxsi təhlükəsizliyini təmin etmək lazımdır. Buna görə də, həmin ərazilərdə müvafiq işlər görülərək, komando tipli hərbi hissələr yaradılır. Digər vacib məqam, ərazidə məskunlaşan əhali üçün məktəblərin açılması, iş yerlərinin yaradılmasıdır. Sadaladıqlarımızın hər biri, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, uğurla həyata keçirilir. Həmçinin, burada kommunal məsələlərin təminatı, enerji təchizatı mütləq şəkildə bərpa edilir. Biz bir daha dünyaya göstəririk ki, torpaqlarımızın işğaldan azad olunmasını necə uğurla başa vurmuşuqsa, quruculuq işlərində də eyni cür hərəkət edirik".

Arzu Nağıyev gələcəkdə Qarabağda beynəlxalq turizmin inkişafı üçün mühüm perspektivlər olduğunu da qeyd edib:

"Burada Beynəlxalq Hava Limanının tikintisinin davam etdiyini də nəzərə almaqla, bunu təsdiqləmək mümkündür. Bundan başqa, ərazidə gələcəkdə bir sıra beynəlxalq layihələrin də həyata keçirilməsi planlaşdırılır. Buna görə də, Laçına köç böyük əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, daha 18 ailə də öz doğma yurduna qayıdıb. Düşünürəm ki, bu ilin sonuna qədər daha çox ailə öz torpağına, yurduna qovuşacaq".

Nəzrin ELDARQIZI,

"Respublika".