Araqarışdıran, cığal, xəbis mövqe
Siyasət

Araqarışdıran, cığal, xəbis mövqe

İkinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan Rusiyadan uzaqlaşıb Qərbə yaxınlaşma siyasəti aparır. Keçən ay silahların qarşılıqlı nəzarət edilməsini təklif edən N.Paşinyan digər tərəfdən Ermənistan ordusunun büdcəsini sürətlə artırır. 2020-ci ildə Ermənistanın müdafiə büdcəsi 762 milyon ABŞ dolları olduğu halda, bu ilin müdafiə büdcəsi 1,37 milyard dollara qaldırılıb. Düşmən ölkə sürətlə silahlanmağa davam edir və bu işdə onun ən yaxın tərəfdaşı Fransadır.

Güdükdə dayanan bu ölkənin prezidenti E.Makron daxili problemləri ortalıqda qoyaraq Avropanı qarışdırmaqla, münaqişələrin üstünə benzin tökməklə, Ermənistana havadarlıq etməklə məşğul olur. Aydın görünən odur ki, yelkənsiz gəmiyə bənzəyən Ermənistan hazırda özünə etibarlı "liman" axtarışındadır. Rusiyadan qopmağa çalışan düşmən ölkənin noxtasını indi də Fransa ələ keçirməyə çalışır. Aralıqda qalan, müstəqil siyasət qura bilməyən rəsmi İrəvan Avropa adı altında Fransanı Qafqaza gətirmək istəyir.

Fransa isə cığal uşaqlar kimi gah Türkiyə əleyhinə İraq ərazisində terrorçuları silahlandırır, onlara yeraltı bunkerlər inşa edir, gah NATO-nun qoşunlarının Ukraynaya göndərilməsini gündəmə gətirir, gah da Azərbaycana qarşı qarayaxma, böhtan kampaniyası aparır. Xalis araqarışdıran, qoca, qartımış Fransanın dişsiz hərəkətləri bir çox ölkələrdə, o cümlədən Rusiyada, Türkiyədə, Azərbaycanda və İranda hiddətlə qarşılanır. Rusiya Prezidenti V.Putin fevralın 29-da federal məclisə ünvanladığı 2 saat 6 dəqiqəlik müraciətində dünyada gedən proseslərlə bağlı geniş açıqlamalar verdi. Açıq mətnlə bildirdi ki, Qərb Ukraynada, Şərqdə və dünyanın digər bölgələrindəki müharibələri qızışdırır. Guya ölkəsinin Avropaya hücum edəcəyi haqqındakı açıqlamaları isə sərsəmlik adlandırıb. Ardınca isə Makrona xitabən bildirib ki, Fransanın ara qarışdırmaqla apardığı kirli siyasət heç zaman uğur qazana bilməyəcək. Rusiya dövlət başçısı Makrona fransalı Napoleonun aqibətini xatırladıb. Azərbaycan Prezidenti İlham Əliyev də düşmən ölkəni silahlandırmağa çalışan ölkələrə qəti xəbərdarlıq edib. Ermənistan və Fransa bölgədəki silahlanma siyasətinə son qoymalıdır. Bu ölkələr bölgədə sülh və işbirliyindən başqa alternativin olmadığını anlamalıdırlar.

Salman ALIOĞLU,

"Respublika".