Anklav kəndlərin qaytarılması ölkəmizin ərazi bütövlüyünün tərkib hissəsidir
Siyasət

Anklav kəndlərin qaytarılması ölkəmizin ərazi bütövlüyünün tərkib hissəsidir

Son zamanlar xüsusilə, Azərbaycan və Ermənistan arasında münasibətlərin sülhə doğru irəlilədiyi bir məqamda işğal altında qalan 8 kəndin geri qaytarılması ilə bağlı məsələ aktuallaşıb. Əsasən, sovet dövründə yaranan anklav kəndlərin 7-si Qazax rayonunun – Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Bağanis Ayrım, Qızılhacılı və Xeyrimli kəndləridir. Bunların içərisində Yuxarı Əskipara, Barxudarlı və Sofulu Ermənistan ərazisində, işğal altında olan Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna daxildir və Ermənistanın ərazisi ilə əhatə olunan anklavdır. Xatırladaq ki, anklav kəndlərimiz Ermənistanın Tovuz və Ararat vilayətlərinin əhatəsində yerləşir. Bu yaşayış məntəqələri Birinci Qarabağ müharibəsi  zamanı ermənilər tərəfindən işğal olunub. Həmin dövrdən də kəndlərin heç birində azərbaycanlı sakin qalmayıb. Yaşadıqları yurdlarını tərk etmək məcburiyyətində qalan əhali hazırda Qazax rayonu ərazisində məskunlaşıb. Bu gün Azərbaycan haqlı olaraq həmin kəndlərin boşaldılmasını qarşı tərəfdən tələb edir. İkinci Qarabağ müharibəsi və bir günlük antiterror əməliyyatlarından sonra Azərbaycan işğal altında olan torpaqlarını azad etsə də sözügedən 8 kənd hələ də erməni işğalında qalır. Ölkəmizin rəsmi mövqeyi ondan ibarətdir ki, iki dövlət arasında sərhədlərin delimitasiya prosesi çərçivəsində bu kəndlər qeyd-şərtsiz qaytarılmalı və heç bir danışıqlar predmeti olmamalıdır. Ermənistan manipulyasiya edir, amma dolayı yolla bildirir ki, bu kəndlər onlara aid deyil.

Dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların martın 7-də 7-ci görüşü zamanı delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə mühüm addımlar atılıb. İlkin mərhələdə Azərbaycan tərəfi 4 kəndin qaytarılmasını tələb etmişdir. Məlumdur ki, işğal altında olan 8 kəndlə bağlı Ermənistan daxilində fikir ayrılığı var. Məsələnin həlli istiqamətində Paşinyan ölkədaxili qüvvələrdən ehtiyat edərək, sərhədlərin delimitasiyası məsələsini ləngidir. İkinci Qarabağ müharibəsinin bitməsindən 3 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də 8 kəndin azad edilməsi istiqamətində Ermənistan heç bir addım atmayıb. Qonşu dövlət kənar qüvvələrin müdaxiləsi nəticəsində tərəddüd keçirsə də, Azərbaycan tərəfi məsələnin danışıqlar yolu ilə həllinə üstünlük verir. Qarşıda duran əsas vəzifə Ermənistanla sərhədlərimizin müəyyənləşdirilməsidir. Bunun üçün də sadəcə sovet dövrünə aid bir deyil, bir neçə xəritədən istifadə olunacaq. Ermənistan baş naziri 1975-ci ilin xəritələrini gündəmə gətirməyə çalışsa da, həmin xəritələrdə anklavlar göstərilməyib. Bu isə Paşinyanın demarkasiya və delimitasiya işlərini anklavlar istisna olmaqla aparmaq istədiyinin sübutudur. Azərbaycan tərəfi prosesin 1990-1993-cü illərin xəritələri əsasında həyata keçirilməsini daha məqsədəuyğun hesab edir.

Baş nazir Nikol Paşinyanın martın 12-də keçirdiyi mətbuat konfransında Tovuz rayonuna bitişik olan kəndləri Azərbaycana qaytarmağa hazır olduğunu təsdiqləyib. Baş nazir bildirir ki, bu kəndlər Ermənistanın suveren ərazisində deyil, 1990-cı illərdə müharibə nəticəsində nəzarətə götürülüb. Əgər Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometr olan ərazi bütövlüyünü tanıması ilə bağlı açıqlama verirsə, o zaman, anklav kəndlərlərin qaytarılmasını da təmin etməlidir. Qədim Azərbaycan torpaqlarında özlərinə dövlət quran haylar çox yaxşı bilirlər ki, onlar buralara gəlmədir. Nəinki 8 anklav kənd, bütövlükdə Ermənistan özü qədim Azərbaycan ərazisində yerləşir. Dövlətimiz 30 illik işğala son qoyaraq Qarabağ və Şərqi Zəngəzur torpaqlarını azad etdiyi kimi, anklav kəndlərini də erməni əsirliyindən xilas etməkdə israrlıdır. Eyni zamanda həmin kəndlərin geri qaytarılmasını tələb edərkən onların ətrafındakı ərazilərin də təhvil verilməsi məsələsini gündəmə gətirir. Qazağın anklav kəndləri geri qaytarılarkən onların ətrafındakı ərazilər mütləq boşaldılmalıdır. Çünki anklavlar təhvil verildikdə o kəndlərə qayıdacaq əhalinin başqa bir dövlətin ərazisindən gediş-gəlişi çətinliklər törədəcək.

Ramidə YAQUBQIZI,

“Respublika”.