Ankarada TDHİT-nin Qurultayı
Türk dünyası

Ankarada TDHİT-nin Qurultayı

Noyabrın 29-da Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) Qurultayı keçirilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin, Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyasının (TÜRK-İŞ) sədri Ərgün Atalay, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Emil Kızayev, Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov və nümayəndələr iştirak ediblər.

İştirakçıları salamlayan Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov Türk dövlətləri arasında ikitərəfli və çoxtərəfli münasibətlərdən, həmrəyliyə nail olunması istiqamətində görülmüş işlərdən danışıb, həmçinin TDHİT-nin yaradılmasının səbəblərindən və əhəmiyyətindən bəhs edib, qurultayın işinə uğurlar arzulayıb.

AHİK sədri Səttar Möhbalıyev Türk dövlətlərinin sıx dostluq və qardaşlıq münasibətlərindən, bu istiqamətdə son illərdə ölkə rəhbərləri səviyyəsində görülən effektli işlərdən və təşkil olunan qarşılıqlı səfərlərdən, göstərilən dəstəkdən, əlaqələrin möhkəmlənməsində və inkişafında Türk Dövlətləri Təşkilatının (TDT) səmərəli fəaliyyətindən söz açıb. Bildirib ki, son iki il ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərə 20 səfər edib: "Qardaş dövlətlərin rəhbərlərinin də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərləri olub. Dövlət başçıları səviyyəsində təşkil olunan bu cür qarşılıqlı səfərlər, imzalanan sənədlər ölkələrimiz arasında əlaqələrdə yeni-yeni səhifələr açır. Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə yatırıb. Artıq birgə sərmayə fondlarının yaradılması prosesinə də başlanılıb, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb".

Qardaş ölkələrin həmkarlar ittifaqları səviyyəsində əlaqələrindən söz açan millət vəkili qeyd edib ki, TDHİT məhsuldar fəaliyyəti ilə işçilərin mənafeyinin və əmək hüquqlarının, həmkarlar ittifaqı hüquqlarının və fəaliyyət azadlığının, onun cəmiyyətdə yeri və rolunun səmərəli müdafiəsi üçün səylərimizi birləşdirəcək və həmrəylik nümayiş etdirərək böyük nailiyyətlərə imza atacaq.

Tədbirdə Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalinin, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Emil Kızayevin çıxışları da dinlənilib.

Həmçinin Türkiyənin keçmiş baş naziri, TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım qurultayda çıxış edərək AHİK sədri Səttar Möhbalıyev və TÜRK-İŞ sədri Ərgün Atalayın bilavasitə təşəbbüsü ilə belə bir təşkilatın yaradılmasını alqışlayıb və bunun Türk dünyasının həmrəyliyi üçün əlamətdar hadisə olduğunu vurğulayıb, habelə təşkilatın fəaliyyətinə uğurlar arzulayıb.

Qurultayda təşkilati məsələlərə baxılıb. Səs çoxluğu ilə TÜRK-İŞ-in sədri Ərgün Atalay TDHİT-nin prezidenti, AHİK sədri Səttar Möhbalıyev Birinci vitse-prezident, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Emil Kızayev və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Bəxtiyar Məhmətəliyev vitse-prezidentlər, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin isə baş katib seçilib. Həmçinin TDHİT Şurasının yeni tərkibi təsdiqlənib.

Qeyd edək ki, AHİK-in katibi - Aparat rəhbəri Həsən Cəfərov TDHİT baş katibin müavini seçilib. Həmçinin AHİK sədrinin müavinləri - Musa Mirzəyev, Aqil Dadaşov, Hikmət Osmanov və Qəzənfər Abdullayev təşkilatın rəhbərliyində ehtiyat üzv olaraq təmsil olunurlar.

"Respublika".