Türkiyə tarixinin ən qüdrətli çağını yaşayır
Türk dünyası

Türkiyə tarixinin ən qüdrətli çağını yaşayır

Tarixinin ən qüdrətli çağını yaşayan Türkiyə Cümhuriyyəti son iki onillikdə iqtisadiyyat, müdafiə sənayesi, səhiyyə, turizm, təhsil və digər sahələrdə inkişaf mərhələsinin ən pik həddinə çatıb. Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişindən sonra ölkəsini qərbin "caynağından" xilas edərək müstəqil siyasət yürüdən Türkiyə modelini yaratmışdır. "Yurdda sülh, cahanda sülh" prinsipini rəhbər tutan qardaş ölkə regional dövlət kimi bölgədə sülhün qarantı, qlobal dünyada isə sözünə hörmət qoyulan, hər kəsin hesablaşmalı olduğu dövlətdir. Xarici siyasətində əsası azadlıq ilə təhlükəsizlik arasında tarazlığın müəyyən edilməsi əsas prioritetdir. Bu gün Türkiyə dünyanın müxtəlif bölgələri - Afrika, Yaxın Şərq, Cənubi Qafqaz, Şərqi Avropada qlobal məsələlərin həllində iştirak etməklə geniş əhatəli xarici siyasət yeridir. Bununla yanaşı, Türkiyə Cümhuriyyəti dinc yaşama, qarşılıqlı hörmət, dostluq, həmrəylik və müxtəlif mədəniyyətlər, ideologiyalar və dinlər arasında əməkdaşlıq prinsiplərinə əməl edir. Həmçinin qardaş ölkə "3-cü dünya ölkələrinə" kömək əlini uzadır.

Türkiyə artıq dünyada aqrar ölkə deyil, sənaye ölkəsi kimi tanınır. Ələlxüsus müdafiə sənayesində müasir standartlara cavab verən "Baykar" şirkətinin məhsulları olan "Bayraktar TB2" pilotsuz təyyarəsi ən yaxşı dronlar kimi tanınır. Son bir il ərzində 18 yeni ölkə ilə ixrac müqaviləsi imzalanıb və ümumilikdə "Baykar" PUA sılahlarına maraq göstərən dövlətlərin sayı 27-yə çatıb. Təkcə 2022-ci ildə istehsal etdiyi məhsulların ixracatından 1,18 milyard dollar gəlir əldə olunub. "Baykar"ın növbəti hərbi sənaye uğuru "Bayraktar TB3"ün təqdimatı Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə 27 aprel - 1 may tarixləri arasında İstanbul Atatürk Hava Limanında keçiriləcək TEKNOFEST 2023 sərgisində ilk dəfə ictimaiyyətə nümayiş etdiriləcək. "Bayraktar TB3" qatlana bilən qanad quruluşu ilə "TCG Anadolu" kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb-enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq.

Türkiyənin daha bir uğuru olan TUSAŞ şirkəti tərəfindən istehsal edilən iki ədəd T129 "Atak" hücum helikopteri qəbul sınaqları başa çatdıqdan sonra Filippin Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib. Türkiyə dünyada azsaylı ölkələrdəndir ki, 5-ci nəsil qırıcıları istehsal etmək qabiliyyətindədir. Tamamilə daxili imkanlar hesabına istehsal olunacaq. Qırıcı öz analoqlarından fərqlənib, radarlarda görünmür, uzun müddət havada qalır və bütün keyfiyyətlərinə görə F-16 və F-35 qırıcılarını üstələyir. 2023-cü ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub. Dünyanın ilk silahlı pilotsuz uçuş aparatı (PUA) gəmisi və Türkiyənin ən böyük hərbi gəmisi TCG Anadolu təntənəli şəkildə Dəniz Qüvvələri Komandanlığına təhvil verilib. Açılış mərasimində 2025-ci ildə istifadəyə veriləcək "Kızılelma"nın istehsal olunduğu bildirilib. Türkiyə xalqının əməyi nəticəsində ərsəyə gələn "Togg"un istehsalına başlanması da bu baxımdan yaxşı nümunədir. Türkiyənin ilk yerli "TOGG" elektromobilin sifarişçiləri artıq 100 minlərlədir. Ekspertlərin bildirdiyi kimi, qardaş ölkənin 60 illik xəyalı artıq realdır.

Türkiyə 2022-ci ildən etibarən "ballistik raket ixracatçısı" ölkələrindən birinə çevrilib. "Roketsan" tərəfindən istehsal edilən "Khan" ballistik raketi daxili inventarla təmin olunmaqla yanaşı, xarici ölkələrin də maraq dairəsindədir. Ümumiyyətlə, "Roketsan" şirkəti əldə etdiyi uğurlara görə "Dünyanın 100 Ən Yaxşı Müdafiə Sənayesi Şirkəti" siyahısına daxildir. "Khan" raketi ilə radar mövqeləri, cəmləşmə sahələri, kritik obyektlər, artilleriya və hava hücumundan müdafiə sistemləri kimi yüksək prioritet hədəfləri vurmaq olar.

Türkiyə son illərdə sürətli iqtisadi artım nümayiş etdirərək bölgədə mühüm aktora çevrilib. Rəcəb Tayyib Ərdoğan 2002-ci ildə baş nazir vəzifəsinə gələndən bəri Türkiyənin Ümumi Daxili Məhsulu (ÜDM) 3 dəfə artaraq 2019-cu ildə 754 milyard dollara çatıb. Ərdoğanın dövründə Türkiyənin iqtisadi artımını dəstəkləmək üçün bir çox islahatlar aparılıb.

Vergi islahatı Türkiyə vergi dərəcələrini aşağı salaraq bizneslərə və istehlakçılara daha çox pula qənaət etməyə imkan verdi. Bu, istehlakçıların daha çox xərcləməsi və müəssisələrin daha çox sərmayə qoyması ilə nəticələndi.

Türkiyə dövlət maliyyəsində nizam-intizamı təmin etmək üçün bir sıra tədbirlər gördü. Bu tədbirlərə dövlət xərclərinin, dövlət borcunun azaldılması və büdcə kəsirlərinə nəzarət daxildir. Türkiyənin iqtisadi artımı həm də sektorların diversifikasiyası və ticarət tərəfdaşlarının şaxələndirilməsi ilə dəstəklənib. İnşaat, xidmət, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sektorlarda artım əldə edilib. Bundan əlavə, Türkiyənin ticarət tərəfdaşları arasında Aİ, Çin, Rusiya və ABŞ kimi müxtəlif ölkələri əhatə edən daha geniş ticarət şəbəkəsi var. Nəticədə, Türkiyə son illərdə əhəmiyyətli iqtisadi artım nümayiş etdirdi. Bu uğurlar hökumətin iqtisadi islahatlara və sektorların şaxələndirilməsinə diqqət yetirməsinin nəticəsidir.

İqtisadi əməkdaşlıq baxımından, Azərbaycan-Türkiyə əlaqələri kifayət qədər genişdir. Türkiyə Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və 2020-ci ildə Azərbaycanla ticarətin həcmi 4,2 milyard dollara çatıb. İki ölkə arasında ticarət kənd təsərrüfatı, tikinti, enerji və turizm kimi bir çox sahədə həyata keçirilir. Bundan başqa, Türkiyənin Azərbaycana yatırdığı investisiyalar da çox önəmlidir. Bu investisiyalara enerji, telekommunikasiya, bankçılıq və turizm sektorları daxildir. Türkiyə Azərbaycana hərbi yardım göstərməklə Azərbaycan ordusunun müharibədə daha güclü və üstün olmasına kömək etdi, pilotsuz uçuş aparatları (İHA - İnsansız Hava Aracları), silahlı pilotsuz uçuş aparatları (SİHA - Silahlı İnsansız Hava Aracları), İHA və SİHA operatorları, hərbi məsləhətçilər, taktiki məlumat və təlim dəstəyi, tibbi ləvazimat və cihazlar, sursat və logistika dəstəyi göstərdi.

Bu yardımlar Azərbaycan ordusunun qüdrətini artırdı, müharibədə üstünlüyünü təmin etdi. Türkiyənin yardımı Ermənistanın işğal etdiyi torpaqların geri qaytarılmasına töhfə verdi.

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında sıx əlaqələr Türkiyə ilə Azərbaycan arasındakı tarixi-mədəni bağlara və ortaq maraqlara əsaslanır. İki lider arasındakı bu sıx əməkdaşlıq regional sülh, sabitlik və rifah üçün mühüm rol oynayır.

Musa BAĞIRLI,

"Respublika".