Amerika və Avropanın aparıcı ravvinləri Azərbaycana qara yaxılması və erməni təbliğatçılarının Holokost mövzusundan istifadəsinə qarşı çıxır
Diaspora

Amerika və Avropanın aparıcı ravvinləri Azərbaycana qara yaxılması və erməni təbliğatçılarının Holokost mövzusundan istifadəsinə qarşı çıxır

Bu ilin may ayından etibarən İsraildəki ermənipərəst fəallar ABŞ-ın erməni təşkilatlarından aldıqları vəsaitlər hesabına İsrail və yəhudi-amerikan KİV-lərində sol liberal yönümlü materiallar yayaraq, onları Azərbaycana dəstəkdən əl çəkməyə çağırıblar.

AZƏRTAC xəbər verir ki, onlar əsas arqument kimi Holokost soyqırımından sağ çıxan yəhudilərin indi guya Qarabağda ermənilərin “soyqırımına şərik” olmaları tezisini irəli sürüblər. Beləliklə, Azərbaycanla hərbi-strateji tərəfdaşlıqdan imtinaya məcbur etmək məqsədilə İsrail rəhbərliyinə təzyiq etməyə cəhd edilir.

Lakin bu çirkin kampaniyanın təşkilatçılarının İsrail rəhbərliyinə real təsir rıçaqları yoxdur. İsraildə daha çox rezonans doğuran dünyanın hər yerindən olan ravvinlərin İsrail, Amerika, Fransa və digər ölkələrin mediasında çıxış edərək, Ermənistan rəhbərliyini Azərbaycana qara yaxılması və təbliğat məqsədləri üçün Holokostun rüsvayçı istismarını qınayan cavab kampaniyası oldu.

Dünyanın əksər ölkələrindən olan bir çox tanınmış ravvinlər Azərbaycana qara yaxılmasına və erməni təbliğatının Holokost mövzusundan istifadəsinə qarşı çıxış edib, bütün İsrailin on minlərlə sinaqoqlarında bu cür bəyanatlarla qətiyyən razılaşmayan ravvinlərin çıxışları elan olunub.

Almaniyanın Saksoniya əyalətindən olan ravvin Jolt Balla öz şəxsi feysbuk səhifəsində dünyanın hər yerindən nüfuzlu ravvinlərin Azərbaycanın gözdən salınması və erməni təbliğatı tərəfindən Holokost mövzusundan istifadə edilməsinə qarşı kampaniyasını dəstəkləyərək yazır: "Mən həmkarlarıma qoşuluram və onların fikirlərini bölüşürəm...".

İsrailin ən böyük rusdilli nəşri “Vesti”nin qeyd etdiyi kimi, Amerika və Avropanın 18 aparıcı ravvini də Azərbaycanı dəstəkləyib. Məqalədə deyilir: “Beləliklə, onlar Bakı ravvini Zamir İsayevin Azərbaycanın “Qarabağda erməni soyqırımı” ilə bağlı ittihamlarının uydurma olduğunu sübut edən sənədli sübutları təqdim edən videomüraciətinə cavab veriblər”.

Latın Amerikasındakı yəhudi diasporunun əsas media orqanlarından biri olan Argentinanın “Visaviss” internet nəşri də Bakı ravvini İsayevin dünya yəhudilərini Azərbaycana qara yaxılmasına və erməni təbliğatının Holokost mövzusundan istifadəsinə qarşı çıxmağa çağıran müraciətini dərc edib. Məqalədə Qarabağda ermənilərin “soyqırımı” ilə bağlı rəsmi Bakıya qarşı ittihamlar “böhtan kampaniyası” adlandırılıb.

Azərbaycana qara yaxılmasına və erməni təbliğatı tərəfindən Holokost mövzusunun istifadəsinə qarşı müraciətə Latın Amerikası Ravvinlər Konfransının təsisçisi, Argentina-İsrail Qarşılıqlı Yardım Assosiasiyasının (AMIA) prezidenti və Avropa Ravvinlər Konfransının üzvü Eliyaxu Hamara, Panamanın Baş ravvini David Peretz, Çilidəki Sefard icmasının ravvini Eliyaxu Tamim də qoşulublar.

Bu il avqustun 25-də Bakı ravvini Zamir İsayev özünün feysbuk səhifəsində ivrit və ingilis dillərində dünya yəhudilərinə videomüraciət yerləşdirib və son iki gündə əsas yəhudi dini mediası bu mesajın mətnini dərc etməklə yanaşı, həm də ona dəstək veriblər.

  Bütün dünya ravvinlərinin erməni təbliğatını pislədiyini vurğulayan İsrailin ingilis dilində ən nüfuzlu nəşri olan “The Jerusalem Post” yazır: “Azərbaycan yəhudi icması... yəhudi rəhbərliyinə müraciət edir ki, İranın müttəfiqləri tərəfindən Holokostdan Qarabağ regionunda davam edən böhranla əlaqədar istifadəni pisləsin”. “The Jerusalem Post” bildirir ki, bu müraciət artıq dünyanın bir çox nüfuzlu ravvinləri tərəfindən dəstəklənib.

Analoji yazılar avqustun 27-28-də İsrail və Fransanın, digər ölkələrin dini yəhudi nəşrlərində - “Israel National News”, INN, “Actualic”, həmçinin “Shaharit”, “Kountrass” qəzetlərində dərc edilib.

İsrailin “Kikar” dini nəşri yazır: “Ermənistanın İranın himayəsi altında həyata keçirdiyi Azərbaycanı qaralamaq üzrə beynəlxalq kampaniya bütün dünyada nüfuzlu ravvinlərin hiddətinə səbəb olub”.

Ukraynadakı Odessa yəhudi dini icmasının rəhbəri Şlomo Bakşt özünün feysbuk səhifəsində Bakı ravvini Zamir İsayevin "The Jerusalem Post"da dərc edilmiş dünyadakı yəhudiləri Azərbaycanı qaralamağa və erməni təbliğatının Holokost mövzusundan istifadəsinə qarşı çıxmağa çağıran müraciətinin linkini yerləşdirib. “İstənilən “müqayisə” Holokost müqəddəslərinin (qurbanlarının) xatirəsinə təhqirdir”, - deyə Bakşt İsayevin müraciətində sitat gətirdiyi erməni “xadimlərinin” bəyanatlarına cavab olaraq yazıb: “Ermənistanın baş naziri Paşinyan AFP-yə müsahibəsində azərbaycanlıları anklavda "əsl getto" yaratmaqda ittiham edib və guya bu, "növbəti Holokosta hazırlıqdır". Separatçıların nümayəndəsi Vardanyan hətta bəyan edib ki, “ermənilərin iztirabları Holokost qurbanlarının çəkdiyi əzablardan daha çoxdur...”.

İsrailin dini nəşri “Matzav Ha-Ruah” yazır: “Ermənistan hökumətinin başçısı Paşinyanın dediyi kimi, Azərbaycan hakimiyyətinin “daha bir Holokosta hazırlıq” məqsədilə Qarabağın erməni sakinləri üçün “əsl getto” yaratması ilə bağlı ittihamları bütün dünyada ravvinlərin qəzəbli qınaq dalğasına səbəb oldu ...".

Ötən həftənin sonunda - cümə və şənbə günləri qəzetin bu buraxılışı bütün İsraildə səksən sinaqoqa pulsuz paylanılıb.

AZƏRTAC