Fransanın forpostuna çevrilmiş UNESCO
Siyasət

Fransanın forpostuna çevrilmiş UNESCO

Bəzi beynəlxalq və regional təşkilatların anti-Azərbaycan mövqeyi İkinci Qarabağ müharibəsindən sonra daha da kəskinləşib.

Halbuki həmin təşkilatların əsas iş prinsipi irqindən, dinindən, cinsindən asılı olmayaraq beynəlxalq hüququn və öz nizamnaməsinin şərtlərinə əməl etmək, xalqlar arasında əməkdaşlığı genişləndirmək yolu ilə sülhə və təhlükəsizliyə xidmət etməkdir.

Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri 30 il ərzində ekoloji terrora, dini və mədəniyyət abidələri dağıntıya məruz qalsa da, heç bir təşkilat bu məsələ ilə bağlı ciddi tədbir görməyib. Lakin Vətən müharibəsindən, xüsusilə də Qarabağda yerləşən separatçı rejimin süquta uğradılmasından sonra xristian təəssübkeşləri dərhal tarixi, mədəni və dini abidələrin "mühafizəkarlarına" çevrildilər. Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO-da ikili standartlardan kənarda qala bilməyən, ermənipərəst təşkilatlar sırasına daxil olan təsisatlardandır. UNESCO özünü hazırda BMT-nin qurumu kimi deyil, Fransanın forpostu kimi aparır. Təşkilatın mənzil-qərargahının Parisdə yerləşməsi və baş direktor vəzifəsini icra edənin vaxtilə Fransanın mədəniyyət naziri olması da deyilənlərə əsas verir. Əminliklə demək olar ki, təməl missiyası humanizm prinsiplərinin təbliğinə və təşəkkül tapmasına xidmət etməkdən ibarət olan UNESCO bu gün Fransanın siyasi alətinə çevrilib. Fransanın Qarabağ məsələsində tutduğu ədalətsiz mövqeyi özündə əks etdirən UNESCO dövlətimiz tərəfindən işğala məruz qalmış Azərbaycan ərazilərinə dəvət edilsə də, qurum rəsmi Bakının çağırışlarına heç vaxt əhəmiyyət verməyib. Ancaq erməni işğalçıları məğlubiyyətə uğradıqdan sonra Qarabağ bölgəsinə səfər etməyi planlaşdıran UNESCO-nun əsl niyyəti üzə çıxıb. Rəsmi Bakı təşkilatın bu səfərinə icazə verib və Ağdamdan keçməklə Xankəndiyə getməyin mümkünlüyünü bildirib. Lakin UNESCO bu təkliflə razılaşmayıb və birbaşa Xankəndiyə səfər etmək niyyətində olduğunu qeyd edib. Bununla da UNESCO növbəti dəfə özünü rəzil duruma salıb. Artıq əminliklə söyləmək olar ki, "Qafqazın Xirosiması" adlandırılan Ağdama səfər etməkdən çəkinən təşkilatın bundan sonra bəşəriyyətə hər hansısa bir töhfə verəcəyi inandırıcı görünmür.

Ölkəmizə qarşı bu cür riyakar yanaşma Azərbaycan-UNESCO əməkdaşlığına da ciddi zərbə vurur. Dövlət başçısı İlham Əliyev də təşkilatın riyakar və ermənipərəst mövqeyini dəfələrlə tənqid edib və UNESCO-nun hər hansı bir ölkənin filialı olmadığını deyib.

Təşkilatın Qarabağdakı xristian mədəni irsi ilə bağlı narahatlıqlarını dilə gətirməsi bir daha burada müsəlmanlara qarşı dini ayrı-seçkiliyin olmasına ən bariz nümunədir. Amma əzəli Azərbaycan ərazilərində vandal ermənilər tərəfindən 67 məsciddən 65-nin tamamilə dağıdılması heç zaman UNESCO-nun gündəmində olmayıb, bunun əksinə, Azərbaycan səbəbsiz yerə kilsələrin dağıdılmasında ittiham edilib. Buna cavab olaraq ölkə başçısı Zəngilana səfəri çərçivəsində Azərbaycanı günahlandıran UNESCO və Avropa Şurasını dağıdılan məscidlərə etinasız qalmamağa çağırmışdı: "Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək?".

Təbii ki, qarşı tərəf dövlət başçısının bu suallarına cavab verə bilməyəcək. Çünki "beynəlxalq məmur" adlandırılanlar hər zaman Azərbaycana qarşı törədilən cinayətlərdə özlərini eşitmə və görmə məhdudiyyətli insanlar kimi aparıblar.

Musa BAĞIRLI,

"Respublika".