Azərbaycan səfiri etimadnaməsini Surinam Prezidentinə təqdim edib
Siyasət

Azərbaycan səfiri etimadnaməsini Surinam Prezidentinə təqdim edib

Azərbaycanın iqamətgahı Braziliya şəhərində olmaqla, Surinamdakı səfiri Rəşad Novruz etimadnaməsini bu ölkənin Prezidenti Çandrikapersad Santoxiyə təqdim edib.

"Respublika" xəbər verir ki, ölkəmizin Braziliyadakı səfirliyindən bildirilib ki, Prezident sarayında təşkil olunan mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə Prezident Çandrikapersad Santoxi ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib, siyasi, humanitar, iqtisadi, ərzaq təhlükəsizliyi, neft-qaz sahələrində əməkdaşlığın potensialını yeni səviyyəyə qaldırmaq, çoxtərəfli diplomatik təmasların və qarşılıqlı dəstək razılaşmalarının sayını artırmaq arzusunda olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərində qazandığı qələbə və ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb. Eyni zamanda, səmimi salamlarını və xoş arzularını Prezident İlham Əliyevə yetirməyi xahiş edib.

Səfir R.Novruz Prezident İlham Əliyevin salamlarını Surinamın rəhbərinə çatdırıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli müstəvidə, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa söykənən münasibətlərin olduğu məmnunluqla qeyd edilib. Bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Paramariboya səfər çərçivəsində R.Novruz, həmçinin Surinamın xarici işlər naziri və digər dövlət rəsmiləri ilə görüşlər keçirib. Görüşlərdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mümkün əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Qeyd edək ki, hazırda Surinam neft bumu yaşayır və müxtəlif ölkələrdən, o cümlədən ABŞ, Çin və Avropadan xarici sərmayələri cəlb edir. Ölkə dağ-mədən sənayesi ilə yanaşı, kənd təsərrüfatı sahəsini də inkişaf etdirir. Surinam əvvəllər Hollandiyanın müstəmləkəsi, daha sonra isə Niderland Krallığının tərkibində muxtar ölkə olub. 1975-ci ildə tam müstəqilliyini qazanıb. Əhalisinin yalnız 13 faizinin müsəlman olmasına baxmayaraq, Surinam İslam Əməkdaşlıq Təşkilatının üzvüdür.