Akademik Teymur Bünyadov II Fəxri xiyabanda dəfn edilib
Sosial həyat

Akademik Teymur Bünyadov II Fəxri xiyabanda dəfn edilib

Görkəmli tarixçi-etnoqraf alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi, "Şöhrət" və "Şərəf" ordenləri laureatı, akademik Teymur Bünyadov II Fəxri xiyabanda dəfn edilib.

AZƏRTAC xəbər verir ki, vida mərasimində akademiyanın bir sıra elmi müəssisə və təşkilatlarının rəhbərləri, Milli Məclisin deputatları, elmi ictimaiyyətin nümayəndələri və mərhumun ailə üzvləri iştirak ediblər.

Alimin məzarı önünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından əklil qoyulmuşdu.

Vida mərasimində AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov akademik Teymur Bünyadovun Azərbaycan elminə töhfələrindən, elmi-pedaqoji və ictimai fəaliyyətindən danışıblar.

Vurğulanıb ki, Teymur Bünyadov respublikada arxeologiya və etnoqrafiya elmləri sahəsində tarix elmləri doktoru dərəcəsini almış ilk alim olub. Onun fəaliyyəti daha çox Azərbaycanın arxeologiya və etnoqrafiya elmi ilə bağlı idi. Yorulmaz tədqiqatçı 35 monoqrafiyanın və 800-dən çox məqalənin, o cümlədən xarici ölkələrdə (Rusiya, İran, Türkiyə, Ukrayna, Norveç və s.) nəşr olunmuş əsərlərin müəllifi idi.

Mərhumun ailəsi adından çıxış edən Bakı Slavyan Universitetinin kafedra müdiri dosent Əsgər Əhməd akademik Teymur Bünyadovun xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirib.

Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun II Şıxlı kəndində doğulub, orta məktəbi qızıl medalla bitirərək 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olub. Moskvada SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasında təhsil alıb, dünyaşöhrətli qafqazşünas alim Y.İ.Krupnovun rəhbərliyi ilə "Tunc dövründə Azərbaycanda əkinçilik və maldarlıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1955-ci ilin may ayında Azərbaycan EA Tarix İnstitutunda elmi fəaliyyətə başlayıb. Həmin ildən onun bütün həyatı və elmi fəaliyyəti Azərbaycan EA-nın Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutu ilə bağlı olub.

Alim 1968-ci ildə "Azərbaycanın qədim və Orta əsrlər dövrü təsərrüfat həyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 1970-ci ildə professor elmi adına layiq görülüb. O, 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilib.

O, elmi və bədii yaradıcılıqla yanaşı, pedaqoji sahədə də səmərəli fəaliyyət göstərib. Uzun illər Bakı Dövlət Universitetində, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində "Azərbaycan tarixi", "Qədim dünya tarixi" və "Arxeologiya" fənlərindən dərs deyib.

Teymur Bünyadov respublikanın ictimai həyatında da fəal iştirak edib. 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. O, həmin müddətdə Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri olub.

Akademikin səmərəli elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, 2008-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb, 2005-ci ildə "Şöhrət" ordeni, 2018-ci ildə isə "Şərəf" ordeni ilə təltif edilib.

AZƏRTAC