QALİBLƏRƏ MÜKAFATLAR TƏQDİM OLUNUB
Region

QALİBLƏRƏ MÜKAFATLAR TƏQDİM OLUNUB

Lənkəran şəhər M. Bağırov adına 1 nömrəli tam orta məktəbin iclas zalında ötən il müxtəlif nominasiyalar üzrə qalib olmuş müəllim və şagirdlərə mükafatlar təqdim edilib.

Mərasimdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, təhsil işçilərinin fəaliyyətindən, fədakarlığından söhbət açaraq region üzrə 42 müəllim və şagirdin ayrı-ayrı nominasiyalar üzrə fərqləndiklərini bildirib.

Qabaqcıl müəllimlərin bir qrupu Elm və Təhsil nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına və Fəxri Fərmanlara layiq görülüb. Beynəlxalq STEAM Azərbaycan Festivalının, Lütfi Zadə adına məntiq olimpiadası və fənn müsabiqələrinin final mərhələlərində də regionun təhsil müəssisələrinin şagirdləri qaliblər sırasında yer alıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev qalibləri təbrik edərək hər birinə yeni nailiyyətlər qazanmağı, təhsil həyatlarında uğurları artırmağı arzulayıb.

Tədbirdə müəllim və şagirdlərin ifasında vətənpərvərlik, qəhrəmanlıq mövzusunda şeirlər səslənib, mahnılar ifa olunub.

Əlisəfa Həsənov,

“Respublika”.