Ağalıya köç davam edir
Sosial həyat

Ağalıya köç davam edir

Bir Vətən mülkünə bax, gör nə gülüstanım var. Bəli, bu gün Azərbaycan başdan-başa bir gülüstana bənzəyir. Yəni, cənnət görmək istəyən, Azərbaycana gəlsin deyimi zamanın şüarına çevrilir. Azad, abad torpağımız, bütöv, tamam sərhədimiz, suveren, müstəqil dövlətimiz. Fəxr, qürur və igidlik meydanı Qarabağımız. Biz səndən ötrü canımızdan, qanımızdan keçdik. Tam otuz il həsrət, hicran odunda yandıq.

Nə ümidimizi itirdik, nə də doğma, əziz yurd-yuvamızı unutduq. Yuxularımızın, arzularımızın çin olacağı günə, tarixə sarı inamlı addımlarla yürüdük. Qarabağ dərdini bir gün belə unutmadıq, qisasa hazır olduq, küldən atəşə döndük. Və nəhayət, 2020-cı il 27 sentyabr tarixində düşmənin növbəti hücumuna əks-hücumla layiqli cavab verdik. Bir yox-birlik nümayiş etdirdik. Dəmir yumruğa dönüb, torpağımızın işğaldan azad edilməsi uğrunda haqlı savaşa qaxdıq. Gərgin döyüşlərdə keçilməz sədləri aşdıq, hər gün, hər saat addım-addım qələbəyə doğru getdik. Cəmi 44 günə düşməni diz üstə çökdürdük. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad edildi. Lakin işğaldan azad edilən kənd və şəhərlərdə çox az sayda dağılmamış bina var idi. Düşmən bu yerlərin infrasturkturunu dağıtmaqla bərabər, həm də təbii sərvətlərini də talan etmişdi. Bütün bunlara son qoymaq və düşmən tapdağında inləyən torpağımızı azad etmək üçün haqlı mübarizəmizi qələbə ilə sonlandırmalı idik. Azərbaycan Silahlı Qüvvələri dünyanı heyrətə salan döyüş əzmi ilə ərazi bütövlüyünü təmin etdi. Nəticədə, ötən 30 illik işğal dövründə Ermənistan tərəfindən dağıdılıb, xarabazara çevrilən evlərimizə, ellərimizə qovuşduq. Hər günü bir tarix olan böyük Qələbə sevincini yaşadıq. Uca zirvələrdə dalğalanan Azərbaycan bayrağının kölgəsində çiçək açdı arzularımız. Artıq məcburi köçkün yox, şuşalı, ağdamlı, laçınlı, zəngilanlı olduq. Öz ocağımıza, ünvanımıza qovuşmağa tələsdik.

Ölkə başçısı İlham Əliyevin hər çıxışlarını səbirsizliklə gözlədik. Çünki bu çıxışlarda yeni müjdələr, mesajlar, sevinclər var idi. Ali Baş Komandan dəfələrlə öz çıxışlarında qeyd etdi: "Biz Qarabağı yenidən quracağıq". Vətən müharibəsinin bitməsindən sonra dövlətin qarşısında duran ən vacib məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin yenidən tikilib qurulması idi. Azərbaycan dövləti bunun da öhdəsindən öz daxili potensialı və gücü hesabına layiqincə gəlir. Bu gün bütün Qarabağda tikinti-quruculuq işləri böyük sürətlə aparılır. İndi buralarda silah səsləri deyil, çəkic, külüng səsləri eşidilir. Ərazi böyük tikinti meydançasına bənzəyir. Prezident İlham Əliyev özü bölgəyə səfərlər edib, işğaldan azad olunmuş ərazilərdə görülən işlərlə yerində tanış olur. Qurulan yeni infrastruktur, "ağıllı kənd" və şəhərlərdə aparılan işlər ondan xəbər verir ki, yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycan üçün deyil, eyni zamanda dünya üçün də əhəmiyyətli zona olacaq. Yeni aeroportların tikilməsi, yolların çəkilməsi, aqroparkların yaradılması və digər beynəlxalq əhəmiyyətli layihələrin icra edilməsi bölgəni həm də turizm məkanı kimi də tanıdacaq. Qarabağ yenidən dirçəlib, cənnətə çevriləcək.

Dövlətimizin həyata keçirdiyi "Böyük Qayıdış" planına uyğun olaraq ötən ilin yay aylarından başlayaraq tikilib istifadəyə verilən şəhər və kəndlərə sakinlərin köçü davam edir. "Ağıllı kənd" layihəsinin ilk uğuru olan Zəngilanın Ağalı kəndi bu işin xoş müjdəsi oldu. Daha sonra bu proses Talışda, Laçında və Füzulidə davam etdirildi. Keçmiş məcburi köçkünlərin qayıdışı böyük həvəs və sevinclə davam etdirilir. Oktyabrın 26-da sübh çağı növbəti köç karvanı üzü doğma yurda sarı yol aldı. "Böyük Qayıdış" proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə 95 nəfərdən ibarət 17 ailənin növbəti köçü baş tutdu. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Bakıdan yola salınan keçmiş məcburi köçkünləri doğma ata-baba yurdlarında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb. 30 illik həsrətdən sonra doğma ocaqlarına qovuşan sakinlərə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər. Onu da qeyd edək ki, bu vaxta kimi Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 150 ailə, 744 nəfər köçürülüb.

Azərbaycan dövləti köçürülmə prosesi ilə yanaşı, həm də sakinlər müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin edilməsini də nəzarətdə saxlayır. Köçürülən sakinlər bölgədə fəaliyyət göstərən müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. Köçürülən əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və digər imkanlar mövcuddur. İşlər bununla yekunlaşmır. Qarşıda daha böyük layihələr və qayıdış planları var. Köçürülmə prosesi 28 oktyabr tarixində yenə həyata keçiriləcək. Həmin gün Ağalı kəndinə növbəti köç baş tutacaq. Bu dəfə isə 24 ailə öz doğma yurdlarına geri qayıdacaq.

Ramidə YAQUBQIZI,

"Respublika".