APREL DÖYÜŞLƏRİ PARLAQ QƏLƏBƏNİN MÜJDƏSİ İDİ...
Sosial həyat

APREL DÖYÜŞLƏRİ PARLAQ QƏLƏBƏNİN MÜJDƏSİ İDİ...

2016-cı il aprelin 2-nə keçən gecədən başlayan və 4 gün davam edən şiddətli savaş tarixə Aprel döyüşləri kimi düşdü. Aprel döyüşləri işğal edilmiş ərazilərin azad olunması yolunda Silahlı Qüvvələrimizin döyüş imkanlarını nümayiş etdirdi. Belə ki, həmin gün bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri mənfur Ermənistan işğalçıları   tərəfindən aramsız güclü artilleriya atəşinə tutuldu.

Azərbaycanın keçmiş təmas xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində  6 nəfər mülki sakin həlak oldu, 26 nəfər isə ağır yaralandı.  Çoxsaylı ictimai və şəxsi mülkiyyətə, eyni zamanda mülki infrastruktura ciddi ziyan dəydi.

Düşmənin hərbi təxribatının qarşısını almaq üçün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə sürətli əks-hücuma keçən Azərbaycan Ordusunun bölmələrinin  qəhrəman əsgər, gizir və zabitləri təcavüzkar Ermənistan ordusuna sarsıdıcı zərbə vurdular. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər və məntəqələr düşmən qüvvələrindən tam azad edildi. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli, Cəbrayıl rayonlarının ərazilərində işğal altında olan hektarlarla torpağımız, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edildi və ora üçrəngli bayrağımız sancıldı. Ümumilikdə, dördgünlük müharibədə 2 min hektardan artıq ərazi tam işğaldan azad edildi. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edildi, 500-dən çoxu isə yaralandı. Bəli, hərb tarixinə Aprel döyüşləri kimi düşən bu savaş,  şanlı Azərbaycan Ordusunun qüdrətini, əsgər və zabitlərimizin vətənpərvərliyini, Vətən uğrunda hər an hər cür fədakarlığa hazır olduqlarını bir daha dünyaya nümayiş etdirdi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə xüsusi olaraq vurğulamışdır: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir. Ordumuzun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir. Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi".

Aprel döyüşləri zamanı Azərbaycan xalqının birlik nümayiş etdirdiyini və bunu bütün dünyanın gördüyünü vurğulayan Lələtəpə istiqamətində gedən döyüşlərin iştirakçısı leytenant Səbuhi Mehdizadə qürurla  bildirib: "Lələtəpə mühüm strateji əhəmiyyətə malik bir yüksəklikdir. Biz həmin yüksəkliyi azad etmək üçün döyüşlərə qatılanda hər birimizdə  ruh yüksəkliyi var idi. Orada fikirləşmirdik ki, yaralana, ölə bilərik. Yeganə düşündüyümüz o idi ki, düşməni məhv edib ərazimizi, mövqelərimizi möhkəmləndirək. Bu yüksəkliyin azad edilməsi böyük uğurdur. Düşmən bizdən çox zəifdir, qorxaqdır. Çünki onlar oranı tərk edərkən öz silahlarını, torpaqlarımızda qurduqları mövqeləri atıb qaçmışdılar". Əməliyyatlar zamanı başından snayper yarası aldığını vurğulayan zabit deyib: "Amma döyüşü tərk etmədim. Düşmən qüvvəsini məhv etdikdən sonra ayağımdan aldığım güllə yarasından sonra hərəkət qabiliyyətimi itirdim. Döyüşçü yoldaşlarım məni xilas etdilər. Hər kəs bizimlə maraqlanırdı, mənəvi dəstək göstərirdi. Qazi olsaq da, amma içimizdəki Vətən sevgisi, dövlətə, millətə inam, Ordumuza olan sevgimiz xidmətimizi davam etdirməyə zəmin yaratdı. İlk növbədə, millətimizin, dövlətimizin qayğısı sayəsində sağlamlığımızı bərpa edib, xidmətimizi davam etdirməyə başlamışıq və Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə hazırıq".

Cəsur kapitan Rauf Musayev isə bildirib: "Mən və döyüş yoldaşlarım həmin ərazidə düşmənin təxribatının qarşısını almaq üçün vuruşduq və əks-həmlə edərək erməniləri o ərazidən çıxardıq. Talış kəndinin ən əsas strateji əraziləri bizim nəzarətimizə keçdi. Düşmənin obyektlərini, texnikalarını, canlı qüvvələrini məhv etdik. Düşmən bizim mərdliyimizdən, döyüş ruhumuzdan qorxurdu. Ermənilər yaralı əsgərləri və meyitləri döyüş meydanında qoyub qaçırdılar. Şəxsi heyət çatışmadığından onlar yaşlı adamların, təcrübəsiz insanların köməyindən istifadə edirdilər. Belə hallar olmuşdu ki, ermənilər qaçan əsgərlərini qollarından top qurğusuna  bağlamışdılar. Bizim ordumuz döyüş ruhu, döyüş əzmi ilə güclüdür, ən müasir silah və texnikamız var. Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik".

2020-ci il sentyabrın 27-də Ermənistan ordusu işğal olunmuş ərazilərimizdən yaşayış məntəqələrimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmağa başladı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz əks-hücum əməliyyatlarına başladı və nəticədə yağı düşmənin işğal altında saxladığı rayonlarımız və yaşayış məntəqələrimiz geri alındı. 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki "Dəmir yumruq" isə düşmənin illər boyu yaratdığı mifi darmadağın etdi.

Bəli, Aprel döyüşləri xalqımızın minlərlə vətənpərvər, igid oğulları müqəddəs vətən torpağının hər qarışı uğrunda canından keçməyə hər an hazır olduğunu mənfur düşmənə, eləcə də bütün dünyaya bəyan etdi. Cocuq Mərcanlıdan başlanan şərəfli yol Şuşada böyük Zəfərlə bitdi.

Zabit XƏLİLOV,

"Respublika".