AFFA Arbitraj Tribunalının növbəti qərarları açıqlanıb
İdman

AFFA Arbitraj Tribunalının növbəti qərarları açıqlanıb

AFFA Arbitraj Tribunalının növbəti qərarları açıqlanıb.

"Respublika" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tribunalın iclasında 3 məsələyə baxılıb.

Premyer Liqanın XII turunun “Sabah”la matçında qırmızı vərəqə gördüyü üçün 4 oyunluq cəza alan “Zirə”nin hücumçusu Vladislav Kulaçın diskvalifikasiya müddəti azaldılıb.

Ukraynalı forvardın müvafiq liqada 1 oyun buraxması nəzərə alınaraq, yerdə qalan müddət (3 qarşılaşma) şərti cəza ilə əvəzlənib və üç aylıq sınaq müddəti təyin olunub.

“Sumqayıt”ın apellyasiya şikayəti isə təmin edilməyib. “Neftçi” ilə XIII tur görüşündə etdiyi hərəkətə görə qırmızı alan “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Samir Abasovun 3 oyunluq cəzası və buna görə kluba kəsilən 1000 manatlıq cərimə qərarı qüvvədə saxlanılıb.

Hazırda “Araz-Naxçıvan”da çıxış edən Tural Bayramlının sabiq klubu “Səbail”lə arasındakı mübahisəli məsələ isə yenidən uzanıb. Kompensasiya tələbinə dair iş üzrə Oyunçuların Statusu və Transferi Komitəsinin qəbul etdiyi qərardan futbolçunun nümayəndəsi Elcan Həsənli tərəfindən verilən şikayətə baxılması iddiaçının özünün, cavabdeh tərəfin nümayəndəsinin iştirakının təmin edilməsi, işin çəkişmə prinsipi əsasında araşdırılması, eləcə də tam hərtərəfli və obyektiv baxışın aparılması məqsədilə təxirə salınıb.