“İrəvan” idman klubunun dünya çempionatında uğurları
İdman

“İrəvan” idman klubunun dünya çempionatında uğurları

Göygöl rayonunda da idmanın kütləviliyinin artırılmasına xüsusi diqqət yetirilir. Bunun üçün də lazımı şərait yaradılıb. Rayonda Olimpiya İdman Kompleksi, Uşaq-Gənclər idman və şahmat məktəbi, bir neçə idman klubu və bölməsi fəaliyyət göstərir. Qərbi Azərbaycan İcmasının daima dəstək verdiyi 2020-ci ildə yaradılan Göygöl rayon “İrəvan” idman klubu nəticələri ilə hər zaman öndə olan klublardandır. Göygöl rayon “İrəvan” idman klubunda 200 nəfərə yaxın idmançı məşğul olur. İdmançıların peşəkarlığını artırmaq, yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaq tutmaq üçün klub mütəmadi olaraq daxili yarışlar, rayon birincilikləri, açıq çempionatlar və kütləvi idman tədbirləri təşkil edir. 1996-cı ildə gənclər arasında, 1998-ci ildə böyüklər arasında Rusiya çempionu olan, Beynəlxalq turnirlərin qalibi və mükafatçısı, 2-ci dan qara kəmər ustası, 24 il məşqçi müəllim işləyən İrəvan idman klubunun direktoru Fəxri Cəfərovun peşəkarlığı və işinə məsuliyyətlə yanaşması sayəsində Göygöl Rayon İrəvan İdman klubunun tərkibində idmanın 6 növü üzrə bölmələr fəaliyyət göstərir. Fəaliyyətə başladığı 2 il müddətində Azərbaycan, Dünya, Avropa çempionatlarından çoxlu sayda qızıl, gümüş və bürünc medallar qazanılıb. 2021-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “ABC JJ” idman növü üzrə Dünya çempionatında 60 kq çəki dərəcəsində qızıl medal qazanan Səbuhi Məmmədov, 2021-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda keçirilən “MMA” idman növü üzrə Avropa çempionatının gümüş mükafatçısı Nail Əzizov və bir neçə idmançıları çempionatdan qızıl medal qazanıblar. 2022-ci ildə Taekvando İTF və Hapkido Federasiyasının keçirdiyi açıq Bakı birinciliyində Klub ən yaxşı nəticə əldə edib. 16 idmançıdan 12 nəfər 1-ci yerə, 2 nəfər 2-ci yerə və 2 nəfər 3-cü yerə layiq görülüb. 1-5 noyabr 2023-cü il tarixdə Yaponiyanın Matsuyama şəhərində keçirilən Ashihara Karate idman növü üzrə Dünya çempionatında Göygöl rayonu “İrəvan” İdman Klubunun idmançıları Musa Musazadə qızıl medalı, Fərman Rəhimov isə bürünc medalı qazanıblar. Bu uğurların bariz nümunəsidir ki, 2022-ci ildə “MMA” Fedarasiyasının keçirdiyi İlin ən yaxşı klubu nominasiyası “İrəvan” idman klubu seçilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Göygöl idmançıları ilə mütəmadi görüşür, onları dinləyir və dəstək olur. Növbəti Dünya çempionatından yüksək nəticələrlə qayıdan idmançılardan Musa Musazadə, Fərman Rəhimov, “İrəvan” İdman Klubunun rəhbəri Fəxri Cəfərov və Göygöl Ashihara Karate İdman Klubunun rəhbəri Cavid Əsgərovla görüşüb əldə etdikləri yüksək nəticələr münasibəti ilə təbrik edib.

Zabit XƏLİLOV,

“Respublika”.