ABADLIQ-QURUCULUQ İŞLƏRİ GENİŞLƏNİR
Region

ABADLIQ-QURUCULUQ İŞLƏRİ GENİŞLƏNİR

Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş inkişaf strategiyası, qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası respublikamızın şəhər, qəsəbə və kəndlərinin simasını köklü şəkildə dəyişmişdir. Bu gün hər bir ailə, hər bir vətəndaş onun real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.

Abadlıq, tərəqqi və yüksəliş, qədim oğuz yurdu, dünyanın nadir incisi olan, nəhəng Qafqazın ən zəngin torpaqlarında yerləşmiş Azərbaycanın, möcüzəli və əfsanəvi məkanlarından olan Naftalanda da aydın müşahidə olunmaqdadır. Şəhərdə həyata keçirilən tədbirlərin həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması infrastrukturların yeniləşməsi, rifah halının daha da yüksəlməsi ilə diqqəti çəkir. Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində, yer üzünün sehrli və ecazkar məkanlarından olan Naftalan öz keçmiş şöhrətini qaytarmış, dünya səviyyəsində təbabəti, təbiəti və qonaqpərvərliyi ilə tanınmışdır.

Şəhər İcra Hakimiyyətinin xidmət sahələrinin rəhbərləri ilə birgə tərtib olunmuş qrafik əsasında keçirdiyi səyyar görüşlərdə vətəndaşlar fərdi dinlənilir, onların problemlərinin həll edilməsi üçün müvafiq tədbirlər görülür. Şəhərdə yenidən yüksək zövqlə qurulmuş, geniş parklar xiyabanlar sakinlərin asudə vaxtlarında istirahətinə, körpələrin əyləncələrinə hərtərəfli şərait yaradır. Hər yerdə səliqə-sahman, yaşıllıqlar arasında boylanan gül-çiçəklər ətrafa xüsusi gözəllik verir, ürəkləri riqqətə gətirir. Ümumiyyətlə, Naftalan ilin bütün fəsillərində gözəldir. Məhz bunun üçün də turistlər ilin bütün fəsillərində dincəlməyə, müalicəyə və gəzməyə bura üz tuturlar. Bu baxımdan abadlıq-quruculuq işləri səngimir. İrimiqyaslı layihələr icra olunur, yol-nəqliyyat infrastrukturu yenilənir, yeni diqqəti çəkən zövqlə yaşıllıq zolaqları salınır, mövcud park, küçə və prospektlər abadlaşdırılır. Hazırda vətəndaşların rahat hərəkəti üçün səkilərin çəkilməsi işləri sürətlə davam etdirilir.

Zabit XƏLİLOV,

"Respublika".