Moskva üçün
Siyasət

Moskva üçün "soyuq müharibə"nin həyəcan təbili?

Yanvarın 25-də Türkiyə rəsmi olaraq İsveçin NATO-ya üzvlüyünü təsdiq edib. Belə ki, Türkiyə Böyük Millət Məclisi sözügedən sənədi ratifikasiya edib. Bununla da yeganə NATO ölkəsi olaraq Macarıstan parlamenti İsveçin üzvlük müraciətini hələ ratifikasiya etməyib. İsveçin də NATO-ya qoşulmasından sonra qurumun üzvlərinin sayı 32-yə çatacaq. Bu isə Rusiya və KTMT-yə qarşı Şimali Atlantika Müqaviləsi Təşkilatının sərhədlərini daha da genişləndirmək anlamına gəlir.

İsveçin terrora dəstəyi fonunda uzun müddətdir ki, üzvlüklə bağlı mənfi fikirdə olan Türkiyənin gözləntilərinin reallaşıb-reallaşmaması maraq doğururdu. Bəs İsveç və Türkiyə arasında razılaşma necə reallaşdı? Qeyd edək ki, 2022-ci ilin mayında İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət ediblər. İsveçin paytaxtı Stokholmda PKK tərəfdarları prezident Rəcəb Tayyib Ərdoğanın şəkillərini yandırıblar. İsveçdə Quran yandırma aksiyalarından sonra Türkiyəyə üzvlüklə bağlı sərt ifadələr səsləndirilib.

Nəticədə Türkiyənin narahatlığı əsasında üçtərəfli memorandum imzalanıb. Türkiyə İsveç və Finlandiyanın üzvlüyünü dəstəkləməyəcəyini açıqladıqdan sonra tərəflər 2022-ci ildə NATO Madrid Zirvə toplantısında bir araya gəliblər. İsveç və Finlandiya administrasiyası atacaqları addımları müəyyənləşdirib və Türkiyə ilə üçtərəfli memorandum imzalayıb.

10 maddədən ibarət memoranduma əsasən, İsveç və Finlandiya tərəfindən terror təşkilatlarına qarşı zəruri addımların atılması və müdafiə sənayesinə tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı vədlər verilib. Türkiyə memorandum mətni və ortaq mexanizm çərçivəsində İsveçdəki terror təşkilatı tərəfdarlarının ekstradisiyası başda olmaqla bir çox mövzuda addımların atılmasını istəyib. İsveç Konstitusiyasına edilən düzəlişlə İsveçdə terror təşkilatını dəstəkləmək, gücləndirmək və ya təşviq etmək məqsədi daşıyan fəaliyyətlər cinayət sayılır.

NATO-nun genişlənməsi Rusiya ilə Qərb alyansı arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Təhlükəsizliklə bağlı məsələlər və regional sabitliyə yanaşmalardakı fərqliliklər daha geniş geosiyasi dinamikaya təsir edərək diplomatik gərginlik və qarşıdurmalara səbəb olub. Rusiya NATO-nun genişlənməsinə hərbi mövqelərini artırmaqla, genişmiqyaslı hərbi təlimlər keçirməklə və silahlı qüvvələrini modernləşdirməklə cavab verib. Bu, regionda hərbi hazırlığın yüksəldilməsinə gətirib çıxarıb və ümumilikdə gərginliyi artırıb.

Qərb Rusiyanın hərbi-geosiyasi fəaliyyət dairəsini daraltmağa davam edir. Hazırkı situasiyada isə Rusiya heç nə edə bilmir. Ukrayna ilə davam edən müharibə, Avropadan ard-arda gələn sanksiyalar şimal qonşumuzu çətin vəziyyətə salıb. Gələcəkdə isə bu çevrələmə kampaniyasının daha geniş miqyas alacağı istisna edilmir. Qardaş Türkiyə isə əksinə, unikal dövlət olmaq yolunda irəliləyir. ABŞ prezidenti Co Bayden Senatın və Nümayəndələr Palatasının xarici əlaqələr komitələrinin rəhbərlərinə ünvanladığı məktubda İsveçin NATO-ya üzvlüyünü təsdiqləyən rəsmi Ankaraya F-16 təyyarələrinin satışını təsdiqləməyə çağırıb. Həmçinin Avropa İttifaqı üçün də yaşıl işığın yanması Türkiyənin səlahiyyətlərini artıracaq. Prinsip etibarilə Türkiyənin belə bir qərar verəcəyi ehtimal edilirdi. Ankara üçün İsveç və ya başqa ölkənin NATO-ya üzv olması problem deyil, əksinə, alyansın güclənməsi Türkiyənin də güclü olması deməkdir.

NATO-ya hansı ölkənin qəbul olunacağı barədə qərarları ABŞ təkbaşına vermir. Alyansın bütün üzvləri bərabərhüquqludur və heç biri dominant deyil. Həm də Bayden Administrasiyası Türkiyə F-16-larının modernizasiyasına Konqresdə dəstək verilməsi məsələsinə artıq yaxın günlərdə baxmağı planlaşdırır. Bu da Türkiyəni narahat edən önəmli məqamlardan idi.

Lakin Ankara ilə Moskvanın sıx əməkdaşlıq etdiyini də unutmaq olmaz. ABŞ və Qərb bloku nə qədər NATO vasitəsilə Rusiyanı əhatəyə almaq üçün planlar qursa da, Türkiyənin bu prosesə açıq-aşkar göz yumacağı heç də real deyil. Çünki Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin səmimi münasibətlərindən başqa, Qərbi yaxın buraxmaq ümumi region üçün də faciə ilə nəticələnə bilər. Bu baxımdan, Rusiya məsələyə qaranlıqda işıq kimi baxır. Türkiyənin alyansda nüfuzunun artması rəsmi Moskvaya qarşı hər hansı bir açıq təhdidin veto ilə üzləşməsi deməkdir. Lakin Rusiya Federasiyası bu "imtiyaz"a çox da etibar etməməlidir. KTMT ətrafında qonşu dövlətləri sıx birləşdirməli və Şimal müqaviləsinin qarşısına güclü rəqib çıxarmalıdır. Hələ ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı NATO-ya ciddi fərqlə uduzur. Üstəlik, qurumun üzvlərindən olan Ermənistanın da son vaxtlarda təşkilata etinasız yanaşması və iclaslarına gəlməməsi fonunda seyrəlmə müşahidə oluna bilər. Rəsmi İrəvanın, həmçinin NATO-ya üzv olmaq istəyi də açıq-aşkar müşahidə olunur. Əgər bu proses reallaşsa, Moskva üçün "soyuq müharibə"nin həyəcan təbili çalınacaq.

Tacir SADIQOV,

"Respublika".