44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ MÖHTƏŞƏM QƏLƏBƏ
Digər xəbərlər

44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ MÖHTƏŞƏM QƏLƏBƏ

Azərbaycan demokratik, hüquqi və sivil dövlətdir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra demokratik yol tutub və Cənubi Qafqazda böyük iqtisadi, siyasi, hərbi gücə malikdir. Erməni işğalçıları tərəfindən ərazilərimizin 20 faizindən çoxu 30 il işğal altında saxlanılsa da, Azərbaycan bununla heç vaxt barışmamış, beynəlxalq kürsülərdən buna qəti etirazını bildirmişdi.

BMT-nin 4 qətnaməsi olsa da, çox təəssüf ki, bu, icra olunmamışdı. Ulu Öndər Heydər Əliyev bu haqsızlığa qarşı həmişə öz səsini ucaltmış və Azərbaycanın haqq səsini dünyaya çatdırmışdır. Əlbəttə, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən möhkəmləndi. Belə ki, ölkəmiz bir çox beynəlxalq layihələrə imza atdı və Bakı-Ceyhan neft kəməri işə düşməklə "Əsrin müqaviləsi" imzalandı. Aydındır ki, ölkəmizin siyasi və hərbi cəhətdən möhkəmlənməsi düşmənlərimizi heç də sevindirmir, əksinə, onlar bu və ya digər formada inkişafımıza maneçilik törədirdilər.

Ulu Öndər Heydər Əliyev həmişə məcburi köçkünlər və qaçqınlarlı görüşlərində deyirdi ki, biz Şuşaya, Füzuliyə, Ağdama, Laçına, Zəngilana, Qubadlıya, Kəlbəcərə qayıdacağıq. Biz get-gedə gücləndik, iqtisadi və hərbi qüdrətimizi artırdıq. Ermənilər üzərində ilk qələbəmizi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il yanvarın əvvəllərində qazandıq. Həmin döyüşlər zamanı Füzulinin işğal altında olan 22 yaşayış məntəqəsi və Horadiz şəhəri ermənilərdən azad edildi. Artıq qələbəmizin bünövrəsi həmin illərdə qoyulmuşdu. Bu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilmiş, bir daha işğalçıların iç üzü, terrorçuluq fəaliyyəti dünya ictimaiyyətinə çatdırılmışdır. Çox təəssüf ki, Ermənistan bunlardan heç bir nəticə çıxarmamış, əksinə, yeni-yeni kəndlərimizi, şəhərlərimizi işğal etmək istəklərini səsləndirmişdir. Üstəlik düşmən ölkə 2020-ci il sentyabrın əvvəllərində tez-tez atəşkəsi pozur, kəşfiyyat-diversiya qrupları ərazimizə keçir, yolları minalayır və eyni zamanda cəbhə bölgəsinə yaxın rayonlarımızın yaşayış məntəqələrinə müxtəlif ağır texnikalardan zərbələr endirirdi.

Artıq buna dözmək olmazdı. Ona görə də 2020-ci il sentyabrın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücuma keçdi. Ermənilərin "Ohanyan səddi" Azərbaycan Ordusu tərəfindən darmadağın edildi və əsgərlərimiz bir neçə gün ərzində Füzulinin və Cəbrayılın 7 yaşayış məntəqəsini erməni işğalından azad etdilər. Azərbaycanın "ildırım sürətli" hücum planı qarşısında erməni əsgərləri pərən-pərən düşmüşdü. Onlar döyüş mövqelərini, səngərləri, ağır texnikanı və digər silahları ataraq qaçırdılar. Təbii ki, qüdrətli və güclü Azərbaycan Ordusu hər saat, hər gün yeni bir yaşayış məntəqəsini azad edirdi. Erməni havadarları və o cümlədən Fransa çalışırdı ki, Azərbaycan Prezidenti İlham Əliyevə təzyiqlər göstərilsin və döyüş dayandırılsın. Amma cənab Prezident xalqa müraciətində bir fikri xüsusilə vurğulayırdı ki, bizi heç bir qüvvə dayandıra bilməz.

Bəli, Azərbaycan Ordusunun hücumunu heç bir xarici qüvvə dayandıra bilmədi. Çünki Ali Baş Komandan əmr vermişdi ki, Ordumuz axıra qədər döyüşməli və işğal altında olan torpaqlarımızı azad etməlidir. İlk olaraq işğal altında olan Cəbrayıl şəhəri və yaşayış məntəqələri azad edildi. Sonradan Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa erməni işğalından tamamilə təmizləndi. 2020-ci il noyabrın 10-da ermənilər təslim aktına imza atdı və 3 dövlətin - Azərbaycanın, Rusiyanın, Ermənistanın iştirakı ilə Bəyanat imzalandı. Üçtərəfli Bəyanata əsasən noyabr-dekabr aylarında erməni işğalçıları Ağdamı, Laçını, Kəlbəcəri hərbi əməliyyatlarsız tərk etdilər. Amma erməni işğalçıları rayonlardan çıxarkən evləri, meşələri yandırdılar. Bir daha dünyaya iç üzlərini göstərdilər. Onlar o qədər azğınlaşmışdılar ki, qəbiristanlıqlarda başdaşılarını sökmüş, bəzi qəbirlərdən cəsədlərdəki dişləri çıxarmış, bununla da kifayətlənməyib, həmin qəbir yerlərində taxıl əkmişdilər. Onların vəhşiliklərindən biri də məscidlərimizdə donuz saxlamaları idi.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyirdi ki, bizim əsgərlərimiz aslan kimi döyüşürlər, onlar heç nədən qorxmadan torpaqlarımızın azad olunması yolunda canlarından belə keçməyə hazırdılar. Əlbəttə, erməni əsgərlərindən fərqli olaraq Azərbaycan əsgəri bu torpaqda şəhid olmağı şərəf bilirdi. Həmin günlərdə 3 min şəhidimiz oldu və o şəhidlərin hər biri qanları ilə tarixə "Azərbaycan, Qarabağ!" sözlərini yazdılar. Və Azərbaycan xalqı bu 44 gündə öz böyüklüyünü, öz müdrikliyini və öz qəhrəmanlığını göstərdi. Cəbhədə döyüşmək üçün minlərlə gənc növbəyə durmuşdu, onlar Vətən uğrunda döyüşməyə can atırdılar. Bu döyüşlər zamanı Azərbaycan əsgəri yeni bir tarix yazdı.

Azərbaycan bayrağı Cəbrayıla, Hadruta, Füzuliyə, Zəngilana, Qubadlıya, Şuşaya, Ağdama, Kəlbəcərə, Laçına sancıldı. 44 günlük İkinci Qarabağ savaşı Azərbaycan Ordusunun hansı gücə və qüdrətə malik olduğunu göstərdi. 44 günlük savaş onu da göstərdi ki, Azərbaycan BMT-nin 30 ildə icra etmədiyi 4 qətnaməsini qısa zaman kəsiyində özü yerinə yetirdi. Dünya hərb tarixində bənzəri və oxşarı olmayan 44 günlük savaş yeni bir salnamənin yazılmasına səbəb oldu. Tarixə qızıl hərflə yazılan Azərbaycanın möhtəşəm qələbəsi hərb tarixinin yeni səhifəsi deməkdir. Təbii ki, Azərbaycan Ordusunun bu döyüş yolu dünyanın bir çox ölkələri tərəfindən təhlil edilir, öyrənilir və araşdırılır. Çünki Azərbaycan Ordusu sözün həqiqi mənasında, 44 gündə möhtəşəm bir tarix yazdı.

Həmin günlər Azərbaycan xalqı Prezident İlham Əliyevin və Ordumuzun ətrafında bir yumruq kimi birləşdi, tarixi qələbə qazandı və "Qarabağ Azərbaycandır!" - deyərək, işğal altında olan 20 faiz torpaqlarımızı işğaldan azad etdi. Çox təəssüf ki, ermənilər bu məğlubiyyətdən və "Dəmir yumruq"dan nəticə çıxarmadılar. Erməni işğalçıları yenidən 2023-cü ilin sentyabrnda təxribatlar törətməyə başladılar. Onlar kəşfiyyat xarakterli əməliyyat həyata keçirir, yolları minalayır və ərazilərimizi mütəmadi atəşə tuturdular. Sentyabrın 18-də polis əməkdaşlarının və bir neçə mülki vətəndaşın minaya düşməsi xalqımızın və dövlət başçısının səbir kasasını doldurdu. Ona görə də Prezident İlham Əliyevin əmri ilə Qarabağda lokal antiterror əməliyyatı keçirildi. Bu əməliyyat zamanı ermənilərin 90-dan çox döyüş mövqeyi, ağır texnikası və minə yaxın canlı qüvvəsi məhv edildi. Təbii ki, müstəqil Azərbaycan dövlətinin öz ərazilərində suverenliyini tam bərpa etmək üçün Qarabağda apardığı və uğurla başa çatdırdığı antiterror tədbirləri Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq hüquq normalarına tamamamilə uyğundur. Ermənistanın separatçı hərbi birləşmələrinin Azərbaycan Ordusu tərəfindən tərk-silah edilməsi və silah-sursatlarını təhvil verməklə Qarabağdan çıxarılması regionda sabitliyin və gələcək inkişafın təmin edilməsi üçün atılmış zəruri addımdır. Erməni separatçılarının ağ bayraq qaldırması və təslim olması bir daha onu təsdiq edir ki, Azərbaycan Ordusunun qarşısında heç bir qüvvə dayana bilməz. Ordumuz 24 saatlıq möhtəşəm qələbə ilə yeni bir tarix yazdı və dünyaya bəyan etdi ki, Azərbaycan öz ərazilərində suverenliyini bərpa edib və eyni zamanda Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən ən güclü, ən qüdrətli dövlətidir və qonşularımız da bununla razılaşmağa məcburdurlar.

Ləman MUSAYEVA,

Bakı İnzibati Məhkəməsinin hakimi.