366-CI GÜN. RETROSPEKTİV
Tarix

366-CI GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "366-cı gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, bu gün cari il ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə  Azərbaycanla bağlı ən önəmli hadisələri qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

Yanvar

  • Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda "STEAM İnnovasiya Mərkəzi"nin açılışında iştirak ediblər.
  • Azərbaycan Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasında iştirak edib.
  • Azərbaycan Prezidenti İlham Əliyevin Budapeştdə Macarıstan Prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşü olub.
  • Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Fevral

  • Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub.
  • Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Xarici İşlər Nazirliyində Operativ Qərargah yaradılıb.
  • Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda iştirak edib.
  • Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olub.
  • İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub

Mart

  • Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib.
  • "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
  • Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub.
  • Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib.

Aprel

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gəlib.
  • Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gəlib.
  • Azərbaycan Dövlət Sərhəd Xidməti ölkənin "suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu" bəyan edib.

Qətiyyətin növbəti əməli ifadəsi

23 aprel tarixində ölkəmizin suveren ərazisində - Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-nəzarət-buraxılış məntəqəsi quruldu

"İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər. Mən indi sadalamaq istəmirəm, bu iki il yarım ərzində bir çox önəmli hadisələr baş vermişdir, həm Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, eyni zamanda Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə. Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın". Bu fikirləri Prezident İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində demişdi. Vurğulamışdı ki, separatçıların iki seçimi var: ya Azərbaycan bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər.

Azərbaycanla Ermənistan arasında danışıqlarla bağlı Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, Azərbaycan sülh müqaviləsinin imzalanmasını təklif etmiş və məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn təməl prinsipləridir.

  • Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub.
  • Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında iştirak ediblər.
  • Bakı şəhər halqasında Formula 1 üzrə dünya çempionatının dördüncü - Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib.

May

  • ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
  • Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq xalqa müraciət edib.

Zəfərimizin tacı Şuşa

"Mən mayın 2-dən bu günə qədər Qarabağ və Şərqi Zəngəzurdayam. Bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda bir çox tədbirlər keçirilmiş, 10 kəndin təməli qoyulmuş, bir çox açılışlar həyata keçirilmişdir". Bunu may ayının 10-da Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib. Dövlətimizin başçısı vurğulayıb ki, on günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır.

Zəfərimizin tacı Şuşadan Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Qalib sərkərdə, Prezident İlham Əliyevin müraciəti onun xalqımızın əbədi Liderinə hesabatı idi.

  • Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasına rəsmi səfərə gəlib.      
  • Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edib.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılışında iştirak edib.

İyun

  • Moldovanın paytaxtı Kişineuda "Avropa siyasi birliyi" 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilib.
  • Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Av ropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.
  • Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Milli birlik və bərabərliyin gücü

Türkiyə Mərkəzi Seçki Komissiyası mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunun yekun nəticələri ilə bağlı son rəsmi qərarını elan etdi. Son nəticəyə görə, Rəcəb Tayyib Ərdoğanın 52,18 faiz səs topladığı açıqlandı. Beləliklə, türk xalqı böyük müdrikliklə yeni dövlət başçısını və növbəti çağırış parlamentin tərkibini təsdiqlədi və türk xalqı bir daha özünün yüksək seçib-seçilmək mədəniyyətini bütün dünyaya nümayiş etdirdi.

Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi Türkiyə-Azərbaycan əlaqələrinin gələcəkdə də inkişaf edəcəyi deməkdir. Bu, müasir dövrdə Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Türkiyə-Azərbaycan əməkdaşlığının daha da dərinləşəcəyi, iki ölkənin hərbi qüdrətinin daha da artması üçün birgə addımların davam edəcəyi deməkdir. Son olaraq bir daha qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi təkcə Türkiyənin və Azərbaycanın deyil, o cümlədən türk dünyasının gələcəyə daha inamlı addımlamasını təmin edəcək.

  • Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Avto Lizinq Azərbaycan" MMC-nin açılışında iştirak ediblər.
  • Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib.

İyul

  • Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilib. Prezident İlham Əliyev görüşdə iştirak edib.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər.
  • Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.
  • Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəncam imzalayıb.
  • Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Xaçaturyan Vaqif Çerkezoviç saxlanılıb.
  • Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibə verib.
  • Şuşada Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.

Şuşada möhtəşəm Qlobal Media Forumu

"Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Mən çox şadam ki, bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir". Bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib. Dövlət başçısı vurğulayıb ki, xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Yəni bu, media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir. Şuşa şəhərində Prezident İlham Əliyevin tapşırığına əsasən "Heydər Əliyev İli" çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı "IV Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Qlobal Media Forumu keçirilir. Prezident İlham Əliyev Forumun iştirakçıları ilə görüşüb, çıxış edib. Toplantıda ümumilikdə 49 ölkəni təmsil edən media subyekti, rəsmi şəxslər, 150-dən çox qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.

  • Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Avqust

  • Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib.
  • Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.
  • Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gəlib.
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən "Laçın Şəhəri Günü" bayram şənliklərində iştirak ediblər.

Laçın Şəhəri Gününün qüruru Qələbəmizin təcəssümüdür

O gün Oğuz elinin qızıl çadırları Laçında qurulmuşdu. Eldə bayram, yurdda xoş gün idi. Kürəyini Kəlbəcər dağlarına söykəyib qonaqlarına sevgi dolu baxışlarla gülümsəyən Laçının uzun illərin həsrətindən, nisgilindən sonra sanki hər dağı, daşı, gülü-çiçəyi sevinirdi. Bütün ürəklər burada döyünürdü.

Prezident İlham Əliyev mayın 28-də Laçına növbəti səfəri zamanı laçınlılarla görüşündə aparılan quruculuq işlərindən bəhs edərək deyib: "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun".

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində iştirak etdilər. Müxtəlif səpkili bayram tədbirləri ilə bərabər, Uşaq İncəsənət Festivalının yay düşərgəsində finala çıxmış şagirdlərin rəssamlıq, dekorativ-tətbiqi sənət və digər istiqamətlər üzrə əsərlərinin təqdimatları oldu. Həmin gün, eyni zamanda uşaqların da bayramı, xoş günü idi. Bunun biz ölkə başçısının uşaqlarla görüşü, səmimi davranışı zamanı da şahidi olduq.

  • Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
  • Azərbaycanın Livandakı səfirliyinə erməni əsilli şəxslər hücum edib.

Sentyabr

  • Prezident İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edib.
  • Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailə üzvləri Şuşaya səfər edib.
  • Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib.
  • Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirilib.

Lokal xarakterli antiterror tədbirləri ədalət tərəzisini tarazladı

Qarabağın erməni əhalisi xunta rejiminin əsarətindən xilas edildi. 19-20 sentyabrda keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində Ermənistan ordusunun tör-töküntüləri növbəti məğlubiyyətlə üzləşdi, separatçı-terrorçu dəstələr tərk-silah edildi.

44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri ilə bütün ərazilərdə suverenliyini bərpa edən Azərbaycan bölgəmizdə yeni vəziyyətin yaranmasına zəmin yaradıb. Kriminal xunta rejimi təslim olandan sonra gərginlik mənbəyinə çevrilən Cənubi Qafqazda vəziyyət nisbətən səngiyib, mərkəzi Xankəndi olan zəhər yuvası dağıdılıb. Bundan sonra tək bir məsələ qalır ki, o da Ermənistanın siyasi səriştə göstərərək sülh sazişini imzalamasıdır. Çünki Ermənistan-Azərbaycan münasibətlərinin neçə illərdir gərgin qalmasına səbəb olan Qarabağ problemi öz ədalətli həllini tapıb.

  • Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib.
  • Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçirilib.
  • Macarıstan Aİ-nin anti-Azərbaycan bəyanatının qəbulunu bloklayıb.
  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib.
  • Ruben Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən DSX əməkdaşları tərəfindən saxlanılıb.

Oktyabr

  • Prezident İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocavənd şəhərində, Əsgəran qəsəbəsində və Sərsəng Su Anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Tarixi ədalətin bərpası - Xankəndi Zəfərimiz

Keçən 30 il ərzində Prezident cənab İlham Əliyevin də vurğuladığı kimi, "Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı". Qüdrətli Azərbaycan dövləti öz gücü hesabına düşmənlə hərbi-diplomatik sferada mübarizə apardı, haqq yolunda Azərbaycan Zəfər qazandı. 15 oktyabr Xankəndi, Xocavənd, Ağdərə və Xocalıda üçrəngli bayrağımızın dalğalandığı gün kimi təqvimə yazıldı. Uzun illər Xankəndidə separatizm, terrorçuluq, türk düşmənçiliyi təbliğatının yuvasına çevrilmiş binanın üzərinə Azərbaycan Respublikasının gerbi vuruldu, önündə müqəddəs Azərbaycan Bayrağı qaldırılaraq revanşizm çağırışları edənlərə son xəbərdarlıq edildi. Ölkə başçımızın Xankəndidəki tarixi çıxışı Zəfər salnaməmizə qızıl hərflərlə həkk olundu. Ölkəmizə rəhbərliyinin 20-ci ildönümündə Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaldan Ali Baş Komandan dünya azərbaycanlılarının Vətən həsrətinə birdəfəlik son qoydu. Sözü imzası qədər dəyərli olan, prinsipiallığı və uzaqgörənliyi ilə ən yeni Azərbaycan tarixinin müəllifi, gələcək nəsillərə güclü dövlət bəxş edən Lider - İlham Əliyev erməni separatizminin kökünü kəsdi.

Qarabağ fatehinin "Heydər Əliyev İli"nə verdiyi ən böyük töhfə heç şübhəsiz, qüdrətli Azərbaycan dövlətinin suverenliyinin tam bərpasıdır. Xankəndi Zəfəri təkcə ölkəmiz üçün deyil, regional və beynəlxalq müstəvidə də böyük əhəmiyyət daşıyır. Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən üç il sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə separatçı rejimin ləğv edilməsi tarixi missiyanın uğurla icrasını sübut edir. Bununla da Azərbaycan torpağında erməni separatizminin nəfəsliyi olan "Laçın dəhlizi" ləğv edildi, bütün Qarabağa və Şərqi Zəngəzura tam nəzarət Azərbaycanın əlində cəmləşdi.

Düşmən tapdağından azad edilmiş Xankəndi artıq illər boyu onun həsrəti ilə yaşamış xalqımıza qucaq açır. Daha buralarda xuntaçıların murdar rəmzləri, simvolları, əski parçaları yoxdur. Bu diyarda artıq müqəddəs üçrəngli bayrağımız dalğalanır. Tarixi yurd yerimiz olan Xankəndiyə qayıdışımız hər bir soydaşımızın xoşbəxtlik, fərəh, qürur və ləyaqət mənbəyidir.

  • Prezident İlham Əliyev Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
  • Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Kosmik sənayenin inkişafına mühüm töhfə

Oktyabrın 2-də Prezident İlham Əliyevin 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışı zamanı səsləndirdiyi fikirlər də bir daha təsdiqləyir ki, Azərbaycan regional və beynəlxalq miqyasda hədəflərinə çatmağa davam edəcək. Dövlətimizin başçısı qeyd edib ki, Bakıda keçirilən Konqres Azərbaycanda kosmik sənayenin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcək. Müasirləşmənin Azərbaycanın gələcəklə bağlı baxışlarını, gündəliyini və planlarını əks etdirdiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostların qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə xidmət edib".

2-6 oktyabr tarixləri arasında baş tutan beynəlxalq miqyaslı tədbir Azərbaycanın kosmik inkişafına mühüm töhfə vermiş oldu. Hər il 6000-dən çox iştirakçını özünə cəlb edən Beynəlxalq Astronavtika Konqresi (IAC) bütün kosmik aktorların bir araya gəldiyi qlobal əhəmiyyətli tədbirdir. Kosmik sənayenin müxtəlif sahələrini və mövzularını əhatə edən IAC ən son kosmik məlumatları, inkişafları, şəbəkə imkanlarını, əlaqələri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla potensial tərəfdaşlıq təklif edir.

  • Prezident İlham Əliyev Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak edib.
  • Azərbaycan Qranada şəhərində planlaşdırılan beştərəfli görüşdən imtina edib.
  • Arayik Harutyunyan cinayət məsuliyyətinə cəlb edilib.

Separatizmin kökü kəsildi

İllər boyu Qarabağı Azərbaycandan qoparmağa çalışan separatçıların xəyalları puç oldu. Qondarma respublika rəsmən özünü buraxdığını elan etdi. Bundan sonra separatçı rejimin dırnaqarası liderləri bir-bir tutularaq Azərbaycana gətirildi. Artıq onların bəziləri barədə həbs qətimkan qərarı verilib. Separatçı "rəhbər"lərin Ermənistana getmək arzusu baş tutmadı.

Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan, Arayik Harutyunyan, David İşxanyan, David Babayan, Lyova Mnatsakanyan və başqaları Azərbaycan dövlətinə qarşı terrordan tutmuş qanunsuz silahlı dəstələr yaratmaqda, təxribatlar törətməkdə, vətəndaşlarımıza qarşı işgəncələrdə, dinc sakinlərimizə qarşı soyqırımlarında, Qarabağda etnik təmizləmədə və başqa insanlığa zidd əməllərdə əli olan cinayətkarlardır. Onların hər birinin əli əsgərimizin, mülki insanımızın qanına batıb. Və bu gün bu cinayətkarların saxlanılması "heç bir cinayət cəzasız qalmır" gerçəkliyini ortaya qoyur. Onlar istər otuz illik işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsində, habelə Azərbaycan Respublikasının öz ərazilərində suverenliyinin bərpası, əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə aparılan lokal xarakterli antiterror tədbirlərində qondarma qurumun "rəhbərləri" kimi cinayətkar birlik halında fəaliyyət göstəriblər.

Azərbaycan bu şəxslərin saxlanılması və xalqa, dövlətə qarşı ağır cinayətlər törətmiş hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi ilə sübut etdi ki, kimliyindən asılı olmayaraq Azərbaycana qarşı cinayət törədənlər mütləq şəkildə öz cəzalarını alacaqlar.

  • Zəngilanda Azərbaycanla İran arasında avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib.
  • Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
  • Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfərə gəlib.
  • İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfrans keçirilib.
  • Bakıda "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda konfrans keçirilib.

Noyabr

  • Azərbaycan Prezidentinin neokolonializmlə bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb.
  • Prezident İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşündə iştirak edib.

İqtisadi gücün təməli - birgə əməkdaşlıq

Noyabrın 24-də SPECA həftəsi çərçivəsində proqramın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü olub. Sammitdə Proqrama üzv olan ölkələrin prezidentləri ilə yanaşı, Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edib. Görüşdə çıxış edən ölkə başçımız bildirib: "Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürümü bildirirəm. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir...". Qeyd edək ki, görüş çərçivəsində BMT-nin himayəsi altında SPECA Etimad Fondunun təsis edildiyi açıqlanıb. Ölkə başçımız bildirib ki, Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq.

Proqrama üzv ölkələr müstəqil daxili və xarici siyasəti olan dövlətlərdir. Digər üzvlərlə yanaşı, respublikamızda güclü investisiya imkanları mövcuddur. Bunun nəticəsidir ki, Azərbaycanın birbaşa xarici borcu hazırda Ümumi Daxili Məhsulun təxminən 10 faizini təşkil edir. Son 20 ildə valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyib, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.

  • Azərbaycan Prezidenti İlham Əliyev Astanada Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşündə iştirak edib.
  • Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paradda iştirak ediblər.

Xankəndidə hərbi parad: Zəfər Günü tarixdə qalacaq

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak ediblər. Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror tədbirindən bir neçə həftə sonra Zəfər Günü münasibətilə Xankəndidə keçirilən hərbi parad beynəlxalq müstəvidə maraqla qarşılanan və diqqətlə izlənən möhtəşəm tarixi hadisəyə çevrildi. Noyabrın 8-də Xankəndidəki paradda Azərbaycan Silahlı Qüvvələri tərəfindən qənimət kimi götürülmüş Ermənistanın hərbi texnikasının bir hissəsi nümayiş etdirilib. Prezident İlham Əliyev hərbi paradda çıxışı zamanı Azərbaycana yeni müharibənin lazım olmadığını deyib: "Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik".

Qalib dövlətimiz bu əraziləri separatçı ermənilərdən geri aldıqdan bir neçə həftə sonra Ermənistana və havadarlarına istənilən "qisas" ruhunun baş qaldırması ehtimalına qarşı xəbərdarlıq etdi. Dövlət başçısı bildirdi ki, biz bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik: "Mən bu 20 il ərzində heç vaxt şübhə etmirdim ki, bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan bayrağı altında hərbi parad keçiriləcək".

Bu, hər bir azərbaycanlının gözlədiyi və qürurla, iftixarla yaşadığı unudulmayan an idi.

  • Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
  • Azərbaycan və İraq prezidentlərinin təkbətək görüşü keçirilib, mətbuata bəyanatlarla çıxış ediblər, Azərbaycan-İraq sənədləri imzalanıb.
  • Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalayıb.

Dekabr

  • Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.
  • Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda çıxış edib.
  • Azərbaycanın 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP) evsahibliyi edəcəyi rəsmiləşib, COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.

COP29 ölkəmizə yeni dividendlər qazandıracaq

Azərbaycan son illər daxili imkanları və iqtisadi inkişafı ilə dünyanın diqqət mərkəzindədir. Təbii ehtiyatlar, enerji potensialı baxımından zəngin olan ölkəmiz qeyri-neft sahəsinin inkişafı sahəsində də böyük nailiyyətlər əldə etmişdir. Dövlət başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişafa və ictimai-siyasi sabitliyə nail olub.

2020-ci il 27 sentyabr tarixində başlayan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbə ölkəmizi dünyada güclü dövlət kimi tanıdıb. Uğurlu xarici siyasət nəticəsində beynəlxalq səviyyədə nüfuzumuz günbəgün artmaqdadır. Bu da qlobal həcmdə layihə və tədbirlərin məhz ölkəmizdə keçirilməsinə zəmin yaradır. Ötən 4 il ərzində Azərbaycanın BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik etməsi bunun bariz nümunəsidir. Aktuallığı və miqyasına görə böyük layihələrdən olan COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi beynəlxalq aləmin ölkəmizə inamını təcəssüm etdirir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) Tərəf Dövlətlərin Konfransı 1995-ci ildən etibarən mütəmadi olaraq hər il keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. Sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı ali qərar qəbul edən orqandır. Katibliyi Bonnda yerləşir. Keçirilən bütün iclaslarda dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. Sonuncu COP28 bu il Dubayda baş tutub və BMT-nin tarixində 100 minə yaxın nümayəndəni bir araya gətirən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Dubayda keçirilən tədbirdə ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak edib.

  • Xankəndidə "Qarabağ"-MOİK oyunu keçirilib. Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib.

"Qarabağ" Xankəndidə - 30 il sonra

Hazırda işğaldan azad olunmuş ərazilərdə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan mühüm hadisələr baş verməkdədir. Dekabrın 21-də Xankəndi stadionunda Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları arasında futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin keçirilməsi və Prezident İlham Əliyevin burada iştirakı bir sıra mühüm məqamlarla yadda qaldı. Prezident İlham Əliyevin Xankəndi stadionunda çıxışı zamanı söylədikləri bunu bir daha təsdiqləyir: "Biz - bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində "İmarət" stadionunun yenidən inşa edilməsinə başlanılacaq".

Gərgin mübarizə və yüksək əhvali-ruhiyyə şəraitində keçən oyun "Qarabağ" komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın futbolçusu Nəriman Axundzadənin matçın əsas hissəsinə əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində vurduğu qol oyunun taleyini həll edib. Beləliklə, N.Axundzadə 30 il sonra erməni işğalından azad olunmuş ərazilərdə keçirilən ilk futbol matçında fərqlənən hücumçu kimi adını tarixə yazıb. Oyunda ictimaiyyətin diqqətini cəlb edən daha bir mühüm məsələ isə Prezident İlham Əliyevin səmimi görüntülərinin yayımlanması idi. Ölkə başçımızın "Qarabağ"-MOİK oyununda topa ilk toxunuşu, həmçinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın insanlarla, xüsusilə uşaqlarla səmimi söhbəti əhalinin dövlət başçısına və birinci xanıma göstərdiyi sevginin növbəti təzahürü idi.

  • Azərbaycan Prezidenti İlham Əliyevin "Euronews" televiziyasına müsahibəsi yayımlanıb.
  • Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
  • Prezidenti İlham Əliyev "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" Sərəncam imzalayıb.

Növbədənkənar prezident seçkiləri yeni reallıqların təntənəsi olacaq

7 fevral 2024-cü il növbədənkənar Azərbaycan Respublikası Prezident seçkiləri günüdür.

Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Bunun nəticəsidir ki, müasir və müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq prezident seçkiləri bütün ölkə ərazisində keçiriləcək. Fevralda keçiriləcək seçkilərin qürurverici amillərindən biri məhz 30 il əvvəl yurd yerlərindən didərgin salınan soydaşlarımızın bir hissəsinin daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında səsvermə hüququndan istifadə edəcəyidir. Beləliklə, ilk dəfə olaraq postsovet məkanında torpaqlarını işğaldan azad edən bir dövlətin bütün ərazilərində seçki prosesi reallaşacaq. BMT-nin müvafiq sənədləri ilə təsbit olunmuş ərazilərdə seçki keçirilməsi yeni bir nümunə olacaq. Taleyüklü məsələnin xalq-iqtidar birliyinin gücü hesabına həll edən Azərbaycan bu gün inkişaf və tərəqqi yolunda inamla irəliləyir. Üç il bundan öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Qarabağın və ətraf rayonların erməni işğalından azad edilməsi və bu il sentyabrın 19-20-də keçirilən uğurlu antiterror tədbirləri üçrəngli bayrağımızın bütün ərazilərimizdə dalğalanmasını təmin etdi. Qüdrətli Azərbaycan dövləti öz liderinə, gücünə arxalanaraq düşmən üzərində misli görünməmiş qələbə qazandı.

Azərbaycan xalqının qürur mənbəyinə çevrilən Zəfərimiz Prezident İlham Əliyevin 20 illik siyasi fəaliyyətinin, hərbi-diplomatik zəfərinin, qlobal təşəbbüslərinin bir lider kimi xalqı vahid amal uğrunda səfərbər etməsinin bəhrəsidir. Bəli, İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbə müstəqil Azərbaycanın Zəfər salnaməsidir. 30 ildən sonra belə bir qələbəyə imza atmaq liderdən müdriklik, səbir, vətənə sevgi, yüksək sərkərdəlik məharəti tələb edir: "Xoşbəxt o xalqdır ki, kiçik əraziyə və az sayda əhaliyə malik olsa da, onu qalibiyyətə doğru aparmağı bacaran lideri var". Bir sözlə, Prezident İlham Əliyev çoxəsrlik tariximizə Zəfər yazmaqla həm də Azərbaycanı beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli dövlət kimi tanıtmışdır. Prezidentin qətiyyətlə həyata keçirməyə başladığı Böyük Qayıdış proqramı isə Azərbaycanımızın sabahının daha parlaq olacağına və yeni zəfər səhifələrinə imza atılacağına tam əminlik yaradır.

  • YAP İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb
  • Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub.