VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

19 may

  • Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağı istismara verilib və "Qız Qalası" hidroqovşağının açılış mərasimi keçirilib.

20 may

  • Prezident İlham Əliyev İran Prezidentinin və onu digər müşayiət edən şəxslərin həlak olmaları ilə bağlı İranın Ali Rəhbərinə başsağlığı verib.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
  • ANAMA ötən həftə 16 partlamamış hərbi sursatın zərərsizləşdirildiyini bildirib.

21 may

  • Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib.
  • Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib.
  • Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

22 may

  • Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəlib.
  • Qərbi Azərbaycan İcması Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması müstəvisində regiondankənar dövlətlərin yersiz müdaxilələrinin yolverilməz olduğunu bildirib.

23 may

  • Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

Xalqlar dostluğu əlaqələrin dərinləşməsində mühüm rol oynayır

Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfəri ölkələr arasında münasibətlərin sürətli inkişafının göstəricisidir.

Azərbaycanı etibarlı dostu və tərəfdaşı hesab edən Tacikistan Prezidenti ölkələrimizi zamanın sınağından çıxmış münasibətlərin birləşdirdiyini qeyd edib. Prezident İlham Əliyev səfər çərçivəsində Emoməli Rəhmonu bu il ölkəmizdə baş tutacaq COP29-a dəvət edib. Daha sonra prezidentlər Strateji Tərəfdaşlıq Bəyannaməsi də daxil olmaqla ümumilikdə 14 sənəd imzalayıblar. Həmçinin ikitərəfli münasibətlərin müqavilə-hüquq bazasını möhkəmləndirən bu sənədlərdən əlavə, Tacikistan Prezidentinin səfəri ərəfəsində ölkəmizdə biznes forum keçirilməsi və forumda anlaşma memorandumlarının imzalanması qarşılıqlı ticarətin həcmini artırmağa xidmət edir.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı "Euronews" telekanalına müsahibəsi yayımlanıb.

24 may

  • Azərbaycan Respublikasının Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Danışıqlar yolu ilə əldə olunan daha bir qələbə

Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz uğur hekayəsini yazmağa davam edir.

Ölkə başçımızın tapşırığına əsasən Azərbaycan Respublikasının Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə aprelin 19-da dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın 8-ci görüşünün Protokolu imzalanıb. Müvafiq olaraq, delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla da Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Azərbaycana qaytarılması təmin edilib, kəndlər ölkəmizin Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. İşğaldan azad edilmiş bu kəndlərdə Azərbaycan bayrağı ucaldılıb, Dövlət Himni səsləndirilib, 2020-ci ildə olduğu kimi, düşmən əsarətindən azad edilən torpaqlar barədə Ali Baş Komandana məruzə edilib.

  • Laçın şəhərində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin - səfirlərin, hərbi attaşelərin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə Laçın İqlim Fəaliyyəti Dialoqu (Lachin Climate Change Dialogue) keçirilib.

Laçın diplomatlarda xoş təəssürat yaradıb

Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada yüksək sosial-iqtisadi inkişaf və dayanıqlı ictimai-siyasi sabitliyə nail olan ölkə kimi tanınır.

İkinci Qarabağ müharibəsində qazandığımız şanlı Zəfər ölkəmizin nüfuzunu daha da yüksəldib. Qarabağ və Şərqi Zəngəzur təxminən 4 il əvvəl işğaldan azad ediləndən sonra hazırda beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrilib. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri - səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların təmsilçiləri Laçın İqlim Fəaliyyəti Dialoqu çərçivəsində COP29 ilə əlaqədar təqdimat mərasimində iştirak ediblər.

25 may

  • Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin (İB) təsisçisi və rəhbəri Leyla Əliyeva Berlində işgüzar səfərdə olub.
  • Şuşa şəhərində daha 32 ailəyə mənzillərin açarları təqdim olunub.

“Respublika”.