VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

14 aprel

  • Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib.

15 aprel

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Prezidenti seçilməsi münasibətilə Peter Pelleqrinini təbrik edib.
  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyevlə görüşüb.

16 aprel

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib.
  • Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

17 aprel

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
  • Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar sualı cavablandırıb.

Məntiqi ardıcıllıq – sülhməramlılar Qarabağı tərk edir

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin bölgədəki fəaliyyəti artıq başa çatır. Xatırladaq ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, regionda atəşkəsə nəzarət etmək məqsədilə Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilmişdi. Onların bölgədə mövcudluğu beş il müddətinə - 2025-ci ilin sonlarına qədər nəzərdə tutulurdu.

Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev kontingentin Qarabağı tərk etməsi ilə bağlı bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi səviyyəsində qərar qəbul edilib. Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

Ötən ilin sentyabr ayında keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan öz ərazilərində suverenliyini təmin etmiş, aqressoru - Ermənistanı torpaqlarımızdan çıxarmışdır. Artıq lokal müstəvidə hər hansı bir təhdidin olmaması və buna paralel olaraq Rusiya sülhməramlı kontingentinin ərazidən getməsi məntiqi ardıcıllıqdır.

  • Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ arasında aprelin 5-də keçirilən üçtərəfli görüşün təhlükəli təfərrüatları bəlli olub.

Brüssel görüşünün gizlinləri – ABŞ və Aİ-nin "inkar" taktikası

Brüsseldə keçirilən məlum 5 aprel görüşü əslində beynəlxalq ictimaiyyəti aldatma cəhdidir.

Baş nazir Nikol Paşinyanın Aİ və ABŞ-ın hərbi "təhlükəsizliklə" bağlı təkliflərini qəbul etməsi, iqtisadi sahədə bəyan edilən imtiyazlardan daha çoxunun "əl altından" ötürülməsi Cənubi Qafqaza təsirlərin artmasına, yad qüvvələrin maraqları daxilində psevdodövlət olan Ermənistandan "maşa" kimi faydalanma cəhdlərinə təkan verir. Ermənistan-Avropa İttifaqı-ABŞ üçlüyünün qaranlıq planlarının rəsmi Bakı tərəfindən ifşa olunması "soyuq duş" effekti yaratdı. Yayılan sənədlərlə bağlı təfərrüatlar ABŞ və Aİ-nin yeni cəbhə planını ortaya qoyur. Baxmayaraq ki, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqlarında Brüssel görüşünün əks təsirlərindən söhbət açmayıblar, amma rəsmi Bakı pərdəarxası məqamların ifşasına nail olub. Əslində bununla rəsmi Bakının imperativlərinin nə qədər doğru və yerində olduğu bir daha aşkara çıxır. Anti-Azərbaycan dairələrinin ölkəmiz üçün "yersiz narahatlıq" adlandırdığı 5 aprel görüşünün əsl mahiyyəti təkcə Cənubi Qafqazı yox, bütün qonşu dövlətləri yaxından maraqlandırmalıdır. İlkin növbədə haylara verilən imtiyazların əsas hədəfi məhz Rusiyadır. Ermənistanın bu kirli oyundan gözləntisi isə Azərbaycana qarşı üstünlük əldə etməkdir.

  • Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın ölkəmizdəki səfirinin geri çağırılması ilə bağlı yerli mətbuatın sualını cavablandırıb.

18 aprel

  • Milli Məclisdə "Yeni Kaledoniya: tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusuna həsr edilmiş elmi konfrans keçirilib.

19 aprel

  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin ölkəmizdəki səfiri Abdelvahab Osmanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Qalib Liderin növbəti diplomatik uğuru

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının səkkizinci görüşü keçirilib. Görüş zamanı komissiyalar delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasında keçməsini razılaşdırıblar.

Diplomatik masada qazandığımız bu Zəfər bizə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatı xatırladır. Dövlət başçımızın hərbi-siyasi müdrikliyi sayəsində əzəli Azərbaycan topaqları, ölkəmizin ən böyük rayonlarından olan Kəlbəcər, Ağdam və Laçın heç bir itki verilmədən düşmən işğalından azad edilmişdi. Aprelin 19-u Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız eyni hissləri bir daha yaşadı. Artıq bütün dünya son iki əsrdə başabəla "dənizdən-dənizə böyük Ermənistan" ideologiyasının Ali Baş Komandan tərəfindən birdəfəlik tarixin zibilliyinə göndərilməsinə şahidlik edir.

20 aprel

  • BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətlərini normallaşdırmaq üçün bütün qalan ikitərəfli məsələləri həll etməyə çağırıb.
  • ABŞ-ın Dövlət katibi Antoni Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib.

“Respublika”.