30 il regiona turist səfərləri etməklə kifayətlənən təşkilata güvən yoxdur
Siyasət

30 il regiona turist səfərləri etməklə kifayətlənən təşkilata güvən yoxdur

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq Azərbaycana səfər edəcək.

O, ölkəmizə Cənubi Qafqaza səfəri çərçivəsində gələcək. Əvvəlcə qeyd etmək lazımdır ki, bu, Y.Borqun Bakıya ilk gəlişidir. Çünki qurum rəsmisi cari ilin yanvarında keçmiş sədr Buyar Osmaninin yerinə təyin olunub. İndiki məqamda Yan Borqun regiona səfəri təəccüblü deyil. Böyük ehtimalla o, bölgə dövlətləri ilə əlaqələri dərinləşdirməyi, eləcə də təmsil etdiyi təşkilatın Cənubi Qafqazla maraqlandığını göstərməyi hədəfləyir.

Bununla belə, bir məsələyə xüsusi diqqət çəkmək lazımdır. Belə ki, bir müddətdir Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında Brüssel, Moskva və Vaşinqton platformalarından sonra ATƏT formatı da gündəmdədir. Qurumun əvvəlki sədri Buyar Osmani Şimali Makedoniyanın Skopye şəhərində keçirilən iclasda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı və İrəvan arasında sülh müqaviləsini dəstəklədiyini bildirmişdi. Hətta vurğulamışdı ki, alyans konstruktiv dialoq üçün platforma da təklif edir. Amma bu gedişlər boşdur. Çünki vaxtilə ATƏT Ermənistanın Azərbaycana silahlı təcavüzünün aradan qaldırılması ilə bağlı üzərinə öhdəlik götürən yeganə institut idi. Bununla belə, o, illərlə İrəvanın genişmiqyaslı qanunsuz fəaliyyətlərinin aradan qaldırılmasında qeyri-effektiv oldu. Hər dəfə bağlı qapılar arxasında Azərbaycanın narahatlıqları dilə gətirilsə də, ictimai bəyanatlarda selektiv yanaşmaya üstünlük verildi. Üstəlik, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ölkəmizin legitim çağırışlarına məhəl qoymadı. Bu isə Paşinyan Administrasiyasını daha da cəsarətləndirdi. Beləliklə, ATƏT münaqişənin həllində rol oynamaq şansını birdəfəlik itirdi. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni hərbi-siyasi yolla həll etdi, ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Bu müddət ərzində bölgəyə turist səfərləri etməklə kifayətlənən qurumun bundan sonra vasitəçilik missiyasını yerinə yetirməsi mümkün deyil.

Bu məsələ 14-16 mart tarixlərində keçirilən "Parçalanmış dünyanın bərpası" mövzusuna həsr olunan XI Qlobal Bakı Forumunda da gündəmə gəldi. Türkiyənin xarici işlər naziri Hakan Fidan tədbirdəki çıxışı zamanı bildirdi ki, Cənubi Qafqazda Qarabağ problemi ilə bağlı ATƏT-in Minsk qrupu danışıqlara cəlb olunmuşdu. Amma təşkilat münaqişəni həll etmək əvəzinə, danışıqları uzatmağa çalışırdı. Beləliklə, 44 günlük müharibədə və 2023-cü ildə antiterror tədbirləri zamanı Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Qardaş ölkənin baş diplomatının sözügedən alyansın fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər reallığa tam uyğundur və gündəmlə səsləşir. Çünki Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə təmin edib. İrəvanla Bakı arasındakı normallaşma prosesi isə ikitərəfli xarakter daşıyır. Hətta indiki məqamda deyə bilərik ki, ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi kimi strukturların hələ də qalması sülh prosesinin inkişafını ləngidir. Bu səbəbdən də keçmişin qalıqları olan bir sıra mexanizmlər rəsmi qaydada ləğv edilməlidir.

Bütün bunların fonunda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqun ölkəmizə səfəri qurumun sülh prosesinə cəlbi məsələsində heç nəyi dəyişməyəcək. Azərbaycan hər zaman qonaqpərvərliyi ilə tanınıb. Odur ki, Borqun da ən yaxşı şəkildə qarşılanıb yola salınacağı istisna deyil. Amma 30 illik fəaliyyətsizliyindən dolayı ATƏT bundan sonra Cənubi Qafqazda baş verənlərə təsir mexanizmi olan qurum rolunu oynaya bilməyəcək.

Jalə QASIMZADƏ,

"Respublika".