20 Yanvar şəhidlərinin xatirəsinə ilk abidə və poema
Digər xəbərlər

20 Yanvar şəhidlərinin xatirəsinə ilk abidə və poema

1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən 34 il ötür. Hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutdu. Həmin gecə Bakının ayrı-ayrı rayonlarında sovet əsgərləri tərəfindən 134 insan qətlə yetirilmiş, 800-ə qədər vətəndaş yaralanmış və xəsarət almışdır. Sovet ordusu yanvarın 25-26-da Neftçala və Lənkərana da qoşun yeritmişdir. Ümumilikdə, həmin dövrdə 25-i qadın, 20-si uşaq olmaqla,  147 nəfər şəhidlik zirvəsinə ucalmışdır. Ümummilli Lider Heydər Əliyev həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, kommunist partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyasını qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, Qanlı 20 Yanvar hadisəsinə ilk hüquqi-siyasi qiymət vermişdir.

Həmin hadisələr bölgələrdən də yan ötmədi. Əliyalın insanlara qarşı törədilən faciə bölgə sakinlərini də sarsıtdı. Onlarda dərin kədər hissi yaratdı. Hər kəs bu dəhşətli qırğına etiraz etməyə, haqq səsini dünyaya çatdırmağa çalışırdı. 1990-cı il 20 Yanvar şəhidlərinin xatirəsinə ilk abidə və yazılan ilk poema Azərbaycanın cənubunda olub. Həmin günlərdə hadisədən təsirlənən Astaranın Şiyəkəran kənd sakinləri çətinliklərə, maneələrə baxmayaraq, respublikada ilk dəfə 20 Yanvar şəhidlərinin xatirəsinə abidə ucaltdılar. O vaxt bu qanlı qırğın hələ təzəcə baş vermişdi. Respublikanın heç bir yerində 20 Yanvar faciəsinin qurbanlarına abidə qoyulmamışdı. Astaranın Şiyəkəran kənd sakinləri, Şiyəkəran kənd 1 saylı orta məktəbin coğrafiya müəllimi Ənam Əmrayev, Azərbaycan dili və ədəbiyyatı müəllimi Mehman Əliyev şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidənin qoyulması təşəbbüsünü irəli sürmüşdür. Çünki ziyalılar, sadə vətəndaşlar bu hadisədən çox təsirlənmişdi və şəhidlərin qanının yerdə qalması ilə razılaşa bilməzdilər. Küçələrdə işıq dirəklərinə qara bayraqlar asılmışdı. Evlərdə yas saxlanılırdı. Bu hərəkətlər hakimiyyətdə olanlar tərəfindən bəyənilməsə də insanlarda olan azadlıq eşqi və şəhidlərimizə olan ehtiram hissi güclü olduğundan dirəklərdən qara bayraqları sökmədilər. Həmin vaxt sərhəd rayonu olduğuna görə xüsusi xidmət orqanlarının ciddi nəzarətində saxlanılan Astara rayonunda mərkəzi hakimiyyətin icazəsi olmadan hər hansı bir abidənin qoyulması xüsusilə çətin idi. Üstəlik hələ bu hadisəyə tam hüquqi qiymət verilməmişdi. Abidə üzərində bu sözlər yazılmışdı: "20 Yanvar 1990-cı il Azərbaycanın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsinə". Həmin günlərdə yollar, həmçinin Bakı-Astara yolu da bağlı idi. Abidə Bakıda hazırlanaraq, sovxozun yük avtomobillərindən birinin yük yerində gizlicə kəndə gətirilmişdi. Abidə şəhidlərin 40 mərasiminə 1 həftə qalmış 34-cü günündə böyük çətinliklərə baxmayaraq, ucaldıldı. Artıq kənddə bir adət də yaranıb; yeni evlənənlər nikah günü abidənin önündə xatirə fotosu çəkdirirlər. Onu da deyək ki, hadisə gecəsi iki astaralı da şəhid olmuşdu: rayonun Şahağac kənd sakini Əliyev Çingiz Mirzəhüseyn oğlu və Səlivə kənd sakini Əsgərov Novruz Faiq oğlu.

Mehman Qaraxanoğlu 34 günə ilk poema - "Qanlı Yanvar" poemasını yazmışdı. Şair "Qanlı Yanvar" poemasında yazır:                          

Bizi qanımızla qorxutma, cəllad,

Qan ilə keçirik qara yolları.

Qızıl qanımızı sifətimizə

Sürtüb gedəcəyik üfüqə sarı...

Müəllifin "Qanlı Yanvar" poeması "Ağrı" poemasının davamı kimi səslənir. Azərbaycan xalqının müstəqillik arzusunun gerçəkləşməsinə zəmin yaranırdı. Beləliklə, Azərbaycanda milli azadlıq hərəkatının dirçəlməsi, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, ölkə daxilində ictimai-siyasi vəziyyətin kəskinləşməsi Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qarşı sərt addımlar atması üçün şərait yaratdı. Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Xalq daha da mətinləşdi. Həmin gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycan tarixinə parlaq səhifə yazdılar. Xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir. Xalqımızın birliyi və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız azad olundu. 44 günlük Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edən qəhrəman əsgər və zabitlərimizin qanı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsi hər il qeyd edilir, qəhrəman övladlarımızın əziz xatirəsi dərin ehtiramla anılır.

Cəmil QULİYEV,

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Elmi katibi,

tarix üzrə fəlsəfə doktoru,

AJB-nin üzvü.