İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Açıq Bakı birinciliyinə start verilib

Aerobika gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyinə start verilib. Heydər Əliyev İdman-Konsert Kompleksində keçirilən yarışlarda "Ocaq Sport" klubu, "Grasiya" İK və Sumqayıt OİK-dən 110 gimnast medallar uğrunda mübarizə aparır. İdmançılar 7-ci Azərbaycan çempionatında yeniyetmələr (2009-2011-ci il), gənclər (2006-2008-ci il) və böyüklər yaş kateqoriyalarında (2005-ci il və daha böyük), açıq Bakı birinciliyində isə balacalar (2015-2016-cı il), uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il) və gənclər (2006-2008-ci il) yaş kateqoriyalarında yarışırlar. Qaliblər müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında müəyyənləşəcək.

Boks üzrə yarışlarda mükafatçılar müəyyənləşəcək

Gənclər arasında boks üzrə Azərbaycan birinciliyinə start veriləcək. Boks Mərkəzində təşkil olunan yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 59 komandanın 227 oğlan boksçusunun qatılacağı gözlənilir. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər. Qeyd edək ki, birinciliyin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi Anar Babanlı olacaq. Özbəkistanlı Aleksandr Hamidov və qırğızıstanlı Jamila Borkoyeva jüri funksiyasını yerinə yetirəcək.

Cüdoçularımız Avropa çempionatında

Azərbaycanın qadın və kişi cüdoçulardan ibarət yığmalarının noyabrın 3-də Fransanın Monpelye şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb. Üç gün davam edəcək milli komandaların 9 çəki dərəcəsində 11 üzvü mübarizə aparacaq. Qadınlar arasında Leyla Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) öz güclərini sınayacaq. Kişilərdən isə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kiloqram), Yaşar Nəcəfov (66 kiloqram), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kiloqram), Zelim Tçkayev (81 kiloqram), Murad Fətiyev (90 kiloqram), Zelim Kotsoyev (100 kiloqram) və Uşangi Kokauri (+100 kiloqram) tatamiyə çıxacaqlar.

Şahmat üzrə reytinq cədvəli açıqlanıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabr ayı üçün reytinq cədvəli açıqlayıb.

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun mövqeyi dəyişməyib. 36 yaşlı qrosmeyster 2745 xalla 14-cü pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov (2734) 1 pillə irəliləyərək 16-cı sıraya yüksəlib. Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2679) isə 5 pilləlik sıçrayışla 53-cü yerə qalxıb. 2644 xalı olan Rauf Hüseynov 99-cu pillədə qərarlaşıb. Siyahıya norveçli Maqnus Karlsen (2829) başçılıq edir. Qadın şahmatçılardan Günay Məmmədzadə (2441) 29-cu pilləyə yüksəlib. Ülviyyə Fətəliyeva (2395) 57-ci, Gövhər Beydullayeva (2383) 68-ci, Gülnar Məmmədova (2350) isə 94-cüdür.

Nərgiz İSMAYILOVA,

"Respublika".