DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

MACARISTAN NATO-NUN UKRAYNA ÜZRƏ MİSSİYASINA QARŞIDIR

Rəsmi Budapeşt NATO-nun Ukrayna üzrə missiyasına qarşıdır, lakin alyans üzvlərinin əksəriyyəti bunu dəstəklədiyi üçün buna mane ola bilmir. "Sputnik" informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Macarıstanın baş naziri Viktor Orban Alyansın baş katibi Yens Stoltenberqlə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bəyan edib.

Hökumət başçısı bildirib ki, o, həmsöhbətinin diqqətinə Macarıstanın alyansın ərazisindən kənarda, ilk növbədə Ukraynada NATO-nun hərbi əməliyyatlarında iştirak etməmək niyyətini çatdırıb.

Bununla yanaşı, Viktor Orbanın sözlərinə görə, Macarıstan vəziyyəti dəyişdirmək üçün imkan və gücə malik olmadığını etiraf etmək məcburiyyətində qalıb.

"Məlumdur ki, Macarıstanın mövqeyi Avropa İttifaqının mövqeyindən fərqlənir və Macarıstan fərqli olan fikirlərin sayının əhəmiyyətli olduğunu qəbul edir, lakin biz hər dəfə öz mövqeyimizi ifadə edə bilmişik buna görə də baş katibə minnətdarıq ki, öz mövqeyimizi NATO-nun bütün dairələrində bəyan etdiyimizə və vəziyyətlə bağlı təhlilimizi təqdim edə bildik", - deyə baş nazir qeyd edib.

Eyni zamanda Orban vurğulayıb ki, Macarıstan NATO-nun sadiq üzvü olaraq qalır və tərəfdaşlar qarşısında öhdəliklərini yerinə yetirməyə davam edəcək.

KTMT-DAN NİKOL PAŞİNYANIN AÇIQLAMALARINA MÜNASİBƏT

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş Katibliyi Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin təşkilatdan çıxa biləcəyinə dair açıqlamalarına münasibət bildirib. Bu barədə "Trend" agentliyi Ermənistan mediasına istinadən xəbər verib.

Bildirilir ki, KTMT Baş Katibliyinin açıqlamasına görə, Ermənistan təşkilatın tamhüquqlu üzvü olaraq qalır.

Eyni zamanda, qeyd edilir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə əsasən "Paşinyan deməyib ki, biz KTMT-dən çıxırıq, o deyib ki, biz nə vaxt çıxacağımıza qərar verəcəyik" açıqlamasına diqqət çəkilib.

"Bununla əlaqədar olaraq, ondan çıxış edirik ki, Ermənistan Respublikasının KTMT-nin tədbirlərində iştirakının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, ölkə təşkilatın tamhüquqlu üzvüdür", - KTMT-nin açıqlamasında deyilir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan növbəti məntiqi addımın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq olduğunu bəyan edib. Onun sözlərinə görə, bu addımın məhz nə zaman atılacağına Ermənistan hakimiyyəti qərar verəcək.

HƏMAS GİROVLARLA BAĞLI RAZILIĞA GƏLMƏK ÜÇÜN TƏLƏB İRƏLİ SÜRÜB

Girovların azad edilməsi ilə bağlı sazişin bağlanmasına əsas maneə HƏMAS hərəkatının tam və daimi atəşkəs tələbidir. Bu barədə “Times of Israel” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin verdiyi xəbərə görə, HƏMAS İsrail hakimiyyətindən atəşkəs zəmanəti tələb edir. İsrail tərəfi isə təklif olunan sazişin birinci mərhələsində cəmi altı həftəlik atəşkəs təklif edib.

Məlumata əsasən, bu müddət ərzində İsrail və HƏMAS daimi atəşkəs barədə müddəanın da yer alacağı ikinci mərhələnin şərtlərini razılaşdırmalıdırlar.

İsrailin təklifi danışıqları davam etdirmək üçün altı həftəlik atəşkəsin uzadılmasını mümkün etsə də, HƏMAS ehtiyat edir ki, müvəqqəti atəşkəs İsrail tərəfinə hərbi əməliyyatları bərpa etmək və razılaşmanı pozmaq üçün bəhanə tapmağa imkan verəcək.

40 ÖLKƏ SAXLANILAN BMT ƏMƏKDAŞLARININ AZAD OLUNMASINI TƏLƏB EDİB

BMT-yə üzv olan 40 ölkə Yəmənin şimalında husilər tərəfindən saxlanılan təşkilat əməkdaşlarını azad etməyə çağırıb. “Report” agentliyinin ABŞ bürosu xəbər verib ki, bununla bağlı Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında bəyanatla çıxış edib.

Verilən xəbərə görə, diplomat təşkilat əməkdaşlarının saxlanılmasını şiddətlə qınadıqlarını və üzv ölkələrin saxlanılanların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb etdiyini vurğulayıb.

Xatırladaq ki, iyunun 8-də Yəmənin paytaxtı Səna şəhərində ölkənin şimalının böyük bir hissəsinə nəzarət edən husilər beynəlxalq təşkilatların əməkdaşlarının evlərinə və ofislərinə basqın edib, onların telefon və kompüterlərini ələ keçiriblər. Məlumata görə, saxlanılan 15 əməkdaş BMT-nin İnsan Hüquqları və Humanitar Məsələlər İdarəsində çalışırlar.

ABŞ VƏ UKRAYNA ARASINDA TƏHLÜKƏSİZLİK SAZİŞİ İMZALANIB

ABŞ və Ukrayna dövlətləri arasında iyunun 13-də təhlükəsizlik sazişi imzalanıb. "Report" xəbər verir ki, İtaliyada səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski həmkarı Cozef Baydenlə birlikdə təhlükəsizlik sazişinə qol çəkib. Bildirilir ki, mərasim "Böyük Yeddilik" ölkələri sammiti çərçivəsində baş tutub.

Razılaşmaya əsasən ABŞ Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiqləyir. Birləşmiş Ştatlar Ukraynaya uzunmüddətli silah təchizatı, hərbi personalının təlimi və məsləhətləri ilə kömək etməyi öhdəsinə götürür.

"Röyters" agentliyinin qeyd etdiyi kimi, sazişin mətnində birbaşa qeyd olunur ki, sənəd Ukraynanın NATO-ya daxil olmasına kömək etmək üçün nəzərdə tutulub.

"Ukraynanın təhlükəsizliyini təmin etmək üçün hər iki tərəf Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatının standartlarına cavab verən əhəmiyyətli silahlı qüvvələrə, güclü imkanlara və hərbi sənaye kompleksinə davamlı investisiyalara ehtiyacı olduğunu qəbul edir", - deyə sazişdə qeyd olunur.

DÜNYA ƏN AĞIR QUŞ QRİPİ EPİDEMİYASI İLƏ ÜZLƏŞİB

Dünya son iyirmi il ərzindəki ən ağır quş qripi epidemiyası ilə üzləşib. Ekspertlər iddia edirlər ki, xəstəliyin təbiətdə mövcudluğu azalmağa doğru getməsə, o yekun nəticədə daimi əsaslarla insanlar arasında yayılacaq və bu, yalnız zaman məsələsidir. Bu baş verdikdə isə dünya koronavirus və ya hər hansı bir qrip kimi ötürülən yeni pandemiya ilə üzləşə bilər.

Məlumata əsasən, koronovirusun üstünlüyü ondan ibarətdir ki, bu vəziyyətdə onunla mübarizə aparmaq üçün terapevtik arsenal mövcud olacaq. 2009-cu ildə A qripi epidemiyası zamanı istifadə edilən məşhur "Tamiflu" preparatından başqa, bu yaxınlarda qoruyucu qalxan rolunu oynayacaq xüsusi peyvəndlər hazırlanıb.

Bildirilir ki, ABŞ bu peyvəndlərin strateji ehtiyatını yaradaraq, müdafiə mövqeyinə keçən ilk ölkədir. Bu addım, südçülük fermasının işçiləri arasında yoluxma halları aşkar edildikdən sonra atılıb.

Eyni zamanda, bir neçə gün öncə Avropa İttifaqının 15 ölkəsi "H5N1" virusuna qarşı 665 min doza peyvənd satın alıb.

ALİMLƏR AVTOMOBİL İDARƏ EDƏN ROBOTU SINAQDAN KEÇİRİBLƏR

Yaponiyada robot ilk dəfə olaraq avtomobilin sükanı arxasına keçib. "Teleqraf.com"un verdiyi xəbərə görə, alimlər avtomobil idarə edən insanabənzər robotu sınaqdan keçiriblər.

Məlumata əsasən, sınaqlar Tokio Universitetinin mütəxəssisləri tərəfindən aparılıb. Təcrübə nəticəsində məlum oldu ki, robot avtomobili təhlükəsiz idarə edə bilir, lakin bir sıra məhdudiyyətlərə görə öz işini ləng yerinə yetirib.

"Musaşi" ləqəbli robot elektik avtomobilini sınaq yolunda idarə edib. Robot sükanı döndərə, avtomobili açarla işə sala, pedallara basa və dönmə siqnallarını yandıra bilib.

Bununla yanaşı, robot tədqiqat zamanı avtomobili yolayrıcından keçirmək və ya dönmə etmək kimi bir sıra manevrləri uğurla yerinə yetirib. Bildirilir ki, "Musaşi" ətrafını daim təhlil edərək maşını çox ehtiyatla idarə edib.

Alimlər robotu həddindən artıq ehtiyatlı adlandırıblar. Mütəxəssislər hesab edirlər ki, gələcəkdə belə robotlardan taksi sürücüsü kimi istifadə etmək mümkün olacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.