DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: TÜRK ORDUSU DÜNYANIN ƏN GÜCLÜLƏRİ SIRASINDADIR

Son altı ildə keçirilən əməliyyatların uğurları Türkiyə Silahlı Qüvvələrini dünyanın ən güclü orduları sırasına daxil etməyə əsas verir. “Trend” agentliyinin xəbər verdiyi kimi, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Milli Müdafiə Universitetində çıxışı zamanı bəyan edib.

Ərdoğanın sözlərinə görə, Türkiyə ordusunun gücü terrorla mübarizə sahəsində, o cümlədən sərhədyanı əməliyyatlarda da özünü göstərir. “Terror təhlükəsi tamamilə aradan qaldırılana qədər terrorizmlə mübarizə davam edəcək”, - deyə Türkiyə lideri bildirib.

Türkiyə dövlət başçısı NATO-nun Madriddə keçirilən son sammitinin nəticələrinə də toxunub. O qeyd edib ki, İsveç və ya Finlandiya üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsini gecikdirməyə və ya həyata keçirməməyə çalışsalar, Türkiyə NATO-nun genişlənməsi üzrə ilkin mövqeyinə qayıdacaq. “Buna heç kimin şübhəsi olmasın”, - deyən Ərdoğan NATO-ya dəvətin Şimali Atlantika Alyansı sıralarına qəbul edilmək anlamına gəlmədiyini vurğulayıb.

Prezident Ərdoğan daha sonra rəsmi Afinaya xəbərdarlıq edib: “Yunanıstan tarixin dərslərini xatırlamalı və bölgədəki prosesləri nəzərə almalıdır”.

 

ÖZBƏKİSTANDA İĞTİŞAŞ TÖRƏDƏN ŞƏXSLƏR SAXLANILIB

Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasının paytaxtı Nukus şəhərində iğtişaş törətməkdə təqsirli bilinən şəxslər saxlanılıb. “APA”nın xəbərinə görə, bu barədə Qaraqalpaq Muxtar Respublikasının Parlamenti, hökuməti və Daxili İşlər Nazirliyinin birgə bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, həmin şəxslər regionun hakimiyyət orqanlarını ələ keçirməyə cəhd göstəriblər. Tutulanların əksəriyyətinin iğtişaşların təşkilatçısı olduğu, hüquq-mühafizə orqanlarına aktiv müqavimət göstərdiyi qeyd olunur. Hazırda onların barəsində müvafiq istintaq hərəkətləri aparılır.

Bundan əvvəl Özbəkistan DİN ölkə Konstitusiyasına düzəlişə etiraz olaraq iyulun 1-də Nukus şəhərində qanunsuz mitinq keçirildiyi barədə məlumat yaymışdı.

Qeyd edək ki, Qaraqalpaq Özbəkistanın tərkibində muxtar respublikadır. Ölkənin şərqində yerləşən muxtar qurum Özbəkistan ərazisinin 40 faizini əhatə edir. Özbək və qaraqalpaq dilləri muxtar respublikanın rəsmi dilləridir.

 

FRANSA XİN: Aİ-NIN STRATEJİ MÜSTƏQİLLİYİNİN GÜCLƏNDİRİLMƏSİ ZƏRURİDİR

Fransa Avropa İttifaqının (Aİ) siyasət və iqtisadiyyatın əsas sahələrində strateji müstəqilliyinin gücləndirilməsini zəruri hesab edir. “Report” agentliyinin məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin Fransanın Aİ-də sədrliyinin altı aylıq yekunlarına görə dərc olunmuş memorandumda qeyd olunur.

“Avropa İttifaqı kritik xammal, yarımkeçiricilər, səhiyyə və qida sahələrində strateji müstəqilliyini gücləndirməlidir. Birliyin dünyada yerini möhkəmləndirəcək bu yeni siyasi istiqaməti yaxın illərdə Avropanın səylərinin mərkəzində olacaq”, - deyə sənəddə bildirilir.

Memorandumda xüsusilə qeyd olunur ki, Avropa İttifaqı ölkələri qazın birgə alınması mexanizminin yaradılması üzərində işləyəcək və bu, enerji sektorunda icmanın müstəqilliyini gücləndirəcək.

Sənəddə həmçinin qeyd olunur ki, Fransanın sədrlik etdiyi altı ay ərzində ümumilikdə 130 qanunvericilik sənədi hazırlanıb və qəbul edilib.

 

ABŞ ADMİNİSTRASİYASI ƏMƏKDAŞLARININ GƏLİRLƏRİ AÇIQLANIB

Ağ Ev ABŞ prezidenti Cozef Baydenin administrasiyasının əməkdaşlarının illik gəlirləri haqqında məlumatları təqdim edən hesabat dərc edib. “Trend”in verdiyi xəbərə görə, prezident ofisinin əməkdaşları arasında tutduğu vəzifədən gəlir əldə etməyənlər də var.

Prezidentin seçki hüquqları üzrə baş müşaviri Castin Levitt, iqtisadi siyasət üzrə xüsusi müşaviri Nil Mahoni, həmçinin miqrasiya üzrə baş məsləhətçi Ramzi Kassem tutduqları vəzifələrdən gəlir əldə etməyiblər.

Məlumata görə, administrasiyanın bütün 474 əməkdaşı arasında illik ən çox - 191,3 min dollar gəlir əldə edən nəqliyyat üzrə baş siyasi məsləhətçi Luiza Paevonski olub.

Hesabatda daha sonra Ağ Evin mətbuat katibi Karin Jan Pyer, Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Brayan Diz, prezident administrasiyasının rəhbəri Ronald Klein və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da daxil olmaqla, 180 min dollar gəliri olan 24 nəfər yer alır.

Qeyd edək ki, Ağ Ev 1995-ci ildən bəri hər il Konqresə əməkdaşlarının gəlirləri haqqında hesabat verir.

 

ÜST MEYMUNÇİÇƏYİ İLƏ BAĞLI TƏCİLİ TƏDBİRLƏR GÖRMƏYƏ ÇAĞIRIB

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinə yoluxanların sayının artmasına görə Avropa ölkələrini təcili tədbirlər görməyə çağırıb. “APA”nın məlumatına görə, qurum son iki həftə ərzində qitədə yoluxma sayının üç dəfə artdığını bildirib.

ÜST-ün Avropa üzrə regional direktoru Hans Klüqe bildirib ki, xəstəliyin arealının genişlənməməsi üçün Avropa ölkələri yaxın aylarda səyləri gücləndirməlidir. Xəstəliyin yayılmasının qarşısını almaq üçün təcili və koordinasiyalı işə ehtiyac var.

Qurumun statistikasına görə, Avropada 4500 nəfərin meymunçiçəyinə yoluxması təsdiqlənib. Dünyadakı yoluxmaların 90 faizi məhz bu qitədədir. Hans Klüqe əlavə edib ki, yoluxma hallarının əksəriyyəti 21-40 yaş insanlar arasında qeydə alınıb, onların da 99 faizi kişilərdir.

Eyni zamanda, Hans Klüqe vurğulayıb ki, xəstələrin təxminən 10 faizi ya müalicə, ya da təcrid üçün xəstəxanaya, bir xəstə isə reanimasiya şöbəsinə yerləşdirilib. “Bu günə qədər ÜST ölümlərlə bağlı məlumat almayıb”, - deyə təşkilatın regional direktoru vurğulayıb.

 

İRANDA BAŞ VERƏN GÜCLÜ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ BİR KƏND TAMAMİLƏ DAĞILIB

İyulun 2-nə keçən gecə İranın cənubunda yerləşən Hörmüzqan vilayətində ardıcıl  baş verən zəlzələlər nəticəsində Bəndər Lenge rayonunda Sayexoş kəndi tamamilə dağılıb. “Trend”in məlumatına görə, bunu İranın Hörmüzqan vilayətinin valisi Mehdi Dusti bəyan edib.

Vilayət rəsmisinin sözlərinə görə, hazırda əhalinin müvəqqəti olaraq böyük çadırlarda yerləşdirilməsi üzrə işlər aparılır. O əlavə edib ki, növbəti bir neçə ay ərzində kəndin bərpası üçün ciddi addımlar atılmalıdır.

Bununla yanaşı, Hörmüzqan valisi qeyd edib ki, zəlzələ nəticəsində 49 nəfər yaralanıb. Onların yarısı müalicə olunaraq evə buraxılıb. Hazırda vilayətdə 8 təcili yardım maşını, 2 helikopter yardım edir.

Qeyd edək ki, yerli vaxtla 02:02 radələrində İranın Hörmüzqan vilayətinin Bəndər Lenge rayonunda 6,1 bal gücündə zəlzələ baş verib və 28 afterşok qeydə alınıb. Zəlzələ nəticəsində 5 nəfər həlak olub.

 

ŞİMALİ KOREYADA YAYILAN VİRUSUN MƏNBƏYİ “TAPILDI”

Şimali Koreya dövlət mediasında yayılan xəbərdə ölkədə pandemiyanın vətəndaşların Cənubi Koreyadan gələn “yad əşyalara toxunması” ilə başladığı iddia edilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, vətəndaşlardan Şimali Koreya lideri Kim Çen Inın tənqid olunduğu vərəqələrlə yanaşı, qonşu ölkədən göndərilən hava şarları və yad cisimlərə qarşı diqqətli olmaları istənilib.

Dövlət mətbuatı aprel ayında Cənubi Koreya sərhədinə yaxın İpho qəsəbəsində 18 yaşlı əsgər və 5 yaşlı oğlanın “yad əşyalarla” təmasda olduğunu və bundan sonra onların “COVID-19” testlərinin müsbət çıxdığını bildirib.

Eyni zamanda, aidiyyəti qurumlardan Cənubi Koreya sərhədinə nəzarəti gücləndirmələri tələb olunub. Təlimatda vətəndaşlardan “yad əşyalar”la rastlaşdıqda aidiyyəti qurumlara xəbər vermələri tələb edilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.