Finlandiya şirkətləri Ələt Azad İqtisadi Zonasında yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edilib
İqtisadiyyat

Finlandiya şirkətləri Ələt Azad İqtisadi Zonasında yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edilib

Ələt Azad İqtisadi Zonasında yaradılmış əlverişli investisiya imkanları barədə Finlandiya şirkətlərinə təqdimat keçirilib.

Azərbaycanın İsveç Krallığında və eyni zamanda Finlandiya Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Helsinkidə keçirilən xüsusi tədbirdə iştirak edən 50-dək şirkət nümayəndəsi Ələt Azad İqtisadi Zonasında yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət olunub.

Tədbirdə çıxış edən Azərbaycanın İsveç Krallığında səfiri Zaur Əhmədov, ölkəmizlə Şimali Avropa ölkələri arasında artan siyasi-mədəni əlaqələr və ciddi artım dinamikasını nümayiş etdirən iqtisadi münasibətlər barədə söz açıb. Onun sözlərinə görə, əlaqələrin daha intensiv inkişaf etməsi üçün iqtisadi münasibətlərin dərinləşməsi mütləq şərtə çevrilir. Bu səbəbdən, belə bir tədbirin Finlandiya paytaxtında keçirilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan iqtisadiyyatının son illərdəki sürətli inkişaf və şaxələndirilmə siyasəti barədə məlumat verən səfir, Ələt Azad İqtisadi Zonasının bu addımlar içində əhəmiyyətli yer tutduğunu diqqətə çatdırıb. Diplomatın sözlərinə görə, sözügedən iqtisadi zona bütün xarici investorlara böyük maraq doğuran unikal investisiya imkanları yaradır və bu tədbir yaradılan şəraitlə tanış olmaq üçün əla fürsətdir.

Ardınca videokonfrans formatında tədbirə qatılan Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun rəhbəri Valeh Ələsgərov, rəhbərlik etdiyi qurumun mahiyyəti və planları haqqında ətraflı danışıb. Bildirib ki, Ələt Azad İqtisadi Zonası Azərbaycana innovativ texnologiyalara əsaslanan, əlavə dəyər formalaşdıran ixracyönümlü istehsal müəssisələrinin yaradılması üçün qabaqcıl yanaşmalar və biznes yönümlü imkanlar təqdim edir. Bu xüsusda investorlara unikal qanunvericilik bazası, əlverişli logistika və nəqliyyat infrastrukturu, fiskal və qeyri-fiskal imtiyazlar və habelə, istehsalatın yaradılması üçün bütün zəruri infrastruktur ilə təchiz olunan torpaq sahələri təklif edilir.

Fikrini davam etdirən qurum rəhbəri, Finlandiya şirkətlərini Ələt Azad İqtisadi Zonasında yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.

Daha sonra "Caucasus Consulting Group of Companies" şirkətinin təsisçisi Bəhram Atabəyli ölkəmizdəki biznes mühiti, Avropa şirkətlərinin Azərbaycan bazarında marağı barədə danışıb.

Tədbir sual-cavab formasında davam edib.