DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

ABŞ GÜRCÜSTANLA MÜNASİBƏTLƏRİ YENİDƏN NƏZƏRDƏN KEÇİRİR

ABŞ Gürcüstanda qəbul edilən “xarici təsir haqqında” qanunla əlaqədar bu ölkə ilə ikitərəfli münasibətləri yenidən nəzərdən keçirməyə başlayır. “Trend” agentliyinin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Antoni Blinken bəyan edib.

Dövlət katibi deyib: “Ölkələrimiz arasında münasibətləri nəzərdən keçirərkən, öz qərarlarımızı qəbul edəndə Gürcüstanın hərəkətlərini nəzərə alacağıq”.

Eyni zamanda, Antoni Blinken Gürcüstan hakimiyyətinin qanuna yenidən baxacaqlarına, həmçinin ölkələrinin demokratik, eləcə də Avratlantik istəklərinə nail olmaq üçün müvafiq addımlar atacaqlarına ümidvar olduğunu bildirib.

Bununla yanaşı, dövlət katibi bəyan edib ki, ABŞ Gürcüstana qarşı viza məhdudiyyəti siyasəti tətbiq edəcək. Onun sözlərinə görə, bu məhdudiyyət “Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən şəxslərə, habelə onların ailə üzvlərinə şamil olunacaq”.

Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının ABŞ dövlət katibi Antoni Blinkenin sanksiyalarla bağlı bəyanatına cavabında deyilir: “Heç bir şantaj bizi ölkəmizə qarşı addım atmağa məcbur edə bilməz. Belə bir vəziyyətdə sanksiyalar yalnız qeyri-məhsuldar ola bilər və sanksiya tətbiq edən tərəfə zərər vura bilər”.

FRANSIZLARIN ƏKSƏRİYYƏTİ HÖKUMƏTƏ VƏ PARLAMENTƏ İNAMINI İTİRİB

Fransızların əksəriyyəti ölkənin əsas hakimiyyət orqanlarına inamını itirib. “Report” xəbər verir ki, Avropa Parlamentinin saytında dərc olunan “Eurobarometer” sorğusunun nəticələri bunu göstərir.

Bildirilir ki, araşdırmaya əsasən, fransızların 54 faizi Avropa İttifaqı qurumlarına inanmır və yalnız əhalinin 34 faizi birləşmənin Beşinci Respublikaya təsirini müsbət qiymətləndirib.

Bununla yanaşı, respondentlər ölkənin əsas problemləri sırasında inflyasiya, yaşayış xərclərinin artması, cinayətlərin səviyyəsi, səhiyyə və təhsildəki problemləri qeyd ediblər.

Fransızlar təkcə Aİ-də deyil, həm də öz dövlətlərinin əsas hakimiyyət orqanlarına da etimad etmirlər. Belə ki, sorğuda iştirak edənlərin 66 faizi parlamentdən narazıdır, 24 faiz isə qanunverici orqanın işini dəstəkləyir.

Eyni zamanda, xəbər verilir ki, hökumətin reytinqi daha pisdir - fransızların 74 faizi Nazirlər Kabinetinə inanmır, yalnız respondentlərin 19 faizi əks mövqedədir.

ABŞ-DA BU QANUN LAYİHƏSİ YENİDƏN SƏSVERMƏDƏN KEÇƏ BİLMƏYİB

ABŞ-ın cənub sərhədində nəzarət tədbirlərini gücləndirən qanun layihəsi yenidən Konqres Senatında səsvermədən keçə bilməyib. Bu barədə “CNN” telekanalının məlumatında qeyd olunur.

Xəbər verilir ki, Konqresin yuxarı palatasının 43 üzvü hər iki partiyanın nümayəndələri tərəfindən hazırlanmış qanun layihəsinin lehinə, 50-si isə əleyhinə çıxış edib.

Sənədin təsdiqlənməsi üçün ən azı 60 senatorun dəstəyi tələb olunurdu. Bildirilir ki, sözügedən qanun layihəsi sərhəddə qaçqınların sayının artacağı təqdirdə miqrantlara sığınacaq vermək imkanını məhdudlaşdırmağı nəzərdə tuturdu.

Xatırladaq ki, fevral ayında İsrail və Ukraynaya yardım paketi qanun layihəsinə daxil edilmiş ABŞ-ın cənub sərhədində nəzarət tədbirlərinin gücləndirilməsi təşəbbüsü də Konqres Senatında rədd edilmişdi.

ÇEXİYA PREZİDENTİ XƏSARƏT ALARAQ HOSPİTALA YERLƏŞDİRİLİB

Çexiya prezidenti Petr Pavel motosiklet sürərkən xəsarət alaraq müaicə üçün Praqa Mərkəzi Hərbi Hospitalına yerləşdirilib. “Trend” agentliyinin məlumatına görə, bu barədə dövlət başçısının administrasiyası məlumat yayıb.

“Prezidentin xəsarətləri ciddi deyil, lakin buna görə Mərkəzi Hərbi Hospitalda qısamüddətli müayinə tələb olunur”, - deyə açıqlamada qeyd olunur.

Eyni zamanda, bildirilir ki, dövlət başçısının administrasiyası sonradan baş verənlərlə bağlı ictimaiyyətə daha ətraflı məlumat vermək niyyətindədir.

Qeyd edək ki, bu il 63 yaşı tamam olacaq Peter Pavel avtomobil idmanının həvəskarıdır. Boş vaxtlarında motosiklet sürməyi xoşlayır. Çex ordusunun istefada olan generalı olan prezident, həkimlərin fikrincə, əla fiziki formadadır.

ÇİN ORDUSU TƏLİMLƏR ÇƏRÇİVƏSİNDƏ TAYVAN ADASINI MÜHASİRƏYƏ ALIB

Tayvan bölgəsindəki təlimlər zamanı Çin Silahlı Qüvvələri adanı faktiki olaraq mühasirəyə alıb və real döyüş imkanlarını yoxlamaq üçün müxtəlif ssenarilər tətbiq edirlər. “TASS” agentliyinin xəbərinə görə, bunu Çin Xalq Azadlıq Ordusunun (AXC) Şərq Döyüş Komandanlığı Zonasının dərc etdiyi təlimlərin interaktiv xəritəsi sübut edir.

Məlumata görə, “Birgə Qılınc 2024A” adlı təlim çərçivəsində Çin ordusunun müxtəlif qoşunları adanın faktiki olaraq bütün istiqamətlərində yerləşdirilib.

Bildirilir ki, təlimlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması üçün nəzərdə tutulan ərazinin nəzarətə götürülməsi, müxtəlif qüvvələrin qarşılıqlı fəaliyyətinin məşq edilməsi və cəlb olunan qüvvə, eləcə də vasitələrin real döyüş imkanlarının yoxlanılmasıdır.

“Manevrlər Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələr, eləcə də kənardan müdaxilə etməyə çalışan qüvvələr üçün ciddi xəbərdarlıq və cəzadır”, - deyə komandanlığın bəyanatında qeyd olunur.

AVROPA MƏHKƏMƏSİ SAAKAŞVİLİNİN İŞİNDƏ POZUNTU AŞKAR ETMƏYİB

Avropa İnsan Haqları Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin işində ədalətli mühakimə pozuntusunun aşkar edilmədiyini bəyan edib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Açıqlamaya görə, Saakaşvilinin məhkəməsi zamanı müttəhimin məhkəmədə olmaq, şahidlərin dindirilməsi, qanunsuz cəza prinsipləri pozulmayıb.

Qeyd edək ki, Mixeil Saakaşvili 2005-ci ildə parlament üzvünə hücum etmək və 2008-ci ildə qətldə şübhəli bilinən Daxili İşlər Nazirliyinin 4 yüksək rütbəli əməkdaşını əfv etmək ittihamı ilə ona qarşı qaldırılan işlərə etiraz etmək üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişdi.

Məhkəmənin bəyanatında deyilir: “Cənab Saakaşvili qabaqcadan görməli idi ki, öz əfv səlahiyyətindən istifadə edərək qətl işində ədalətin gedişatını pozmaq Gürcüstan qanunlarına görə cinayət məsuliyyətinə səbəb olacaq”.

Mixeil Saakaşvilinin Gürcüstan siyasətində iştirakının əngəllənməsinə görə etdiyi şikayəti də məhkəmə “ciddi və əsaslı ittihamlar səbəbi”lə rədd edib.

LİVANDA YOXSULLUĞUN SƏVİYYƏSİ ÜÇ DƏFƏ ARTIB

Dünya Bankı  Livanda uzun sürən iqtisadi böhran fonunda on il ərzində yoxsulluq səviyyəsinin üç dəfə artdığını açıqlayıb. Bu barədə “Assoşieyted Press” agentliyi maliyyə təşkilatının hesabatına istinadən xəbər verib.

Məlumata əsasən, 2012-2022-ci illər arasında yoxsulluq həddində yaşayan livanlıların nisbəti 12 faizdən 44 faizə yüksəlib.

Eyni zamanda, hesabatda qeyd olunub ki, ölkənin regionları üzrə göstəricilər fərqlidir. Məsələn, paytaxt Beyrut vilayətində bu dövrdə yoxsul əhalinin xüsusi çəkisi 4 faizdən 2 faizə qədər azalıb, şimaldakı Akkar əyalətində isə əksinə, 22 faizdən 62 faizə yüksəlib.

Dünya Bankının məlumatına görə, Livan vətəndaşlarının 73 faizi “çoxölçülü yoxsulluq” şəraitində yaşayır ki, onun səviyyəsi təkcə gəlirlə deyil, həm də təhsil, səhiyyə və təmiz içməli suya çıxış imkanları ilə qiymətləndirilir.

Məlumat üçün qeyd edək ki, təşkilatın hesabatı Livanın beş vilayətində aparılan araşdırmalar və əhali arasında keçirilən sorğular əsasında hazırlanıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.