Müasir çağırışlar, ölkəmizin iqlim diplomatiyası
Siyasət

Müasir çağırışlar, ölkəmizin iqlim diplomatiyası

Cari ilin noyabrında paytaxt Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a az bir müddət qalıb. Ölkəmizdə tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işlər aparılır. Həmçinin təyin edilmiş nümayəndələr xarici ölkələrə səfər edərək konfransla bağlı geniş məlumatlar verir, sağlam gələcək naminə bütün dövlət və qurumları birgə olmağa səsləyirlər.

Şübhəsiz ki, ciddi səylə irəlilədiyimiz bu yolda respublikamızın "yaşıl dünya" naminə gördüyü işlər açıq şəkildə görünür. Davamlı olaraq xarici media orqanları Azərbaycan və COP29-la bağlı yazılar dərc edir, sujetlər hazırlayırlar. Bunlardan biri də Pakistanın gündəlik ictimai-siyasi "The Nation" qəzetində dərc olunan "COP29 and Baku's Climate Diplomacy", yəni COP29 və Bakının iqlim diplomatiyası yazısıdır. Məqalə Azərbaycanın, xüsusilə də paytaxt Bakının qədim tikililəri ilə müasir arxitekturası arasındakı ahəngdən söz açaraq başlayır. Sonra isə qeyd edilib ki, COP29-da iştirak etmək üçün Bakı dünya liderlərini, siyasətçiləri və iqlimşünasları bir araya toplayır. Bu tədbir istər Azərbaycanın, istərsə də qlobal iqlim dəyişmələri ilə mübarizə tarixində dönüş nöqtəsi olacaq. Çünki qarşıya qoyulan məqsədlər bəllidir, istixana qazlarının miqdarını azaltmaq, sıfır emissiya və sağlam təbiətə sahib olmaq. Ölkəmiz 2050-ci ilə qədər bütün bunlara tam formada çatmağı hədəfləyib. Respublikamızı təkcə öz torpaqları deyil, ümumilikdə bütün region, iqlim dəyişmələrinə görə əziyyət çəkən dövlətlər maraqlandırır. Odur ki, bu yolda birgə irəliləmək üçün hər bir ölkə ciddi səy göstərməlidir.

"The Nation" nəşri yazır ki, konfrans yeri kimi Bakının seçilməsi Azərbaycan üçün əhəmiyyətli diplomatik qələbədir: "Azərbaycanın COP29-a ev sahibliyi etmək qərarı onun iqlim dəyişikliyi və bərpa olunan enerji ilə mübarizəyə sadiqliyinin sübutudur. Avropa ilə Asiya arasında körpü rolu oynayan Bakı müxtəlif xalqların bir yerə toplaşaraq müqavilələr bağlaya, təcrübə mübadiləsi aparacağı bir körpü rolunu oynayır". Həmçinin məqalədə maliyyə məsələsi də diqqətə çatdırılır. Belə ki, uzunmüddətli danışıqlar zamanı ölkələr iqlimin təsirlərinin azaldılması, uyğunlaşma və iqlimin möhkəmləndirilməsi kimi müxtəlif sahələrdə maliyyə dəstəyi tələb edirlər. İqlim dəyişmələri ilə mübarizədə maliyyənin əhəmiyyətinin ilbəil artması nəticəsində də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr problemin həlli üçün 100 milyard dollarlıq fond yaradacaqları vədini verirlər. Lakin bu məsələ hələ də sadəcə danışıq formatında qalır. Qəzet yazır ki, Azərbaycan COP29 çərçivəsində inkişaf etmiş ölkələri sözügedən maliyyə dəstəyi ilə bağlı vədlərini yerinə yetirməyə sövq edə bilər. Bu məsələ hazırda ciddi formada müzakirə edilir.

Ötən gün Belçikanın Azərbaycandakı səfiri Mişel Pitersman ADA Universitetində "COP29: İqlim üzrə fəaliyyət üçün imkanlar və çağırışlar. Avropa və regional perspektivlər" mövzusunda keçirilən tədbirdə bildirib ki, iqlim maliyyəsi COP29-un əsas müzakirə mövzusu olacaq. Bu, kifayət qədər mürəkkəb olsa da, nəticənin əldə edilməsi mümkün olacaq. Onun sözlərinə görə, ilk baxışdan tələb olunan məbləğ böyük görünür, amma zaman keçdikcə bu məbləğ daha da artacaq. Şübhəsiz ki, məsələnin Azərbaycanın təşəbbüsü ilə əldə edilməsinə yekdilliklə inamın olması vacib məsələdir. Ölkəmizə qarşı etimadın mövcudluğu bu günə qədər həyata keçirilən siyasətin nəticəsidir.

Hazırda ölkə daxilində də maliyyə məsələlərinə yönəlmiş işlər görülür. Belə ki, Vergi Məcəlləsinə təklif edilmiş bir sıra dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda təsdiqlənib. Buna əsasən, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər, eyni zamanda müvafiq müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə təsdiqedici sənəd əsasında malların idxalı 2024-cü il martın 1-dən 9 ay müddətinə vergidən azad edilib. 

Nəhayət, məqalənin sonunda qeyd edilib ki, COP29 sadəcə bir konfrans deyil, həm də hamımızı sərhədləri aşmağa və ortaq planetimizi qorumağa çağıran ümid işığıdır: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi dünya liderlərinə iqlim dəyişikliyi ilə mübarizədə birləşmək və irəliləyiş üçün mühüm şans təqdim edir. COP29 fəaliyyətə, ambisiyaya və inklüzivliyə diqqət yetirdiyinə görə gələcək nəsillər üçün ətraf mühiti qorumaq səylərimizdə dönüş nöqtəsi olmaq potensialına malikdir. Bu mühüm görüşün nəticələrini bütün dünya səbirsizliklə gözləyir".

Töhfə SƏMƏDOVA,

"Respublika".