Azərbaycan dünya mediasında
Siyasət

Azərbaycan dünya mediasında

"Anadolu Agentliyi": Türkiyə prezidenti azərbaycanlı həmkarı ilə ikitərəfli münasibətləri, regional məsələləri müzakirə edib

Qardaş ölkənin məşhur informasiya portalı "Anadolu Agentliyi" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığı barədə məlumat yayıb. Qeyd olunub ki, telefon danışığı zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal hadisələr müzakirə edilib. Prezident Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət irəliləyişindən məmnunluğunu ifadə edərək Türkiyənin prosesi yaxından izlədiyini bildirib. Türkiyə lideri, həmçinin regionda ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, eləcə də bölgə ölkələri üçün yeni bir mühit yaradacağını vurğulayıb.

"Tehran Times": Prezidentlər faciə ilə əlaqədar İran səfirliklərini ziyarət ediblər

"Tehran Times" yazır ki, Azərbaycan, Qazaxıstan və İrlandiya prezidentləri İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın vəfatı ilə bağlı başsağlığı vermək üçün İranın öz ölkələrindəki səfirliklərini ziyarət ediblər.

Xəbərdə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev bazar günü helikopterin qəzaya uğraması nəticəsində həlak olan iranlı dövlət rəsmilərinin xatirəsini anmaq üçün İranın Bakıdakı səfirliyinə gəlib, matəm kitabına ürək sözlərini yazıb. Məlumatda İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri Kani ilə nazir Ceyhun Bayramov arasında telefon danışığı olduğu da qeyd edilib. İranlı diplomat Prezident İlham Əliyevin Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı üçün səfirliyə gəlməsinin yüksək hörmət əlaməti olduğunu bildirib və buna görə dərin minnətdarlığını çatdırıb. Əli Bağeri Kani Tehranın Bakı ilə münasibətlərin genişləndirilməsinə sadiq qaldığını vurğulayıb.      

"Vestnik Kavkaza": Maksim Şevçenko. Yeni Kaledoniyada böhran, Fransa hökumətinin məsələyə laqeydliyi...

Jurnalist, tarixçi Elmar Hüseynov və siyasətçi Maksim Şevçenko "Vestnik Kavkaza"nın "Qaynar nöqtə" adlı xüsusi layihəsinin budəfəki buraxılışında Yeni Kaledoniyada baş verən kütləvi iğtişaşların nədən qaynaqlanmasından, neokolonializm böhranının getdikcə dərinləşməsindən, Fransa-Azərbaycan arasında mövcud gərginliyin gələcək taleyindən danışıblar.

Aparıcılar qeyd edib ki, Yeni Kaledoniya Sakit okeanda hamı tərəfindən unudulmuş və Fransa hökuməti tərəfindən müstəmləkə halına gətirilmiş, bir gecədə isə bütün dünyanı taleyi ilə maraqlandıran kiçik ada dövlətidir. 1853-cü ildə fransızlar tərəfindən işğal edilən Yeni Kaledoniyaya ötən əsrin müxtəlif dövrlərində, az da olsa, imtiyazlar verilib. Lakin son günlərdə Yelisey sarayının bölgədə "iplərin sıxılması"na cəhd etməsi gərginliyi yenidən alovlandırıb.

Buraxılışı geniş formatda buradan izləyə bilərsiniz:

https://youtu.be/5P-Y8yZ7oUY?si=1ks0AE4sblPFRv92

"Yuz": Özbəkistan və Azərbaycan regionlar arasında əlaqələri artırır

Azərbaycan Respublikasının Quba şəhərində iki ölkənin işgüzar dairələrinin 300-dən çox nümayəndəsi, nazirlik, idarə, sənaye assosiasiyalarının rəhbərləri və yerli hakimiyyət orqanlarının iştirak etdiyi II Özbəkistan-Azərbaycan regionlararası forumu keçirilib.

"Yuz" xəbər verir ki, Forumun həmsədrləri Özbəkistan tərəfdən - Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov, Azərbaycan tərəfdən isə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov olub.

İştirakçıları salamlayan Ləziz Kudratov çoxşaxəli Özbəkistan-Azərbaycan əməkdaşlığının göstəricilərinin əhəmiyyətli dərəcədə artmasına diqqət çəkib. Belə ki, son 5 ildə Özbəkistan-Azərbaycan ticarət dövriyyəsinin həcmində 3 dəfə, 2024-cü ilin əvvəlindən isə daha 15% artım müşahidə olunub. Ölkələr yaxın gələcəkdə 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə doğru inamla irəliləyir.

Tədbir zamanı həmçinin iki ölkənin regionlarının investisiya və sənaye potensialının təqdimatları keçirilib, B2B və G2B formatlarında danışıqlar aparılıb, qarşılıqlı faydalı əməkdaşlığın praktiki aspektləri müzakirə edilib.

Regionlararası Forumun yekunu olaraq Termez və Biləsuvar, Namanqan və Mingəçevir, Gülüstan və Füzuli arasında ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığa dair anlaşma memorandumları, o cümlədən investisiya sazişləri və ticarət müqavilələri imzalanıb.

"The Nation": COP29 və Bakının iqlim diplomatiyası

Azərbaycanda keçiriləcək COP29 dünya liderlərini, siyasətçiləri və iqlimşünasları bir araya toplayır.

Bu barədə "The Nation" xəbər saytı məlumat yayıb. Qlobal iqlim dəyişikliyi ilə mübarizə tarixində dönüş nöqtəsi olan bu tədbir 2024-cü il noyabrın 11-dən 22-dək davam edəcək.

Bakının konfransa ev sahibi seçilməsi Azərbaycan üçün mühüm diplomatik qələbədir. Bu, ölkənin iqlim dəyişikliyi ilə mübarizəyə böyük əhəmiyyət verdiyini göstərir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi barədə qərar onun iqlim dəyişikliyi və bərpa olunan enerji ilə mübarizəyə sadiqliyinin sübutudur. Ölkə 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmağı, 2030-cu ilə qədər isə enerjinin 30%-ni bərpa olunan mənbələrdən əldə etməyi hədəfləyir. Azərbaycanın enerji sistemini şaxələndirmək və yaşıl enerji sahəsində pioner kimi özünü göstərmək planının əsas elementlərinə külək, günəş və yaşıl hidrogenlə bağlı təşəbbüslər daxildir.

"Respublika".