Yay Olimpiya Oyunları üçün Paris doğru ünvandırmı?
Siyasət

Yay Olimpiya Oyunları üçün Paris doğru ünvandırmı?

2024-cü il 26 iyul - 11 avqust tarixlərində keçirilməsi planlaşdırılan Yay Olimpiya Oyunlarını antisemitizm və islamofobiyanın ifrat həddə çatdığı Paris kimi bir şəhərdə təşkil etmək mübahisəli məsələdir. İdmanın ali prinsiplərindən biri də birlik və həmrəylik nümunəsidir ki, sadalananların heç biri Fransada özünü göstərmir.

Olimpiya Oyunları birlik nümayiş etdirməklə yanaşı, mövcud ictimai problemlərə də diqqəti cəlb edir. Elə şəhər sakinləri də sözügedən yarışın ölkədə keçirilməsində o qədər də maraqlı deyillər.

2024-cü ildə Olimpiya Oyunlarının Parisdə keçirilməsinin tərəfdarlarının sayının azaldığı müşahidə olunur. Belə ki, "Le Figaro" qəzeti üçün keçirilən sorğunun nəticələri bunu təsdiqləyir. Sorğuya əsasən, fransızların yalnız 58%-i gələn il oyunların Fransanın paytaxtında keçirilməsinə müsbət yanaşır. Sorğuda iştirak edənlərin yerdə qalanları ya əks fikir bildirib, ya da konkret cavab verməyiblər. Sorğunun nəticələrindən görünür ki, mənfi cavab vermiş respondentlərin 64%-i təhlükəsizliklərinə görə, 66% nəqliyyat problemləri ilə bağlı, 71%-i isə ətraf mühitə mənfi təsirə görə narahatdırlar.

Olimpiadanın birlik mesajı ilə Fransadakı sosial reallıqlar arasındakı uyğunsuzluq artıq öz təsirini göstərir. Sosial rifahı təmin etməzdən əvvəl mötəbər tədbirə ev sahibliyi etmək cəhdi fiasko ilə başa çata bilər. Baş verə biləcək potensial təhlükələri aradan qaldırmaq əvəzinə rəsmi Paris Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Bir müddət əvvəl Yelisey sarayı dünya mediasında Azərbaycanın əleyhinə təbliğat aparırdı ki, guya 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunları müstəvisində "X" sosial şəbəkəsinin bir azərbaycanlı istifadəçisi öz profilində ölkə polisinin etirazçılara qarşı şiddət tətbiqi ilə bağlı paylaşım edib və insan hüquqlarının pozulduğu məmləkətdə Olimpiya Oyunlarının keçirilməsinin yolverilməz olduğunu bildirib. Hətta Fransada bunu təsbit edən Dezinformasiya ilə mübarizə qrupu adlı bir təşkilat da var imiş.

İlk növbədə, Paris Avropanın ən çirkli şəhərləri sırasında qərarlaşıb. Bununla yanaşı, Fransada insan hüquqlarına qarşı etinasız vəziyyətin hökm sürməsi fonunda bu cür fikirlərin formalaşması tam təbiidir. Dünənə qədər "sarı jiletlilər" Paris küçələrində polislə qarşı-qarşıya gəlirdilər. Bu tip aksiyaların yenidən fəallaşacağı istisna deyil. Burada istər insan hüquqlarının pozulması hallarının, istər polis zorakılığının, istərsə də rasizmin, islamofobiyanın yüksələn xətt üzrə inkişaf etdiyi elə Olimpiya iştirakçılarına da bəllidir.

Ümumən irqçiliyin üst səviyyədə olması bu ölkənin mötəbər idman yarışına evsahibliyini sual altına alır. Xatırladaq ki, 27 iyun 2023-cü il tarixində Fransanın Nanter şəhərində heç bir ciddi təhlükə olmadan 17 yaşlı Əlcəzair əsilli gəncin polis tərəfindən öldürülməsi Fransada kütləvi böhrana səbəb olmuşdu. Nəticədə Parisdə Olimpiya Oyunlarında iştirak etməli olan müxtəlif irqlərin və fərqli dinlərin nümayəndələri olan idmançıların təhlükəsizliyi məsələsi əsaslı müzakirə mövzusudur. Qeyd edək ki, 16 noyabr 1995-ci ildə Parisdə qəbul edilmiş tolerantlıq prinsipləri Bəyannaməsinə görə, tolerantlıq dünya mədəniyyətlərinin müxtəlifliyinə əsaslanır. Vurğulanmalıdır ki, bu, təkcə mənəvi öhdəlik deyil, həm də siyasi və hüquqi tələbdir. Bu illər ərzində formalaşan Olimpiya hərəkatının prinsiplərinə oyunlar zamanı təhlükəsizliyin təmin edilməsi, tolerantlıq və insan hüquqları kimi ümumbəşəri dəyərlərə hörmət də daxildir. Məhz qeyd edilən faktorları nəzərə alsaq, Fransanın bu mötəbər tədbirə ev sahibliyi böyük şübhə doğrur. Əlbəttə, Makron hakimiyyəti yaxşı bilir ki, Yay Olimpiya Oyunları ölkəyə iqtisadi dividendlər qazandıra bilər. Lakin sabitliyin təmin edilməsindən əvvəl mənfəətin hesablanması Olimpiya Oyunlarının uğurla keçiriləcəyinə şübhə yaradır.

Nurlan ABDALOV,

"Respublika",