DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VİKTOR ORBAN: QƏRBİN HEGEMONLUQ DÖVRÜ BAŞA ÇATIB

Qərbin hegemonluğu dövrü artıq bitib və yeni dünya nizamı formalaşır, eləcə də heç kim bunu mübahisə etmir. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Macarıstanın baş naziri Viktor Orban ölkəsinin səfirləri ilə görüşündə bəyan edib.

Baş nazirin sözlərinə görə, dünyanı geosiyasi bloklara parçalamağa çalışırlar. O bildirib ki, Macarıstan digər ölkələrlə ittifaqı möhkəmləndirmək niyyətindədir, lakin dünyanın bloklara ayrılmasının tərəfdarı deyil.

Bununla yanışı, Viktor Orban Macarıstanın Avropa İttifaqı və NATO-ya üzvlükdə maraqlı olduğunu vurğulayıb.

Eyni zamanda, baş nazir vurğulayıb ki, ölkənin xaricdəki səfirləri iqtisadiyyat yolu ilə Macarıstanın nə qədər uğurlu olduğunu bütün dünyaya nümayiş etdirməlidir.

Bir müddət öncə Macarıstanın baş naziri  Brüsseldə dəyişikliklərin vacibliyinə diqqət çəkərək, Avropa İttifaqının siyasətinin avropalıların maraqlarından çox uzaq olduğunu qeyd etmişdi.

DANIŞMAZDAN ƏVVƏL DÜŞÜNMƏYƏN MAKRON QINAQ HƏDƏFİ OLDU

Fransa prezidenti Emmanuel Makron Ukraynaya Avropa silahlı qüvvələrinin göndərilməsi ilə bağlı fikirlərinə bəraət qazandırmağa çalışıb və bildirib ki, ölkənin yaxın gələcəkdə bununla əlaqədar planı yoxdur. “Report” agentliyinin verdiyi xəbərə görə, Makron bu barədə martın 5-də Praqaya səfərindən əvvəl Çexiyanın “Novinky” portalına müsahibəsində bildirib.

Makron ötən həftə Parisdə 26 dövlət başçısı ilə görüşdə Ukrayna münaqişəsi ilə bağlı verdiyi bəyanatlardan birinin yaratdığı beynəlxalq reaksiya dalğasına belə münasibət bildirib: “Mənə qoşunların yeridilməsi ilə bağlı verilən bir suala cavab olaraq dedim ki, heç nə istisna edilmir. Bu, o demək deyil ki, biz yaxın vaxtlarda Ukraynaya Fransa qoşunlarının göndərilməsi imkanını nəzərdən keçiririk”.

Eyni zamanda, Fransanın “Le Figaro" portalının oxucuları onun özünə bəraət qazandırmaq cəhdlərini müzakirə ediblər: “Rusiyalılar, qulaq asın, indi o, başqa bir söz deyə bilər, lakin heç kim onu ciddi qəbul etməyəcək”.

Oxucular həmçinin vurğulayıblar ki, Fransa prezidentinin fikirləri tez-tez dəyişir və onları Makronun sabah hansı fikirlərdə olacağı maraqlandırır: “Makronun ən ciddi problemi danışmazdan əvvəl düşünməməsidir”

QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI DANIŞIQLARDA NƏTİCƏ ƏLDƏ OLUNMAYIB

Misirin paytaxtı Qahirə şəhərində Qəzza zolağında atəşkəs elan edilməsi üzrə aparılan danışıqlar nəticəsiz başa çatıb. Bu barədə “Röyters” agentliyinin məlumatında qeyd olunur. Bildirilir ki, danışıqlar Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə keçirilib.

Verilən xəbərə əsasən, HƏMAS rəhbərliyinin üzvü Basem Naim agentliyə açıqlamasında bildirib ki, iki gün ərzində HƏMAS atəşkəslə bağlı öz təkliflərini vasitəçilərə təqdim edib və hazırda İsrailin cavabını gözləyir.

Bununla yanaşı, məlumata görə, danışıqlarda İsrail nümayəndələri iştirak etməyib.

Qeyd edək ki, danışıqların davam etdiyi bir vaxtda HƏMAS hərəkatı ilə İsrailin Qahirədə atəşkəs və girovların mübadiləsinə dair yeni sazişin əsas müddəaları üzrə razılığa gəldiyinə dair xəbər yayılmışdı.

STALİNİ QƏRBİN XÜSUSİ XİDMƏT ORQANLARI ÖLDÜRÜB?

Keçmiş SSRİ-nin lideri İosif Stalinin ölümündə Qərb xüsusi xidmət orqanlarının əli olub. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Sergey Malinkoviç bildirib.

Sədrin sözlərinə görə, partiya yoldaşları ilə birlikdə Stalinin ölümünün araşdırılması tələbi ilə artıq aidiyyəti qurumlara müraciət edib.

“İosif Stalinin ölümündə Qərb xüsusi xidmət orqanlarının əlinin olub-olmadığını yoxlamaq üçün Federal Təhlükəsizlik Xidməti  və Baş Prokurorluğa müraciət ünvanlamışıq”, - deyə siyasətçi vurğulayıb.

Eyni zamanda, Sergey Malinkoviç hesab edir ki, Qərb agentlərinin bu işə qarışmasını Stalin dövründə yaşamış insanların çoxsaylı ifadələri də sübut edir.

Xatırladaq ki, SSRİ lideri 1953-cü il martın 5-də beyninə qan sızması nəticəsində vəfat edib. Həkimlər bunun hipertoniya və ateroskleroz əsasında baş verdiyi qənaətindədirlər.

AVROPA İTTİFAQININ İLK HƏRBİ-SƏNAYE STRATEGİYASI TƏQDİM EDİLİB

Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) ümumi hərbi sifarişlərin və investisiyaların tətbiqinə əsaslanan ilk Avropa Müdafiə Sənayesi Strategiyasını təqdim edib. “TASS” agentliyinin xəbərinə görə, Avropa Komissiyasının dərc olunmuş sənədinə əsasən, Ukraynanın ən qısa zamanda bu proqrama inteqrasiyası planlaşdırılır.

Məlumata əsasən, sözügedən strategiya Ukrayna ilə sıx əlaqələrin inkişaf etdirilməsi və onun müdafiə sənayesini dəstəkləmək üçün Avropa İttifaqı təşəbbüslərində iştirakını əhatə edir.

Eyni zamanda, Avropa Komissiyasının rəhbərinin müavini Marqret Vestaqer bildirib ki, komissiya Ukrayna sənayesini bu ekosistemə tam inteqrasiya etmək istəyir.

Avropa Komissiyası Aİ-yə üzv ölkələrə təklif edib ki, 2030-cu ilə qədər bütün silah və sursatların 50 faizini ittifaqın hərbi sənayesindən əldə edilsin və hərbi satınalmaların 40 faizi birləşdirilsin.

Bununla yanaşı, Avropanın daxili bazar məsələləri üzrə komissar Tyerri Breton isə Aİ üçün sülh dövrünün bitdiyini və hərbi iqtisadiyyata keçidin zəruri olduğunu bildirib.

KXDR CƏNUBİ KOREYA VƏ ABŞ TƏLİMLƏRİNİ TƏNQİD EDİB

Şimali Koreya Cənubi Koreya və ABŞ arasında bazar ertəsi başlayan genişmiqyaslı hərbi təlimləri pisləyib. “Report” agentliyinin xəbərinə görə, bu barədə Koreya Xalq Demokratik Respublikasının  (KXDR) mətbuatı məlumat yayıb.

“KXDR Müdafiə Nazirliyi ABŞ və Koreya Respublikasının daha açıq şəkildə hərbi təhdid yaradan və suveren dövlətə təcavüzə cəhd göstərən ehtiyatsız hərbi təlimlərini qətiyyətlə pisləyir və onları təxribatçı, eləcə də sabitliyi pozan hərəkətləri dərhal dayandırmaq barədə ciddi xəbərdarlıq edir”, - deyə KXDR-in Müdafiə Nazirliyinin yaydığı məlumatda vurğulanır.

Açıqlamaya əsasən, birgə təlimlər KXDR-ə qarşı yönəldiyi üçün “heç bir halda müdafiə xarakteri daşıya bilməz”.

Pxenyan qeyd edib ki, ABŞ və Cənubi Koreyanın təlimləri “bölgədəki vəziyyəti gözlənilməzliyə” aparır. Bildirilir ki, KXDR silahlı qüvvələri düşmənlərin avantürist hərəkətlərini və Koreya yarımadasındakı qeyri-sabit təhlükəsizlik vəziyyətini ciddi şəkildə nəzarətdə saxlayacaq.

VİKTORİYA NULAND İSTEFA VERMƏYƏ HAZIRLAŞIR

ABŞ-ın dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland yaxın həftələr ərzində vəzifəsindən gedəcək. “Trend” agentliyinin xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Antoni Blinken məlumat verib.

Blinkenin sözlərinə görə, Nuland yaxın həftələrdə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsindən istefa etmək niyyətində olduğunu bildirib.

Bununla yanaşı, ABŞ-ın dövlət katibi vurğulayıb ki, Viktoriya Nuland bu vəzifədə olarkən prezident Cozef Baydenin xarici siyasətdə diplomatiyanı mərkəzi mövqeyə qaytarmaq və ABŞ-ın qlobal səviyyədə liderliyini dirçəltmək səylərini təcəssüm etdirib.

Verilən xəbərə əsasən, Viktoriya Nuland istefaya gedəndən sonra onun öhdəliklərini müvəqqəti olaraq ABŞ dövlət katibinin müavini Con Bass icra edəcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.