Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Ayda dəmir yolu çəkilə bilər

ABŞ-ın Müdafiə Nazirliyinin araşdırma agentliyi olan "DARPA" aerokosmik və müdafiə texnologiyaları şirkəti "Northrop Grumman" ilə Ayda dəmiryolu çəkmək üçün saziş imzalayıb.

Ayda Dəmiryolu ideyası bəzilərinə absurd kimi görünsə də, əslində onun arxasında çox əsaslı bir məntiq var. Ayda insan varlığının daimiliyini təmin etmək üçün infrastrukturun olması vacibdir. Ancaq bunun baş verməsi üçün orada enerji, nəqliyyat və rabitə ilə bağlı maneələri aşmaq lazımdır. Bura su, buz mədənləri, atom elektrik stansiyaları, fabriklər və dəmir yolları daxildir. Bu ehtiyaclar əslində Ayın ölçüsündən qaynaqlanır. Bəli, Ay planetimizlə müqayisədə kiçik olsa da, əslində çox böyük bir torpaq parçasıdır. Ayın səthi təxminən 38 milyon kvadratkilometr olduğu halda, Afrika təxminən 30 milyon kvadratkilometrdir. Başqa sözlə, nəqliyyat infrastrukturu daimi məskunlaşma üçün mütləqdir.

Bu baxımdan ənənəvi dəmir yolları və ya maqnetik dəmir yolları olduqca məntiqli görünür. Xüsusilə, maqnit dəmir yolu ideyası daha məntiqlidir, çünki o, Ayın ən böyük problemi olan tozları insanlardan və strukturlardan uzaq tuta bilər. Məlum olduğu kimi, Ay tozu və ya torpağı olduqca zərərli hesab olunur. "Northrop Grumman" şirkəti açıqlamasında bildirib ki, layihə reallaşarsa, bu dəmir yolu, yerin peykində insanları, materialları və kommersiya yüklərini daşıyacaq. Şirkət dəmir yolunu çəkməzdən əvvəl onun fiziki və maliyyə cəhətdən mümkün olub-olmadığını araşdıracaq.

İlin ən yaxşı avtomobili bəlli oldu

Nyu-Yorkda keçirilən tədbirdə "Dünyada ilin avtomobili" (World Car of the Year) müsabiqəsinin qalibi müəyyənləşib. Cənubi Koreyanın "KIA Motors" korporasiyası tərəfindən istehsal edilən "KIA EV9" elektrik avtomobili "İlin ən yaxşı avtomobili" nominasiyasının qalibi olub. Bununla yanaşı o, həmçinin "Ən yaxşı elektrik avtomobili" mükafatına da layiq görülüb.

"KIA EV9" ən yaxşı ad uğrunda Çinin "BYD Seal" və orada yığılan"Volvo EX30" avtomobili ilə yarışıb. Qeyd edək ki, son iki ildə mükafatın qalibləri "Hyundai" modelləri olub. Bununla belə, bu il brend yalnız "Ən yaxşı idman avtomobili" kateqoriyasında qalib gələrək əhəmiyyətli dərəcədə geriləyib. Bu titula "Hyundai Ioniq 5 N" layiq görülüb. "BMW M2" və "XM" də bu ad uğrunda yarışıb. Ən yaxşı lüks avtomobil adı isə "BMW 5 Series"ə, o cümlədən "i5"ə verilib. Bu brend "Mercedes E-Class" və "EQE"ni geridə qoyub. "Ən yaxşı şəhər avtomobili" nominasiyasında qalib "BYD Seal" və "Lexus LBX"ni geridə qoyan "Volvo EX30" olub. Nəhayət, "Toyota Prius" isə "Ən yaxşı dizayn" mükafatını qazanıb.

"WhatsApp"da yeniliklər davam edir

Dünyanın ən populyar mesajlaşma platforması olan "WhatsApp"a daha bir neçə funksiya əlavə ediləcək. Bu yeniliklər arasında ən çox maraq doğuranı messencerə süni zəka əsaslı çat-botun inteqrasiyasıdır. Əlavə olunacaq digər funksiyalar isə səsli mesajlara müsbət yanaşmayanlara və öz statuslarını messencer daxilində bölüşməyi adət etmiş istifadəçilərə hədəflənib.

Məlumata görə, istifadəçilər axtarış sorğusunda çat-botdan istifadə edərək öz suallarına cavab tapa biləcəklər. Messencer daxilindəki axtarış sətrində istifadəyə veriləcək çat-bot "Meta AI" adlı süni zəka modeli əsasında çalışacaq. Bunun sayəsində istifadəçilərə müxtəlif suallar üzrə individual və köməkçi cavablar təqdim ediləcək. Çat-bot yaxın zamanda messencerdə istifadəyə verilə bilər.

Digər funksiyalar isə səsli mesajlara müsbət yanaşmayanlara və messencer daxilində tez-tez öz statuslarını bölüşən istifadəçilər üçün nəzərdə tutulub. Beləliklə, birinci funksiya daxil olan səsli mesajların mətn formatına çevrilmələrini əhatə edir. Belə ki, bu funksiya səsli mesajları sevməyən istifadəçilərin onları dinləməmələrinə şərait yaradacaq. Bu halda səsli mesajlar mətn formatına konvertasiya olunacaq. Mesajı qəbul etmiş şəxs sadəcə olaraq onu oxuya biləcək. Digər yeni funksiya isə messencer daxilində status kimi videonun yerləşdirilməsini sevən istifadəçilər üçün planlaşdırılıb. Qeyd edək ki, daha öncə istifadəçilər status bölməsinə yalnız 30 saniyəlik videonu yerləşdirə bilirdilər. "WhatsApp"ın yeni versiyasında isə bu limit 1 dəqiqəyə yüksəldilib.

Gözdən əlillər üçün süni intellektli bələdçi

Çinin Şimal-Qərb Politexnik Universitetinin alimləri süni intellekt dil modelindən istifadə edərək görmə qabiliyyəti məhdud olan insanlar üçün bələdçi it hazırlayıblar. Elm adamları bu itin naviqasiya və yoldaşlıq üçün çox yaxşı vasitə olduğunu hesab edirlər.

Tədqiqatçılar AI bələdçi itin hətta əvvəlki elektron naviqasiya vasitələrindən üstün olduğunu söyləyirlər. Xüsusi tapşırıqlar üçün proqramlaşdırılmış digər alətlərdən fərqli olaraq, bu texnologiya insan göstərişlərini başa düşə və hətta onlarla danışa da bilər. Bundan əlavə, onun küçə, lift və qapalı məkanlarda naviqasiya qabiliyyətinə malik olacağı da bildirilir.

"Dil modelindən istifadə edən ağıllı bələdçi itlər gözdən əlil insanlara daha rahat və təhlükəsiz naviqasiya təklif edə və onların həyat keyfiyyətini effektiv şəkildə yaxşılaşdıra bilər", - deyə Universitetin dosenti Sun Zhe qeyd edib.

Qeyd edək ki, texnologiya hələ inkişafın ilkin mərhələsindədir və mütəxəssislər onun daha geniş miqyasda mənimsənilməsi üçün çalışırlar. Tədqiqatçılar bələdçi itin tezliklə milyonlarla insanın həyat keyfiyyətini yaxşılaşdıracağına, onların müstəqil şəkildə hərəkət etməsinə kömək edə biləcəyinə ümid edirlər.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".