MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

İçan-Qala

Bir vaxtlar Xarəzm xanlığının mərkəzi olan qədim Xivə şəhərində XVIII-XIX əsrlərdə bir çox memarlıq abidələri və dini komplekslər tikilib. Şəhər sürətlə inkişaf etməyə başlayıb və tezliklə müsəlman Şərqinin ən böyük dini mərkəzlərindən birinə çevrilib. Rəvayətə görə, Xivə Nuhun üç oğlundan birinin qazdığı quyunun yerində peyda olub. Müasir Özbəkistanın ən qədim və maraqlı şəhərlərindən olan Xivə sonralar muzey şəhərinə çevrilib və Mərkəzi Asiyada ilk dəfə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Ügənç şəhərindən təxminən 35 kilometr cənub-qərbdə və Türkmənistanla sərhəddən 10 kilometr məsafədə yerləşən bu unikal tarixi şəhərin ən möhtəşəm abidəsi qədim İçan-Qala kompleksidir. Özbək dilindən tərcümədə "daxili qala" mənasını verən kompleksi ziyarət edərkən orta əsr Şərqinin demək olar ki, bütün şəhərlərinin necə göründüyünü təsəvvür etmək mümkündür. Burada ənənəvi üslubda tikilmiş 400-dən çox yaşayış binası və 60-a yaxın memarlıq abidəsi var. Bu kompleks mövcud olduğu müddətdə bir neçə dəfə dağıdılıb və yenidən qurulub. Hündürlüyü 8-10, eni 5-6 metr arasında dəyişən nəhəng divarla əhatə olunan kompleks gildən və kərpicdən tikilib. Uzunluğu 2250 metr olan divarda hər 30 metrdən bir müdafiə qüllələri quraşdırılıb. Bütün şəhər su ilə dolu bir xəndəklə əhatə olunub. 1969-cu ildə İçan-Qala şəhəri muzey-qoruq elan edilib.

Qızıl qaya və ya Çaittiyo paqodası

Qızıl qaya kimi tanınan Çaittiyo ibadətgahı qızıl paqodalar ölkəsi adlandırılan Myanmanın Mon əyalətində Çaittiyo dağının təpəsində yerləşdirilib. Nəhəng qızılı daş və üzərində kiçik paqoda olan məşhur Buddist ziyarətgahı sanki hündür uçurumun kənarında havadan asılıb. Əfsanəyə görə, dünyanın ən qeyri-adi məbədi Çaittiyo 2500 il əvvəl bu təpəyə qoyulub və onun düşməməsinin səbəbi Buddanın saç teli olub. Belə ki, səfərlərinin birində Budda saçının bir neçə telini yerli rahibə bağışlayıb. Rahib isə bu dəyərli hədiyyəni o dövrdə Birmanı idarə edən Kral Tissuya verib və o da qayanın üstündə müqəddəs paqoda tikmək qərarına gəlib. Kral daşın dənizə yuvarlanmasının qarşısını almaq üçün Buddanın saçının telini həmin abidənin içinə qoyub.

Balanslaşdırılmış qranit qayanın üzərində dayanan paqodanın hündürlüyü 5,5 metrdir. Qızıl daşın diametri 6, çevrəsi isə təqribən 25 metrdir. Abidənin səthi zəvvarların ianə etdiyi qızıl yarpaqlardan ibarətdir. Kişilərə bu türbəyə yaxınlaşmağa və ona toxunmağa icazə verilir. Lakin qadınlara isə ibadətgaha yaxınlaşmaq ümumiyyətlə qadağandır. Çünki buddist inancına görə, bu daşı yalnız qadın yerindən tərpədə bilər. Ona görə də onlar ən azı daşdan 10 metr aralıda hasarın arxasında ibadət etməlidirlər. Qeyd edək ki, məbədin ərazisində yerli zəvvarların gecələmələri üçün xüsusi məkanlar var. Lakin əcnəbilərə bu məkanlarda gecələməyə icazə verilmir.

Generali Tower

Milanın möhtəşəm mənzərəsində ucalan ən hündür binalardan biri Generali Tower dünyaca məşhur İraq əsilli ingilis memar Zaha Hadid tərəfindən layihələndirilib. Binanın struktur dizaynını həyata keçirmək üçün yerli mühəndis Mauro E.Giuliani dəvət olunub. Əyri formasına görə yerli əhali göydələni Lo Storto adlandırıb. "CityLife Shopping District"in ərazisində inşa olunan binanın tikinti işlərinə 2014-cü ildə başlanılıb, açılışı isə 2017-ci ildə baş tutub. Dünyanın ən böyük maliyyə institutlarından birinə çevrilən "Generali Tower" ABŞ Yaşıl Tikinti Şurası tərəfindən LEED Platinum sertifikatına layiq görülüb.

Hündürlüyü 191,5 metr olan göydələn 44 mərtəbədən ibarətdir və ümumi sahəsi təxminən 67000 kvadratmetrdir. Binanın karkası dəmir-betondan hazırlandığı üçün yuxarı mərtəbələrə doğru "Generali Tower"in binası şəhərin mərkəzinə və kilsəyə tərəf burulur. İkiqat şüşədən hazırlanan fasadın hər mərtəbəsində günəş panelləri yer alır. Burada təqribən 3900 işçi çalışır. Ofis binası "Generali Group" özəl şirkətinə məxsus olduğundan bura yalnız işçilər daxil ola bilər.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".