Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

İnsanlarda da barkod sistemi var

Hər kəsə məlumdur ki, supermarketdən aldığımız məhsulların qiyməti onların üstündə yerləşən barkodların kassada oxunması ilə müəyyən edilir. Alimlər son dövrlər gündəlik həyatımızı asanlaşdıran bu sistemin digər bir bənzərinin bizim üzümüzdə də mövcud olduğunu deyirlər.

İnsanların hər biri nə qədər fərqli üzə sahib olsa da, tanış birinin üzünü xatırlamaq bir neçə saniyə çəkir.

Bəs beynimizdəki üz tanıma prosesi necə baş verir?

Üzün tanınması vizual kortekstdə baş verən çox mürəkkəb prosesdir. Bu tanıma prosesinin beyində necə həyata keçdiyini araşdıran elm adamları çox təəccüb doğuran nəticələrlə qarşılaşmışlar. Çünki aparılan tədqiqatlarda üzün beyin tərəfindən oxunan barkod sisteminə malik olduğu kəşf edilmişdir. Bu sistemə əsasən, əvvəlcə qaş, göz, dodaqlar kimi üfüqi xətt əmələ gətirən xüsusiyyətlər beyin tərəfindən qavranılır, sonra bu xətlər qara və ağ rənglərdə kodlanır.

Dəri və yanaqlar parlaqlığına görə ağ, dodaqlarımız, qaşlarımız və göz çuxurlarımız da kölgəliklərinə görə qara rəngdə kodlanır.

Tədqiqatı aparan dr. Dakin: "Bu cür üfüqi məlumat xətləri supermarket barkodlarını xatırladır", - deyərək bu kod sisteminə diqqət çəkmişdir.

Göründüyü kimi, supermarket barkodları məlumat əldə etməyin ən effektiv yoludur. Düz, təkölçülü xətlər, saylar kimi 2 rəqəmli simvollardan daha asan tanınır.

Elm adamları üzdəki barkod sisteminin "daha yaxşı üz tanıma proqramları" hazırlamaq baxımından çox vacib olduğunu bildirirlər. Üz tanıma proqramları nə qədər təkmil olsa da, insanların çoxluq təşkil etdiyi yerlərdə üzləri tanımaqda çətinlik çəkirlər. Ancaq üzdəki bu barkod sisteminin təqlid edilməsi polislərin hava limanında cinayətkarları müəyyən etmək üçün istifadə etdiyi CCTV kameralarının təkmilləşdirilməsinə kömək edəcək.

 

Körpələri sakitləşdirməyin elmi yolu

Valideynlərin çoxu körpələri yatmaqdan imtina edərək səbəbsiz yerə ağladıqda qəzəblənir. Bu problemlə isə daha çox təcrübəsiz valideynlər qarşılaşırlar. Elm adamları hər bir körpənin həyatın ilk dönəmlərində yaşadığı bu vəziyyətin genlərimizdən qaynaqlandığını söyləyirlər. Mövzu ilə bağlı araşdırma aparan alimlər onları sakitləşdirməyin yolunu tapıblar. Belə ki, "Current Biology" jurnalında dərc olunan araşdırmaya görə, ağlayan körpəni qucağa götürüb 5 dəqiqə gəzdirməklə onu sakitləşdirmək mümkündür.

Aparılan araşdırmalar zamanı siçan, it, pişik, meymun və insan kimi ananın köməyinə ehtiyac duyan bəzi məməlilərdə qucaqda gəzdirilməyə qarşı anadangəlmə refleks olduğu ortaya çıxıb. Müşahidələr göstərir ki, bu canlılar balalarını qucaqda gəzdirdikləri zaman onların bədənləri itaətkarlaşır və nəbzləri yavaşıyır. Təcrübə zamanı bir neçə vəziyyətdə 21 körpənin reaksiyasını (hərəkətsiz saxlanıldıqda və ya beşikdə yırğalandıqda) müqayisə edən alimlər ağlayan uşaqların qucağa götürüldükdən 30 saniyə sonra sakitləşdiyini müşahidə ediblər. Ancaq anaları yuxulu körpələri beşiyə qoymağa çalışdıqda isə balaca iştirakçıların üçdə birindən çoxu 20 saniyə ərzində yenidən ayılıb. Tədqiqat qrupu müəyyən edib ki, körpələrdə ürək döyüntüsünün dəyişməsi də daxil olmaqla bəzi fizioloji reaksiyalar baş verir ki, bu da onların analarını tərk etdikdən sonra oyanmasına səbəb olur. Təcrübələr göstərir ki, körpələr qucaqda ikən daha uzunmüddətli yuxuya gedərsə, oyanma ehtimalı da az olar.

Lakin bütün bu dəlillərə baxmayaraq, alimlər körpələrin davranışlarındakı müxtəlifliyi başa düşmək üçün daha çox araşdırmalara ehtiyac olduğunu söyləyirlər.

 

Çox düşünmək bizi niyə yorur?

Ağır fiziki işlə məşğul olduqdan sonra yorulmağımız təbii haldır. Maraqlıdır ki, eyni hal zehni işlə məşğul olduqdan sonra da baş verir. Əslində saatlarla oturub düşünmək belə, insanı yorur. Bəs, bunun səbəbi nədir? Bu mövzuda araşdırma aparan alimlər sualın cavabını izah etmək üçün yeni dəlillər tapıblar.

Alimlərin fikrincə, zehni yorğunluğumuzun səbəbi beynimizdə gedən proseslə əlaqəlidir. "Current Biology" jurnalında dərc edilən araşdırmaya görə, bir neçə saatlıq gərgin idrak fəaliyyəti beynin prefrontal korteks kimi tanınan hissəsində toksik maddələrin yığılmasına səbəb olur.

Alimlər bunu sübut etmək üçün bir iş günü ərzində iki qrupa bölünmüş iştirakçıların beynini maqnit rezonans spektroskopiyası (MRS) vasitəsilə izləyiblər.

Zehni əməklə məşğul olan iştirakçılarda göz bəbəyinin genişlənməsində azalma da daxil olmaqla bir sıra yorğunluq əlamətləri ortaya çıxıb. Bundan əlavə, beynin prefrontal korteksinin sinapslarında qlutamat səviyyəsinin kritik dərəcədə yüksəlməsi müşahidə edilib. Mütəxəssislər qlutamat yığıntısının prefrontal korteksi həddindən artıq aktivləşdirdiyi üçün yorğunluq hissi yaratdığını söyləyirlər.

Bəs, belə bir problemin yaranmaması üçün nə edə bilərik?

Tədqiqat müəlliflərindən biri, professor Pessiglione bu problemlə qarşılaşmamaq üçün istirahət etməyi və yatmağı tövsiyə edir. Bundan əlavə o, yuxu zamanı qlutamatın sinapslardan təmizləndiyinə dair tutarlı sübutlar olduğunu deyir.

 

Aşiq olmaq ürəklə əlaqəli deyilmiş...

"Mən onu bütün qəlbimlə sevirəm", "Filankəs filankəsə bir könüldən, min könülə vurulub" kimi dilimizdəki bu ifadələr sevginin ürəklə əlaqəli olduğu fikrini formalaşdırıb. Lakin mövzu ilə bağlı aparılan araşdırmalar sevginin əslində ürəklə heç bir əlaqəsi olmadığını göstərir.

Araşdırmalar nəticəsində məlum olub ki, sevgi beyində yaranan və orada da inkişaf edən bir hissdir. Belə bir fikir irəli sürən mütəxəssislər məsələyə bu cür aydınlıq gətiriblər: "Beynimizdəki eşq funksiyasına genlərimiz nəzarət edir. Bu səbəbdən də deyə bilərik ki, sevginin təməlində, əslində genlərimizin nəzarət etdiyi sinir hüceyrələri dayanır".

Bəzilərimiz üçün anlaşılmaz olan bu fikrə aydınlıq gətirmək üçün alimlər bir təcrübə keçirib. Təcrübə zamanı bir-birini heç tanımayan cütlüklərə qarşı tərəfin fotoşəkilləri təqdim olunub və onlardan özlərinə yaxın, daha ürəyəyatımlı hesab etdikləri bir insanın şəklini seçmək istənilib. Daha sonra isə bir həftə ərzində həmin şəkilləri təqdim edilən insanların gündəlik geyindikləri köynəklər bir qutu içərisinə yığılıb. Həftə sonunda həmin şəxslərdən bu dəfə daha xoş ətirli hesab etdikləri köynək qutusunu seçmələri istənilib. Məlum olub ki, insanların seçdikləri şəkillə, köynəklər eyni bir insana məxsusdur. Bu isə onu deməyə əsas verir ki, insanın hisslərini onun özündən asılı olmayaraq genləri, beyini idarə edir.

Sevdiyiniz insanı gördüyünüz zaman ürəyinizin sürətlə döyünməsi də, birbaşa olaraq beyinlə bağlıdır. Belə ki, bu zaman beynin aktivləşməsi nəticəsində ürəyə qan ötürən hormonların fəaliyyəti tezləşməyə başlayır və bunun nəticəsində ürək daha sürətlə döyünür.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".