Qlobal məsələlərin həlli üçün ən uyğun məkan
Siyasət

Qlobal məsələlərin həlli üçün ən uyğun məkan

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Cənubi Qafqaz regionunun lider dövləti olan ölkəmiz, həmçinin bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi çıxış edir. Şübhəsiz, bütün bunlar uğurla həyata keçirilən daxili və xarici siyasət kursu ilə bağlıdır. Müstəqil milli inkişaf tendensiyası respublikamızın beynəlxalq münasibətlər sistemindəki nüfuzunu artırıb. Azərbaycan öz resurslarından səmərəli istifadə etməklə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb, həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirib. Sadaladığımız faktorlar bir daha ölkəmizin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin təsadüfi xarakter daşımadığını təsdiqləyir. Bu gün Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün, təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə, ayrı-ayrı istiqamətlərdə müşahidə olunan problemlərin həllinə mühüm töhfələr verir. Respublikamızın qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi etməsi onu bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu mərkəzə çevirib. Təsadüfi deyil ki, Qlobal Bakı Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, İslam Həmrəyliyi Oyunları, Avropa Oyunları məhz Azərbaycanda keçirilir.

Məlum olduğu kimi, bu il 14-16 mart tarixində Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilib. Üç gün davam edən forum çərçivəsində qlobal çağırışlar, dünyanı narahat edən siyasi, ekoloji, təhlükəsizlik və digər məsələlərin müzakirə olunduğu panel iclaslarında bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər. Foruma, ümumilikdə 70-dən artıq ölkədən 350-dən çox qonaq qatılıb. Hazırda beynəlxalq aləmdə kifayət qədər nüfuz qazanmış Qlobal Bakı Forumu mötəbər tədbirlərdən biri kimi qəbul edilir. Forum artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual məsələlərinin müzakirə olunduğu, gələcək perspektivləri ehtiva edən təşəbbüslərin irəli sürüldüyü beynəlxalq diskussiya platforması statusu qazanıb.

Bundan öncə ölkəmiz Qoşulmama Hərəkatının toplantılarına da ev sahibliyi etmişdi. BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına (QH) 2019-cu ildən rəhbərlik edən Azərbaycanın platformaya sədrliyi dövründə görülən işlər əvəzsizdir. Zamanında dövlətimizin sədrlik müddətinin QH-nin üzv dövlətlərinin yekdil qərarı ilə uzadılması bunu bir daha təsdiq edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının baş tutması, peyvənd millətçiliyinə qarşı mübarizə və bu istiqamətdə qətnamələrin qəbul edilməsi respublikamızın QH-yə uğurlu sədrliyinin növbəti təzahürü idi. Məhz ölkəmizin sözügedən platformaya verdiyi töhfələr nəticəsində bu gün Qoşulmama Hərəkatı dünyada multilateralizm nümunəsi kimi qiymətləndirilir. Xüsusi vurğulamaq lazımdır ki, 120 üzv, 18 müşahidəçi dövlət və 10 beynəlxalq təşkilatın daxil olduğu Qoşulmama Hərəkatının tarixində Azərbaycanın özünəməxsus rolu var. Dövlətimizin Hərəkata sədrliyinin ilk illəri COVID-19 pandemiyasının geniş yayıldığı dövrə təsadüf etsə də Azərbaycan özünün sədrlik gündəliyini çevik və effektiv şəkildə yeni reallığa uyğunlaşdırmağa nail oldu. Ölkə başçısının təşəbbüsü ilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü. Beləliklə, dünya ictimaiyyəti bu təhdidlə mübarizədə həmrəylik göstərdi. 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi təqdirəlayiq addımlardan biri idi.

Qeyd etdiyimiz tədbirlərlə yanaşı, cari il ərzində Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. COP konfransları o ölkələrdə keçirilir ki, həmin dövlətə siyasi etimad yüksəkdir və daxildə ciddi təhlükəsizlik, sülh və siyasi sabitlik hökm sürür. Şübhəsiz, COP29-un Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilibsə, ölkəmizin bu kriteriyalara cavab verdiyini göstərir. COP29-a ev sahibliyinin bu il Azərbaycana ötürülməsi son zamanlar dövlətimizə qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Bu, bir daha rəsmi Bakının müsbət imicinin üzərinə heç kimin kölgə sala bilməyəcəyini sübuta yetirir.

Nəzrin ELDARQIZI,

“Respublika”.