Supergüclərin hədəfində Cənubi Qafqazda regional münaqişə yaratmaqdır
Siyasət

Supergüclərin hədəfində Cənubi Qafqazda regional münaqişə yaratmaqdır

Artıq bir neçə aydır Cənubi Qafqaz son 30 ilin ən sakit dövrünü yaşayır. Sevindirici haldır ki, Azərbaycan-Ermənistan sərhədi hərb meydanından diplomatik nümayəndəliklərin görüş ünvanına çevrilib. Burada diqqətçəkən ən vacib məqam, iki ölkə arasında baş tutan görüşlərdə heç bir vasitəçinin olmamasıdır. Məhz bu amil Bakı ilə İrəvanı sülhə daha çox yaxınlaşdıra bilər. Buna sübut olaraq, ötən ilin sonlarında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazir Aparatının birgə yaydığı bəyanatı göstərə bilərik. Həmin açıqlamada iki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq etmişdi. Bundan əlavə, hərbçilərin qarşılıqlı olaraq azad edilməsi və Ermənistanın COP29-a evsahibliyinə öz namizədliyini geri götürərək ölkəmizi dəstəkləməsi dünya ictimaiyyəti üçün böyük surpriz olmuşdu.

Azərbaycanın uzun müddətdir təklif etdiyi vasitəçisiz masanın dərhal effekt verməsi heç də bəzi siyasi mərkəzlərin ürəyincə olmadı. Çünki supergüclərin Cənubi Qafqazla bağlı planında regional  münaqişə yaratmaq əsas rol oynayır. Məsələn, kollektiv Qərbin Fransa və ABŞ kimi üzvlərinin regionda yeni müharibə istəməsi gün kimi aydındır.

Məhz ABŞ-ın Xarici Əlaqələr Şurasının (CFR) Azərbaycan və Ermənistanı 2024-cü ildə müharibə ehtimalı olan bölgələr siyahısına daxil etməsi bu qəbildən olan çağırışlardır. Qərb platformasında bu cür proqnozların ara-sıra səslənməsinin əsas səbəblərindən biri də Azərbaycanı təcavüzkar dövlət kimi göstərməkdir. Onların fikrincə, Zəngəzur dəhlizinin açılmaması yeni müharibə üçün risk yaradır. Lakin Azərbaycan dövləti dəfələrlə bu məsələdə öz mövqeyini nümayiş etdirib, hərbi yola əl atmayacağını dilə gətirib.

CFR-nin proqnozu kontekstində digər bir ssenari də Ermənistanın sərhədboyu ərazilərdə Azərbaycana qarşı təxribat hücumlarına yol verməsi ola bilər. Məlumdur ki, Paşinyan hökuməti qərbyönümlü siyasət aparır və sürətlə Rusiyadan uzaqlaşır. KTMT ilə Ermənistan arasında soyuqluq yaransa da, iplər hələ ki, tam qoparılmayıb. Ona görə də Ermənistanın təxribatları fonunda Azərbaycandan alacağı zərbə KTMT ilə əlaqələrin kəsilməsinə əsas bəhanə olacaq.

Əlbəttə, qərbdən belə qərəzli açıqlamalar bundan sonra da gələcək. Azərbaycanın haqlı olaraq Vaşinqton və Brüsselin moderatorluğundan imtina etməsini hələ də qəbul etməyənlər ölkəmizə qarşı hər cür şər-böhtan ata bilərlər.

Təbii ki, proseslərin belə məcraya sürüklənməsində əsas günahkar Ermənistan dövlətidir. Sülh müqaviləsinin imzalanmasından boyun qaçıran İrəvanın öz taleyini xarici ölkələrin ümidinə buraxması region üçün əsas təhlükə mənbəyidir. Bu günə kimi sülh danışıqlarında Ermənistanın mövqesizliyi yalnız Fransa kimi dövlətlərin işinə yarayır. Bir tərəfdən sülh prosesinə sadiq olduğunu bildirən Nikol Paşinyan digər tərəfdən də normallaşma prinsipini alt-üst edən açıqlamalar verir. Məsələn, Paşinyan ötən il Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını tanısa da, çox keçmədi ki, qondarma rejimi "müstəqillik" günü münasibətilə təbrik etdi. Daha sonra isə orada keçirilən "prezident" seçkilərini tanıdığını bildirdi. Amma Silahlı Qüvvələrimiz Xankəndi və ətraf ərazilərdə də suverenliyimizi bərpa etməyi bacardı. Artıq iki ölkə arasında demək olar ki, hər hansı ciddi bir maneə qalmayıb. İndi Nikol Paşinyan özünü ərköyün uşaq kimi yox, yetkin bir insan kimi aparıb məsələlərin mahiyyətini tam anlamağa çalışmalı və sülh müqaviləsinə imza atmalıdır ki, Cənubi Qafqaz böyük güclərin rəqabət meydanına deyil, qlobal layihələrin reallaşdığı mərkəzə çevrilsin.

Musa BAĞIRLI,

"Respublika".