DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ-dan ÇİNİN TAYVANA MÜMKÜN HÜCUMU İLƏ BAĞLI PLAN

ABŞ Çinin Tayvana mümkün hücumundan ehtiyat edir və bu səbəbdən də bir sıra ssenarilər hazırlayıb. Həmin ssenarilərin hazırlanmasında Yaponiya da iştirak edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Bildirilir ki, Vaşinqton Tokionu fəal olmağa və məsələn, adanın yaxınlığında “Çin sualtı qayıqlarının ovuna” qatılmağa çağırış edib. Lakin indiyədək ABŞ bununla bağlı Yaponiyanın razılığını ala bilməyib.

Nəşr eyni zamanda vurğulayıb ki, ABŞ və Yaponiya təchizat marşrutları, raket yerləri və qaçqınların təxliyə planlarını müzakirə edirlər. Yaponiya, lazım gələrsə, ABŞ ordusuna yanacaq və digər materiallar verməklə onlara dəstək olmağa hazırdır.

Xatırladaq ki, ABŞ prezidenti Cozef Bayden bir müddət öncə qeyd etmişdi ki, Pekin Tayvana hücum edəcəyi təqdirdə, ABŞ-ın müdaxiləsi ilə qarşılaşacaq.

 

MİT 40 NƏFƏRİN ÖLÜMÜNƏ SƏBƏB OLAN TERRORÇUNU ZƏRƏRSIZLƏŞDIRDI

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) uğurlu sərhəd əməliyyatlarını davam etdirir. Təşkilat 2020-ci ildə PKK/YPG Afrində 11-i uşaq olmaqla 40 nəfərin ölümünə səbəb olan hücumun qisasını alıb. Bu barədə “Sputnik” informasiya agenliyi məlumat yayıb.

Verilən xəbərə əsasən, hücumu təşkil edən Heysem Cuma adlı terrorçu əməliyyat zamanı öldürülüb. Türk mətbuatının təhlükəsizlik mənbələrindən əldə etdiyi informasiyaya görə, Heysem Əbu Dahham kod adlı Heysem Cumanın bir müddət əvvəl Menbic şəhər mərkəzinə gəldiyinə dair kəşfiyyat məlumatı əldə edilib.

Terrorçu Heysem Cumanın planlaşdırması nəticəsində 2019-cu ildə Cerablusda 3 motosiklet və 2 avtomobillə təşkil edilən hücumlarla Afrin şəhər mərkəzindəki bazarda bomba yüklü yanacaq daşıyan maşın partladılıb.

Qeyd edək ki, Heysem Cuma əhalinin sıx olduğu əraziyə bomba yüklü yanacaq daşıyan avtomobillə hücumu planlaşdırmaqda, nəticədə 40 nəfərin ölümü və 47 nəfərin yaralanmasına səbəb olmaqda günahlandırılırdı.

 

RUSİYA “TAXIL SAZİŞİ”NIN MÜDDƏTİNİ UZATMAĞA RAZI OLA BİLƏR

Rusiya razılıq verəcəyi təqdirdə Qara Dəniz Taxıl Təşəbbüsünün daha bir müddətə uzadılması mümkün ola bilər. “Report” xəbər verir ki, bunu “TASS” agentliyinə Türkiyədəki diplomatik mənbə bildirib.

Mənbənin sözlərinə görə, Rusiyanın tutduğu mövqeni nəzərə alsaq, digər variantlar az ehtimal olunur. Mənbə bildirib ki, Türkiyə tərəfi “taxıl sazişi”nin uzadılması ilə bağlı aktiv iş aparır.

“İndi biz yəqin ki, Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında dialoq gözləməliyik, bunun nəticəsində vəziyyət tam aydınlaşacaq”, - deyə diplomatik mənbə vurğulayıb.

Qara Dəniz Taxıl Təşəbbüsünün müddəti iyulun 17-də başa çatır. Vladimir Putin bunun “birtərəfli oyun” olduğunu, Rusiyanın maraqları ilə bağlı heç bir addım atılmadığını bildirib. Putin Rusiyanın taxıl sazişində iştirakını dayandıra biləcəyini təsdiqləyib. Onun sözlərinə görə, rəsmi Moskvaya verilən vədlər yerinə yetirilən kimi yenidən sövdələşməyə qoşulacaq.

 

ARALIQ DƏNİZİNDƏ AVROPAYA KEÇMƏK İSTƏYƏN 280-dən ÇOX UŞAQ BATIB

Son altı ayda ən azı 289 miqrant uşaq Aralıq dənizi vasitəsilə Avropaya keçməyə cəhd edərkən həlak olub. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə “UNICEF” məlumat yayıb.

Eyni zamanda, qeyd edilir ki, ölən uşaqların real sayı göstərilən rəqəmlərdən dəfələrlə çox ola bilər.

“Dənizdə insanların həyatını xilas etmək üçün səyləri gücləndirərkən uşaqların sığınacaqlara daxil olması üçün təhlükəsiz və qanuni yolların yaradılması üçün daha çox iş görülməlidir”, - deyə “UNICEF”in icraçı direktoru Ketrin Rassel bəyan edib.

Təşkilat rəsmisinin sözlərinə görə, bu problemi həll etmək üçün valideynləri övladlarının həyatını riskə atmağa məcbur edən əsas səbəblər aradan qaldırılmalıdır.

 

EMMANUEL MAKRONUN UĞURSUZ BAŞA ÇATAN “100 GÜNÜ”

Fransa prezident Emmanuel Makronun aprelin 17-də etirazlar və pensiya yaşını yüksəltmək üzrə qeyri-populyar planları fonunda özünə verdiyi 100 gün başa çatmaq üzrədir. Son hadisələr göstərir ki, Makronun “uzaqgörən” planı heç də özünü doğrultmayıb. “Report” agentliyinin xəbərinə görə, bunu Makronun həmin “100 gün” ərzində məqsədlərinə çatıb-çatmadığını müəyyənləşdirmək üçün keçirilən ictimai rəy sorğuları təsdiq edir.

Belə ki, “Le Figaro” qəzetinin “Odoxa”-”Backbone” şirkətləri vasitəsilə apardığı sorğunun iyulun 13-də elan edilən nəticələri onu deməyə əsas verir ki, Fransada baş verən iğtişaşlar, ölüm hallarının artması və irqi-ayrı seçkiliyin geniş vüsət alması Makron hakimiyyətinin sonunu yaxınlaşdırır.

Bununla yanaşı, digər bir tərəfdən də Emmanuel Makronun məsuliyyətsiz bəyanatları, mətbuata verdiyi müsahibələr, xalqın istəyinə zidd qərarları Fransa vətəndaşlarını təngə gətirib. Bütün bunlar Fransada etiraz dalğasını getdikcə alovlandırır, polislə yerli əhali arasında qarşıdurmanı daha da gücləndirir.

Eyni zamanda, Makron hakimiyyətinə etiraz edənlərin sayı getdikcə artır. Rəy sorğularının nəticələri onu göstərir ki, vətəndaşlar Makron hakimiyyətindən canlarını qurtarmaq istəyirlər.

 

BORİS CONSON NATO-NUN VILNÜS SAMMİTİNİ SABUN KÖPÜYÜNƏ BƏNZƏDİB

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson NATO-nun son zirvə toplantısını sabun köpüyünə bənzədib. “Trend” agentliyi xəbər verir ki, Boris Conson “Daily Mail” qəzeti üçün qələmə aldığı yazısında Vilnüsdə keçirilən sammitdə NATO liderlərinin Ukraynanı alyansa dəvət etməmək qərarını tənqid edib.

Sabiq baş nazir Qərbi güclü olmağa, boş söhbətlərə son qoymağa və Ukraynanı tez bir zamanda NATO-ya qəbul etməyə çağırıb. Conson qeyd edib ki, Alyans üzvləri Ukraynanın qəhrəmancasına göstərdiyi müqavimətə görə, bu ölkəyə kollektiv hörmət və minnətdarlıqlarını bildirməli idilər.

“Bu döyüşdə heç bir NATO əsgəri yaralanmadı və ölmədi, çünki biz NATO ölkələrində bilirik və daim deyirik ki, ukraynalılar hamımız üçün vuruşurlar. Heç bir ölkə NATO üzvlüyünə hazır olduğunu nümayiş etdirmək üçün Ukrayna qədər səy göstərməyib. Heç bir silahlı qüvvə NATO silahlarından istifadə etməkdə Ukrayna ordusundan daha güclü və effektiv deyil. Heç bir ölkənin NATO üzvlüyünə Ukraynadan daha çox ehtiyacı yoxdur”, - deyə Boris Consan vurğulayıb. Eyni zamanda, sabiq baş nazirin fikrincə, Alyansdan Ukraynaya yalnız dəqiq cədvəl vermək tələb olunurdu ki, lakin onlar bunu da etmədilər.

 

UKRAYNA ORDUSU ÜÇ İSTİQAMƏTDƏ ƏKS-HÜCUM ƏMƏLİYYATLARI KEÇİRİR

Ukrayna ordusu cəbhə xəttinin üç hissəsində əks-hücum əməliyyatları keçirərək, bəzi ərazilərdə irəliləyiş əldə edib. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilir ki, hazırda Baxmut, Melitopol və Berdyansk ərazilərində Ukrayna qoşunlarının hücumları davam edir. Həmçinin Ukrayna qüvvələrinin Baxmutdan şimal-qərbdə yerləşən Bila Qora - Andriv istiqamətində uğur qazandığı qeyd olunur.

Ukrayna Milli Qvardiyasının Baş İdarəsinin nümayəndəsi, polkovnik Nikolay Urşaloviçin sözlərinə görə, ukraynalılar Melitopolda bəzi ərazilərdə 1700 metrdən çox irəliləyib.

Eyni zamanda, məlumata əsasən Ukrayna ordusu Velika Novosilkadan 15 kilometr şimal-qərbdə yerləşən Priyutnıdan şimalda Rusiyanın müdafiə xətlərində irəliləyiş əldə ediblər.

Hazırladı: Vamiq ABBASOV,

“Respublika”.