DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

YAXIN ŞƏRQDƏ ABŞ-A QARŞI PİS MÜNASİBƏT UZUN MÜDDƏT DAVAM EDƏCƏK

Yaxın Şərq ölkələrinin ABŞ-a münasibəti hətta Vaşinqtonun İsrailin Qəzza zolağındakı hərbi əməliyyatları ilə bağlı mövqeyinə düzəlişlər etdikdən sonra da dəyişmir. Ərəb ölkələrində mənfi əhvali-ruhiyyə uzun müddət davam edəcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “ABC” telekanalı ABŞ-ın xaricdəki diplomatlarının daxili yazışmalarına və ABŞ kəşfiyyatının qiymətləndirmələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ-ın Mərakeşdəki diplomatik missiyasının mövcud vəziyyəti qiymətləndirən sənədlərindən biri göstərir ki, ABŞ-ın bəyanatlarında mülki şəxslərin həyatının qorunmasının vacibliyini vurğulayan əhəmiyyətli düzəlişlərə baxmayaraq, Vaşinqtonun Qəzza ilə bağlı mövqeyinin tənqidi dəyişməz olaraq qalır.

Eyni zamanda, telekanalın qeyd etdiyi kimi, mövcud vəziyyət həm Amerika administrasiyasının diplomatik səylərinə, həm də ölkənin biznes əlaqələrinə təsir göstərə bilər.

Bununla yanaşı, qeyd edilir ki, diplomatlar hələ Ağ Evi Yaxın Şərqdə bu münasibətin uzun müddət belə qalacağına inandıra bilməyiblər. Dövlət Departamentinin rəsmiləri də bəzi ölkələrlə münasibətləri bərpa etmək üçün uzun müddət lazım olacağını vurğulayıb.

BELÇİKADA DÖVLƏT İDARƏLƏRİNDƏ ZƏHƏRLİ MƏKTUBLAR AŞKARLANIB

Belçika polisi ölkənin hökumət binalarında tərkibində zəhər olan məktublar aşkar edib. “Bu barədə “Politico” nəşrinin verdiyi xəbərdə qeyd olunur. Məlumata əsasən, polis Brüsseldəki bir neçə dövlət idarəsində içərisində brusin adlı zəhərli ağ toz olan məktublar tapıb. Bildirilir ki, zərfləri alanlardan heç biri xəsarət almayıb, Hazırda polis məktubları göndərənin kimliyini müəyyənləşdirir.

Qeyd edək ki, brusin mərkəzi sinir sistemini həyəcanlandırır, səs və işığın təsiri ilə əzaların, boyun və üz əzələlərinin spazmlarına səbəb olur.

Farmakoloji təsirinə görə brusin strikninə bənzəyir, lakin daha az zəhərlidir. Bununla belə, brusin yalnız tənəffüs yolu ilə və ya bədənə başqa bir şəkildə daxil olduqda təhlükəli olur.

FRANSADA MÜSƏLMAN QADINLARIN ÜZLƏŞDİYİ AYRI-SEÇKİLİK

Müsəlman qadınların Fransada doğulub boya-başa çatmasına, yüksək təhsilli və bu ölkəyə töhfə verəcək peşəkar bacarıqlara malik olmasına baxmayaraq, islamofobiyanın siyasi və ictimai müstəvidə artması onların cəmiyyət həyatından kənarda qalmasına gətirib çıxarır. “Trend” agentliyinin verdiyi xəbərə görə, Fransanı tərk edən və ya bu addımı atmağa hazırlaşan müsəlman qadınlar “Anadolu” agentliyinə iş yerlərində onlara qarşı edilən ayrı-seçkilik halları barədə danışıblar.

Aparılan təhlillər göstərir ki, ayrı-seçkilik və cəmiyyət həyatından təcridolunma halları çox vaxt müsəlman qadınları Fransanın hüdudlarından kənarda iş imkanları axtarmağa məcbur edir. Onlara qarşı islamofobiyanın miqyasını araşdırmaq məqsədi daşıyan yeni hesabatda imperativ qanunların hicablı qadınların dövlət sektorunda çalışmasını tamamilə məhdudlaşdırdığı, ictimai məkanlarda hicaba qarşı ayrı-seçkiliyi gücləndirdiyi vurğulanır.

Bununla yanaşı, bu ölkədə müsəlman qadınlar iş yerləri ilə yanaşı, təhsil sahəsində və vətəndaş cəmiyyətində də ayrı-seçkilik halları ilə qarşılaşırlar. Özünü “demokratiyanın carçısı” kimi təqdim edən Fransada hicab qadağası müsəlman qadınları təhsildən ayırır və onların ümumi rifahına mənfi təsir göstərir.

“GOOGLE”UN SÜNİ İNTELLEKT MƏRKƏZİ İSTİFADƏYƏ VERİLİB

“Google” şikrəti Fransanın paytaxtı Parisdə süni intellekt sahəsində fəaliyyət göstərəcək araşdırma və inkişaf mərkəzini istifadəyə verib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Fransa mətbuatında yer alan xəbərlərə görə, araşdırma mərkəzində “Youtube” və “Chrome”un xidmət inkişaf etdirmə qrupları da daxil olmaqla 300-dən çox mühəndis və tədqiqatçı çalışacaq.

Büdcəsinin 300 milyon avro olması planlaşdırılan mərkəz, bir sıra texnologiya şirkətlərində çalışmış tədqiqatçıların da töhfələri ilə öz modellərini istehsal etməyi hədəfləyir.

Hazırda Fransada süni intellekt sahəsində araşdırma mərkəzləri olan texnologiya şirkətləri arasında Yaponiyada fəaliyyət göstərən “Fujitsu”, Koreyada yerləşən “Samsung”, ABŞ-da yerləşən “IBM” və sosial media platforması “Facebook” var.

VAN İ: ABŞ-IN ÇİNLƏ BAĞLI SİYASƏTİ BU ÖLKƏNİN ÖZÜNƏ MƏNFİ TƏSİR EDƏCƏK

Çin Xalq Respublikasından uzaqlaşma strategiyası ABŞ üçün əks nəticələrə səbəb olacaq. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Çinin xarici işlər naziri Van İ bəyan edib.

XİN başçısının sözlərinə görə, risklərdən yayınma, bloklaşma və əhəmiyyətli maneələrin yaradılması, ÇXR-dən uzaqlaşma sonda Amerika Birləşmiş Ştatları üçün əks-məhsuldar nəticələrə gətirib çıxaracaq.

Eyni zamanda, nazir əlavə edib ki, rəsmi Vaşinqton Çinin inkişafını obyektiv və rasional dərk etməli və Pekinə qarşı pozitiv və praqmatik xarici siyasət strategiyası həyata keçirməlidir.

Bununla yanaşı, Van İ iki ölkə arasında ən yüksək səviyyədə əldə edilmiş öhdəliklərin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Çinin xarici işlər naziri vurğulayıb ki, ABŞ hakimiyyət orqanları, razılaşmalara uyğun olaraq, praktikada “Vahid Çin” siyasətinə əməl etməli və Tayvan boğazında sülhün qorunmasına kömək etməlidir.

İLON MASK TEXAS ŞTATININ BÜDCƏSİNİ “QIZIL MƏDƏNİNƏ” ÇEVİRƏ BİLƏR

Tarixi və iqtisadi səbəblərə görə ABŞ-ın bir çox şirkətlərinin ofisləri Delaver ştatında yerləşir. Yerli ədliyyə orqanları ilə münasibətləri korlanan İlon Mask sahib olduğu kompaniyaları digər ştatlarda qeydiyyata salmağa çalışır. “Trend” agentliyinin verdiyi xəbərə görə, 52 yaşlı biznesmen bu yaxınlarda “SpaceX” kompaniyasının mənzil qərargahını Delaverdən Texasa köçürmək üçün müvafiq qurumlara müraciət edib.

Məlumata əsasən, Delaver ştatı vergi ödəyicisi kimi dünyanın ikinci ən böyük özəl şirkətinin getməsindən çox şey itirəcək. Bəzi hesablamalara görə, İlon Maskın aerokosmik kompaniyasının kapitallaşması 180 milyard dollar təşkil edir. Kosmosa yüklərin çatdırılması üçün sərfəli kommersiya və hökumət müqavilələri Texas ştatının büdcəsi üçün “qızıl mədəninə” çevrilə bilər.

Delaver ştatının məhkəmə sistemləri ilə münaqişə vəziyyətində olan İlon Mask ABŞ-dakı biznes sahiblərini də bu ştatdan mümkün qədər tez köçməyə çağırıb.

Qeyd edilir ki, yerli məhkəmə orqanları biznesmenə “Twitter” sosial şəbəkəsini alarkən bir çox problem yaradıb. Nəticədə İlon Mask sonradan adını “X” ilə əvəzlədiyi sosial şəbəkəni Nevada ştatında qeydiyyata salıb.

NASA MARS SİMULYASİYASI ÜÇÜN KÖNÜLLÜLƏR AXTARIR                    

NASA Marsda həyatın bir il boyu simulyasiyası üçün namizədlər axtarır. Xəbər verilir ki, agentlik 2025-ci ilin ortalarından başlayaraq, “Mars Dune Alpha” layihəsi çərçivəsində dörd könüllü axtardığını elan edib. Bu, NASA-nın Mars missiyalarının hazırlanması üçün nəzərdə tutulan “Chapea” proqramının tərkib hissəsi olan ikinci simulyatordur.

Məlumata görə, layihə iştirakçıları Texas ştatının Hyuston şəhərində, Mars sahəsinə uyğun modelləşdirilən təxminən 160 kvadratmetrlik simulyasiya sahəsində digər işlərlə yanaşı, məhsul yığımı, həmçinin yaşayış sahəsi və texniki avadanlıqlara xidmət etməli və idmanla məşğul olmalıdırlar.

Qeyd edilib ki, təbiət elmləri üzrə ali təhsili olan və ən azı 1000 saat uçuş təcrübəsinə malik hər kəs aprelin 2-dək layihədə iştirak etmək üçün müraciət edə bilər. Bundan əlavə, könüllülər 30 ilə 55 yaş arasında, sağlam və motivasiyalı olmalı, siqaret çəkməməli, ABŞ vətəndaşlığına və ya daimi yaşayış icazəsinə malik olmalıdırlar.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.