DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

PENTAQON: RUSİYA DÜNYANIN ƏN BÖYÜK NÜVƏ ARSENALINA MALİKDİR

Rusiya bütün dünyada ən böyük və ən müxtəlif nüvə arsenalına malikdir. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Entoni Kotton bəyan edib.

Generalın sözlərinə görə, bu qənaətə gəlməyə səbəb ötən il Rusiya Federasiyası ordusunun “RS-28 Sarmat” qitələrarası ballistik raketi arsenalına qəbul etməsi olub.

Eyni zamanda, Entoni Kotton vurğulayıb ki, Rusiya qanadlı raketləri daşıyan nüvə sualtı qayıqlarını yaratmağa və qəbul etməyə davam edir.

Pentaqon rəsmisi əlavə edib ki, Rusiya öz nüvə potensialını müasirləşdirir və genişləndirir. General qeyd edib ki, Rusiyanın nüvə arsenalına müxtəliflik və çeviklik əlavə edən “Kinjal” və “Zirkon” hipersəs raket sistemləri də daxildir.

GÜRCÜSTANDAN ABŞ SENATORLARINA ETİRAZ MƏKTUBU

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti ABŞ senatorlarına müraciət edərək ölkənin Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınmasına yardımla bağlı ittihamlara aydınlıq gətirilməsini tələb edib. “Trend” agentliyinin xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatında qeyd olunur.

Bəyanatda vurğulanır ki, Maliyyə Nazirliyinin Gəlirlər Xidməti artıq amerikalı həmkarları ilə əlaqə saxlayıb və onların qəbul etdiyi sənədin hansı dəlillərə əsaslandığına aydınlıq gətirilməsini istəyib. Əgər konkret sübut varsa, Amerika tərəfindən bunu Gürcüstanla bölüşməsi xahiş olunub.

Verilən xəbərə əsasən, nazirliyə Gürcüstanın beynəlxalq sanksiyaları pozmasını təsdiqləyən hər hansı konkret fakt təqdim edilməyib.

Qeyd edək ki, ABŞ-ın bir neçə senatorunun və maliyyə ekspertlərinin iştirakı ilə keçirilən iclasda Gürcüstanın Rusiyaya bəzi məhsullar, o cümlədən, yarımkeçiricilər tədarük etdiyi bildirilir. İclasda həmçinin Gürcüstan Rusiyaya yardım edən ölkə kimi göstərilir.

AVROPA KOMİSSİYASI POLŞAYA 137 MİLYARD AVRO AYIRACAQ

Avropa Komissiyası (AK) ölkədə məhkəmə sisteminin müstəqilliyini təmin etmək üçün islahatların başlanmasına cavab olaraq Polşaya Avropa İttifaqı büdcəsindən 137 milyard avroya qədər vəsait ayırmaq qərarına gəlib. “Report” agentliyinin xəbərinə görə, bu barədə AK-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Avropa Komissiyası Polşaya 137 milyard avro dəyərində Aİ maliyyələşdirməsinə çıxış imkanı verən iki hüquqi akt qəbul edib.

Verilən xəbərə görə, bu tədbirlər Polşanın həyata keçirdiyi qanunun aliliyi islahatlarına, eləcə də məhkəmə hakimiyyətinin müstəqilliyini gücləndirmək üçün əsas problemlərin həlli üçün atdığı son və təxirəsalınmaz addımlara aiddir.

Polşa Pandemiya ilə Mübarizə Fondundan təqribən 59,8 milyard avro və birləşmə fondlarından 76,5 milyard avro alacaq.

İSRAİLİN BAŞ NAZİRİ: AZAD EDİLƏCƏK GİROVLARIN SİYAHISI TƏQDİM OLUNMAYIB

“İsrail hakimiyyəti Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən azad edilə biləcək girovların siyahısını hələ əldə etməyib, yeni sazişdən danışmaq tezdir”. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə İsrailin aş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında bildirib.

“Əsir və girovların geri qaytarmaq üçün böyük səylər göstəririk, bu müqəddəs iş və məqsəddir. Biz bunu gecə-gündüz edirik. Bu suala hələ cavab almamışam, sövdələşmə çərçivəsində azad olunacaq bütün oğurlanmış şəxslərin adlarının əvvəlcədən bilinməsini tələb edirəm”, - deyə baş nazir vurğulayıb.

Netanyahunun sözlərinə görə, yaxın günlərdə oğurlananların azadlığa buraxılması ilə bağlı yeni razılıq barədə danışmaq hələ tezdir: “Biz HƏMAS-ın çılğın tələblərinə boyun əyməyəcəyik, bunu etməyəcəyik, çünki bu baş verərsə, biz burada olmayacağıq”.

Eyni zamanda, Netanyahu Qəzza zolağında saxlanılan bütün girovların son nəticədə azad edilməsi üçün fələstinli radikallara qarşı hərbi təzyiqi davam etdirməyin vacibliyini diqqətə çatdırıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.