Mərkəzi Seçki Komissiyasında
Siyasət

Mərkəzi Seçki Komissiyasında

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 6-da Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Minin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Məzahir Pənahov seçkilərin ilk dəfə olaraq bütün Azərbaycan ərazisində keçirildiyini bildirib. O, vaxtilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyondan çox azərbaycanlının öz dədə-baba yurdundan qovulduğunu, 2020-ci ildə Azərbaycanın ərazilərini işğaldan azad etdiyini və 2023-cü ildə ərazi bütövlüyünü tam təmin etdiyini qonaqların diqqətinə çatdırıb. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb. MSK-nın sədri seçkilərdə 7 namizədin mübarizə apardığını, təbliğat-təşviqat kampaniyası dövründə onlara həftədə 3 dəfə ödənişsiz efir vaxtı verildiyini diqqətə çatdırıb.

M.Pənahov seçkiləri ümumilikdə 90 mindən çox müşahidəçinin izləyəcəyini vurğulayıb.

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min prezident seçkilərinin çox əlamətdar hadisə olduğunu və Azərbaycanda keçiriləcək seçkilərin nəticələrinin ölkənin gələcək inkişafı üçün uğurlu olacağına inandığını qeyd edib. O, Şanxay Əməkdaşlıq Təşkilatının yaxın tərəfdaşlarından olan Azərbaycanın son illərdə bütün sahələr üzrə çox böyük uğurlara imza atdığını bildirib. Qonaq seçkilərin ədalətli, şəffaf keçəcəyinə inandığını vurğulayıb.

"Nizamnaməyə uyğun olaraq bizim missiyamız ümumi prinsiplər, ölkənin daxili işlərinə qarışmamaq, çatışmazlıqların aşkar edilməsi və digər məsələlərdir. Müşahidə missiyamız başa çatdıqdan sonra fevralın 8-də nəticələri açıqlayacağıq. İnanırıq ki, Azərbaycan xalqı öz siyasi iradəsi ilə seçdiyi namizədinə səs verəcək", - deyə ŞƏT-in rəhbəri qeyd edib.

***

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 6-da Mərkəzi Seçki Komissiyasında (MSK) olub.

AZƏRTAC xəbər verir ki, MSK-nın sədri Məzahir Pənahov seçkilərin Azərbaycan üçün ikiqat əlamətdar olduğunu bildirib. MSK sədri TDT-nin üzvü olan Azərbaycan xalqının öz soykökünə, tarixinə, torpağına bağlı olduğunu qeyd edərək, budəfəki seçkilərin işğaldan azad edilmiş Xankəndi, Laçın, Şuşa və digər ərazilərdə də keçirilməsinin xalqımız və dövlətimiz üçün önəmini xüsusi vurğulayıb. O, həmin ərazilərdəki seçki məntəqələrində səsvermə prosesi üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.

Nümayəndə heyətinə seçkilərlə bağlı ətraflı məlumat verən MSK sədri yerli və beynəlxalq müşahidəçilərin sayı, yerli və xarici medianın müşahidə aparması üçün yaradılan imkandan danışıb. Bildirib ki, yerli medianın seçkilərin işıqlandırılması üçün akkreditasiyadan keçməsinə ehtiyac yoxdur, amma beynəlxalq media subyektləri artıq qeydiyyatdan keçiblər. Prezident seçkilərində "exit-poll" keçirmək üçün üç təşkilat qeydə alınıb, onlardan biri də ABŞ-ın "Oracle Advisory Group" təşkilatıdır.

Səsvermə prosesini müşahidə etmək üçün Azərbaycana dəvət olunduqlarını görə nümayəndə heyəti adından təşəkkürünü bildirən Kubanıçbek Ömüralıyev seçkilərin ölkəmizin bütün ərazisində keçirilməsinin qürurverici olduğunu vurğulayıb. O, əminliklə bildirib ki, qardaş Azərbaycan xalqı sabah öz siyasi iradəsi ilə ən yaxşı namizədə səs verəcək.

Nümayəndə heyətinin tərkibində müxtəlif sahələrdə çalışan peşəkarların yer aldığını diqqətə çatdıran Kubanıçbek Ömüralıyev deyib: "İnanırıq və əminik ki, Azərbaycanda seçkilər ən yüksək səviyyədə keçiriləcək".

Gərgin və məsuliyyətli işində MSK rəhbərliyinə uğurlar arzulayan TDT-nin Baş katibi seçkilərin Azərbaycan xalqı və dövlətinin inkişafı üçün uğur gətirəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

***

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 6-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə MSK sədri ilk dəfə olaraq seçkilərin azad edilmiş ərazilərimizdə də keçiriləcəyini diqqətə çatdırıb. O qeyd edib ki, seçicilər həmin ərazilərdə yaradılmış 26 məntəqədə səs verəcəklər.

"Biz bu seçkiləri Zəfər seçkiləri adlandırırıq", - deyən M.Pənahov seçkilərdə mübarizə aparacaq namizədlər, həmçinin ölkəmizdə seçicilərin və yaradılmış məntəqələrin sayı, seçicilər və müşahidəçilər üçün yaradılmış şərait barədə məlumat verib

MSK-nın sədri seçkiləri müşahidə etmək üçün 90 mindən çox müşahidəçinin qeydiyyatdan keçdiyini bildirib.

Türk Dövlətləri Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri, qurumun Beynəlxalq münasibətlər və hüquq komissiyasının sədri Osman Mesten TÜRKPA-nın seçkiləri fəal şəkildə müşahidə edəcəyini diqqətə çatdırıb. O, həmçinin bildirib ki, TÜRKPA həmişə Azərbaycanın yanındadır və bu, hər zaman belə olacaq.

"İlk dəfə olaraq seçkiləri bütöv Azərbaycan torpaqlarında müşahidə etmək bizim üçün də xüsusi əhəmiyyət daşıyır. Səsvermə günü seçkiləri işğaldan azad olunmuş torpaqlarda müşahidə edəcəyik. Demokratik ölkə olan Azərbaycanda seçkilərin ölkə qanunvericiliyinin tələblərinə uyğun şəkildə keçiriləcəyinə inanırıq. Fevralın 8-də mətbuat konfransı keçirəcəyik və ilkin nəticələrimizi açıqlayacağıq", - deyə Osman Mesten qeyd edib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 6-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, qonaqlara 7 namizədin mübarizə apardığı seçki prosesi barədə məlumat verən M.Pənahov ölkədə medianın müstəqil olduğunu və prosesi izləmək üçün mətbuat nümayəndələrinə lazımi şəraitin yaradıldığını bildirib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin qurulduğu və orada seçicilərin öz səslərini sərbəst şəkildə verə bilmələri üçün əlverişli şəraitin yaradıldığı diqqətə çatdırılıb. Səsvermə prosesinin saat 8.00-da başlayacağı, saat 19.00-da başa çatacağı qeyd olunub.

M.Pənahov səsvermə prosesini izləmək üçün 90 min müşahidəçinin qeydiyyatdan keçdiyini, onlardan 790 nəfərin beynəlxalq müşahidəçi olduğunu, üç təşkilatın isə "exit-poll" aparmaq üçün qeydiyyatdan keçdiyini bildirib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev seçkilərin şəffaf, qanunvericiliyin tələblərinə uyğun qaydada keçiriləcəyinə əminliyini ifadə edib. O, eyni zamanda, səsvermə prosesini izləmək üçün müşahidəçilərə lazımı şəraitin yaradıldığını da vurğulayıb. A.Hacıyev təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığının yüksək səviyyədə olduğunu da diqqətə çatdırıb.

***

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün Azərbaycana gələn Moldova Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karamanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 6-da Mərkəzi Seçki Komissiyasında (MSK) olub.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdə qonaqlara ölkəmizdə seçkilərə hazırlıq prosesi, seçicilər və müşahidəçilər üçün yaradılan şərait barədə məlumat verilib.

M.Pənahov Azərbaycanın Moldova ilə münasibətlərə önəm verdiyini bildirib. Fevralın 7-də keçiriləcək seçkilərin ölkəmizin tarixində Zəfər seçkiləri kimi qalacağını vurğulayan MSK sədri işğalla əlaqədar olaraq 30 ildən çox ölkəmizin müxtəlif bölgələrində səs verən soydaşlarımızın budəfəki seçkilərə nəhayət öz doğma yurd yerlərində gedəcəklərini əlamətdar hadisə kimi qiymətləndirib. O, həm işğaldan azad edilmiş torpaqlarda, həm də bütün ölkə ərazisində seçicilərin rahat səs verə bilmələri üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırıb.

Moldova Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karaman Azərbaycanda seçkiləri müşahidə edəcəklərindən məmnun olduqlarını bildirib.

Ölkəsi ilə bağlı fikirlərini bölüşən A.Karaman deyib: "Azərbaycanın təcrübəsi bizim üçün çox vacibdir. Moldova da nə vaxtsa bütün ərazisində seçkiləri keçirmək arzusundadır. Biz bunu çox istəyirik".

A.Karaman Azərbaycanda seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçiriləcəyindən əminliyini ifadə edib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 6-da Belarus və Rusiya İttifaqının Parlament Assambleyasının sədri Viktor Seliverstovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Məzahir Pənahov ölkəmizdə 6,5 milyona qədər seçicinin qeydə alındığını, onların 6537 məntəqədə səs verəcəyini bildirib. O, həmçinin 1000 məntəqədə veb-kameraların quraşdırıldığını və bunun bütün ölkə ərazisini əhatə etdiyini vurğulayıb.

İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə seçkilərin keçiriləcəyini qonaqların diqqətinə çatdıran M.Pənahov qeyd edib ki, seçicilər həmin ərazilərdə yaradılmış 26 məntəqədə səs verəcəklər. Bildirib ki, Xocalı, Xankəndi, Şuşa və digər ərazilərdə səsvermə üçün bütün imkanlar yaradılıb.

Belarus və Rusiya İttifaqının Parlament Assambleyasının sədri Viktor Seliverstov prezident seçkilərinin ciddi və məsuliyyətli proses olduğunu diqqətə çatdıraraq deyib: "Mən Moldovada, Qazaxıstanda, Qırğızıstanda seçkiləri müşahidə etmişəm. Bizim məqsədimiz seçkilərin şəffaf keçirilməsində ölkənizə dəstək olmaqdır", - deyə o qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.