DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSRAİLDƏN BMT İLƏ BAĞLI GÖZLƏNİLMƏZ QƏRAR

BMT-nin baş katibi Antoniu Quterreşin HƏMAS-la bağlı çıxışından sonra İsrail hökuməti bu təşkilatın məmurlarına ölkəyə giriş üçün viza verməkdən imtina edib. Bu barədə “The Time of Israel” nəşrinin məlumatında qeyd olunur.

Verilən xəbərə əsasən, İsrail rəsmiləri Antoniu Quterreşi BMT Təhlükəsizlik Şurasının toplantısındakı çıxışını tənqid edərək onun istefasını tələb ediblər.

Nəşr bildirib ki, baş katib çıxışında bu tənqidlərdən sonra dediklərindən imtina etməyə səy göstərib. “Fələstin xalqının istəkləri HƏMAS-ın dəhşətli hücumlarına haqq qazandıra bilməz. Bu dəhşətli hücumlar Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına səbəb olmamalıdır”, - deyə Antoniu Quterreş “X” səhifəsində yazıb.

Məlumat üçün qeyd edək ki, Antoniu Quterreşin Təhlükəsizlik Şurasında “HƏMAS hücumlarının boş-boşuna baş vermədiyini  etiraf etmək lazımdır” kimi ifadələri İsraildə böyük narazılığa səbəb olub.

ABŞ-IN YAXIN ŞƏRQDƏKİ HƏRBİ BAZALARINA HÜCUMLAR ÇOXALIB

ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına artan hücumlar nəticəsində 20-dən çox amerikalı hərbçi yaralanıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Belə ki, Pentaqonun məlumatına görə, oktyabrın 17-dən 24-dək olan həftə ərzində silahlı qruplar Qəzza zolağında münaqişənin şiddətləndiyi bir vaxtda İraqdakı ABŞ əsgərlərinə raket və pilotsuz uçuş aparatları ilə 10 dəfə, Suriyada isə üç dəfə hücum edib.

Mərkəzi komandanlığın açıqlamasına görə, Suriyadakı bazaya pilotsuz təyyarənin hücumu nəticəsində 20 hərbçi yüngül xəsarət alıb, İraqdakı Əl-Əsəd aviabazasında isə daha 4 hərbçi yaralanıb.

Eyni zamanda, bildirilir ki, İraqın Ənbar vilayətində yerləşən ABŞ-ın hərbi aviabazası raketlərlə atəşə tutulub. Qeyd edilir ki, bu aviabaza üzərində oktyabrın 21-də iki pilotsuz təyyarə vurulmuşdu.

TÜRK ALİMLƏRİN HAZIRLADIĞI XƏRÇƏNG VAKSİNİNDƏN SENSASİON NƏTİCƏ

“BioNTech” şirkətinin xərçəng xəstəliyinə qarşı hazırladıqları vaksin uğurlu nəticə verib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə şirkətin təsisçiləri, türk alimlər Uğur Şahin və Özlem Türeci Madriddə keçirilən Avropa Tibbi Onkologiya Cəmiyyətinin Konqresində bəyan ediblər.

Alimlərin açıqlamasına əsasən, 15 ildir üzərində işlədikləri vaksinin ilk nəticələri ümidverici olub. Belə ki, “BioNTech” şirkətinin istehsalı olan “CARVac” xərçəng vaksini ilk sınaqlarda şişlərin böyüməsini dayandırıb və hətta onların ölçülərini belə kiçildib.

Məlumata görə, 44 xəstəyə 4 dozada vaksinin tətbiq olunduğu tədqiqatlarda pasiyentlərin 59 faizində şişlərin ən azı 30 faiz kiçildiyi müşahidə olunub. Bununla yanaşı, 95 faiz pasiyentdə isə vaksindən sonra xərçəng şişləri stabil vəziyyətə gələrək, böyüməsi dayanıb.

Verilən xəbərdə qeyd edilir ki, “BioNTech” şirkəti 2030-cu ilədək təqribən 10 min xərçəng xəstəsini müalicə etməyi hədəfləyir.

MİSİR TARİXİ BU MƏZAR SƏBƏBİNDƏN YENİDƏN YAZILA BİLƏR

Misirdə arxeoloqlar dəbdəbəli məzarda qazıntı işləri zamanı 5000 illik şərab qabları aşkar ediblər. İlkin məlumatlara görə, içki qadın firona məxsusdur. Bu barədə “Sputnik” informasiya agentliyinin məlumatında qeyd olunur.

Ekspertlərin sözlərinə görə, söhbət qədim Misir hökmdarlarının birinci sülaləsinin üçüncü hökmdarı olan Cetin ölümündən sonra hakimiyyətə gələn onun xanımı Meret-Neytdən gedir. Alınan nəticələrdən belə qənaətə gəlmək olar ki, Meret-Neyt qədim Misirdə ilk qadın firon olub.

Məlumata əsasən, qeyd olunan fakt öz təsdiqini tapsa, bu zaman Misir tarixi yenidən yazıla bilər.

Eyni zamanda, ekspertlər əmindirlər ki, Meret-Neyt öz dövrü üçün qüdrətli qadın olub və bu, artıq təsdiqlənib. Bu təsdiqlər arasında türbənin girişində tapılan yazılar da mövcuddur. Onları deşifrə etdikdən sonra məlum olub ki, məsələn, Meret-Neytin əsas xəzinəyə çıxışı olub.

Arxeoloqların və tarixçilərin fikrincə, Meret-Neyt kişi-fironlarla eyni gücdə olan hakimiyyətə malik idi. Yəni o, erkən sülalə dövrünün heç bir qadın hökmdarının malik olmadığı imtiyazlardan istifadə edib.

MAKRONUN TƏKLİFİ MÜHARİBƏNİN MİQYASINI GENİŞLƏNDİRƏ BİLƏR

Fransa prezidenti Emmanuel Makronun HƏMAS-la mübarizə üçün beynəlxalq koalisiya yaratmaq təklifi Fələstin-İsrail münaqişəsinə cəlb olunmaq istəməyən Avropa ölkələrində heç bir maraq doğurmur. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu rusiyalı politoloq Vitali Naumkin bəyan edib.

“Bu təklif sadəcə bir axmaqlıq sayıla bilər və Emmanuel Makronun tamamilə məsuliyyətsiz lider olduğunu göstərir”, -  deyə akademik V.Naumkin vurğulayıb.

Bununla yanaşı, ekspertin fikrincə, bir sıra ölkələr Fransa liderinin təşəbbüsünü dəstəkləsə də, Avropa dövlətlərinin əksəriyyəti bu plana həvəssiz yanaşacaq.  Naumkin həmçinin bildirib ki, mümkün koalisiyanın hərbi əməliyyatlarda iştirakının münaqişənin həllinə töhfə verəcəyinə şübhə ilə yanaşır. Əksinə, o, bunun münaqişəni daha da genişləndirəcəyini düşünür.

“Makronun burada marağı bir növ daha böyük və regional rol oynamaqdır. Bunlar ambisiyalardır, lakin bunun arxasında heç nə yoxdur”, - deyə ekspert əlavə edib.

Qeyd edək ki, Emmanuel Makronun sözlərinə görə, beynəlxalq koalisiyanın yaradılması İsrailin, eləcə də terror təhlükəsi ilə üzləşən qonşu dövlətlərin təhlükəsizliyini təmin etməyə kömək edəcək.

AVSTRALİYA BU BÖLGƏDƏ HƏRBİ MÖVCUDLUĞUNU ARTIRIR

Fələstin-İsrail  arasındakı böhran fonunda Avstraliya Yaxın Şərqdə hərbi mövcudluğunu artırmaq qərarına gəlib. Rusiyanın “TASS” agentliyinin xəbərinə görə, bu barədə ölkənin müdafiə naziri Riçard Marlz bəyan edib.

Nazir Avstraliya Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki hərbi təyyarələrinin ümumi sayının üçə yüksəldiyini, eləcə də əlavə olaraq kontingenti idarə etmək üçün “komanda heyətinin sayının artdığını” qeyd edib.

Eyni zamanda, müdafiə naziri vurğulayıb ki, operativ səbəblərə görə Avstraliya hərbçilərinin harada yerləşdiyini dəqiq deyə bilməz, lakin onların Yaxın Şərqdə mövcudluğunun münaqişə kəskinləşəcəyi təqdirdə bölgədə yaşayan Avstraliya vətəndaşlarını qorumaq üçün fövqəladə bir tədbirdir.

ÜST-DƏN YENİ PANDEMİYALAR BARƏDƏ XƏBƏRDARLIQ

Dünya ölkələri koronavirus kimi yeni pandemiyalara hazır olmalıdır. “Trend” agentliyinin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge xəbərdarlıq edib.

ÜST rəsmisi əsas məsələnin yeni pandemiyanın yaranma yeri və vaxtının deyil, məhz dövlətlərin buna hazır olmasında gördüyünü diqqətə çatdırıb.

Təşkilatın Avropa üzrə regional direktoru izah edib ki, indi dünya ölkələri buna koronavirus pandemiyasından əvvəlki dövrdən daha yaxşı hazırlaşıb.

Eyni zamanda, Hans Kluge bütün ölkələri sanitar-epidemioloji sahədə nəzarəti gücləndirməyə çağırıb.

“Peyvəndlərin, həmçinin müalicə təcrübəsinin mübadiləsi və paylaşılması hazırda çox vacibdir”, - deyə Hans Kluge sözlərini yekunlaşdırıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.