Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

KULEBA: ƏRDOĞAN-PUTİN GÖRÜŞÜ “TAXIL SAZİŞİ”nin BƏRPASI ÜÇÜN SON ŞANSDIR

Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın fikrincə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasındakı görüş Qara dəniz “Taxıl sazişi”nin bərpası üçün demək olar ki, son şansdır. Bu barədə “Trend” agentliyinin məlumatında qeyd olunur.

Verilən xəbərə görə, Kuleba bu barədə Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici işlər nazirlərinin İspaniyanın Toledo şəhərində keçirilən qeyri-rəsmi iclasında çıxışı zamanı bəyan edib.

Ukraynanın xarici işlər naziri, həmçinin sentyabr ayının taxıl təşəbbüsü və sülh formulları üçün çox mühüm ay olacağını diqqətə çatdırıb.

Bununla yanaşı, Dmitri Kulebanın sözlərinə görə, Ukrayna alternativ dəniz yolu üzərində çalışır. Bu yolla gəmilər Ukrayna limanlarından çıxaraq demək olar ki, dərhal Rumıniyanın ərazi sularına daxil olacaq.

Eyni zamanda, nazir bununla əlaqədar olaraq Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə təmin olunmasının əhəmiyyətini qeyd edib.

 

TRAMP PREZİDENT SEÇİLSƏ SİYASİ DÜŞMƏNLƏRİNİ HƏBS EDƏCƏYİNƏ SÖZ VERİB

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkilərində yenidən seçiləcəyi təqdirdə siyasi düşmənlərini həbs edəcəyinə söz verib. “The Guardian” qəzetinin verdiyi xəbərə görə, Tramp həmçinin Cozef Baydeni məhz belə rəqiblərdən biri hesab etdiyinə eyham vurub.

Jurnalist Trampdan Hillari Klintonun rəqibini həbs etmədiyinə görə peşman olub-olmadığını və onun hazırkı “siyasi düşmənlərini” həbs edib-etməyəcəyini soruşub. Donald Tramp bu suala müsbət cavab verib.

“Cavab belədir: Mənim başqa seçimim yoxdur, çünki bunu bizə edirlər”, - deyə eks-prezident əlavə edib.

Donald Tramp həmçinin bildirib ki, ABŞ-ın hazırkı prezidenti Cozef Baydenin ona qarşı irəli sürülən ittihamlarda əli olduğu qənaətindədir.

 

STOLTENBERQ SƏLAHİYYƏT MÜDDƏTİNİ BIR DAHA UZATMAQ FİKRİNDƏ DEYIL

NATO-nun baş katibi Yens Stoltenberq səlahiyyət müddətini bir daha uzatmaq fikrində olmadığını açıqlayıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə o, “CNN” telekanalına müsahibəsi zamanı bəyan edib.

“Bəli, bu mənim sonuncu səlahiyyət müddətimin uzadılmasıdır”, - deyə baş katib müvafiq suala cavabında vurğulayıb.

Qeyd edək ki, bu il iyulun 4-də NATO ölkələri Stoltenberqin səlahiyyətlərinin bir il - 2024-cü il oktyabrın 1-dək uzadılması barədə razılığa gəliblər. Bu qərar NATO-nun iyulun 11-12-də Vilnüsdə keçirilən sammitində ən yüksək səviyyədə təsdiq edilib.

Bu, Stoltenberqin səlahiyyət müddətinin altıncı dəfə uzadılmasıdır. NATO baş katibinin adi səlahiyyət müddəti dörd ildir. Norveçin keçmiş baş naziri bu kürsüyə 2014-cü il oktyabrın 1-də əyləşib. Beləliklə, onun 10 illik səlahiyyəti alyansa 13 il - 1971-ci ildən 1984-cü ilə kimi rəhbərlik etmiş hollandiyalı Yozef Lunsdan sonra NATO-nun tarixində ən uzun müddətdir.

 

FRANSADA QALMAQALLI QANUN QÜVVƏYƏ MİNDİ

Fransa hökumətinin pensiya islahatı çərçivəsində qəbul etdiyi, kütləvi etirazlara və tətillərə səbəb olan bir sıra fərmanlar sentyabrın 1-dən qüvvəyə minib. “Report” agentliyi xəbər verir ki, əsas dəyişikliklərdən biri pensiya yaşının artırılmasından ibarətdir.

Məlumata əsasən, sentyabrın 1-dən ödənişlərin tam şəkildə alınması üçün minimum pensiya yaşı 62 deyil, 62 yaş 3 ay olacaq.

Hakimiyyət 2030-cu ilə qədər bu rəqəmi 64 yaşa çatdırmaq üçün hər il üç ay artırmaq niyyətindədir. Dəyişikliklər həm də dövlət qulluqçularına təsir edəcək. Onların minimum pensiya yaşı müvafiq olaraq 57-dən 59-a yüksələcək.

Eyni zamanda, adi fransızlar tam pensiya almaq üçün daha uzun müddət işləməli olacaqlar. Əksər pensiyalar üçün tələb olunan iş təcrübəsi 2027-ci ilə qədər tədricən 42 ildən 43 ilə qədər artacaq.

Həmçinin sentyabrın 1-dən Paris nəqliyyat idarəsinin əməkdaşları, enerji şirkətləri və Fransa bankının əməkdaşları da daxil olmaqla, xüsusi pensiya rejimləri ləğv edilməyə başlayacaq.

 

LUKAŞENKOVAQNERIN BELARUSDAN ÇIXARILMASI TƏLƏBINƏ MÜNASIBƏT BILDIRIB

Belarus prezidenti Aleksandr Lukaşenko Polşa rəhbərliyinin və Baltikyanı ölkələrinVaqner” özəl hərbi şirkətinin qüvvələrini ölkədən çıxarma tələblərini “əsassız və düşüncəsizkimi səciyyələndirib. “Trendagentliyinin verdiyi xəbərə görə, Lukaşenko bu barədə Belarusun Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

Eyni zamanda, dövlət başçısı bildirib ki, bunun üçün əvvəlcə NATO kontingenti Belarusla qonşu ölkələrin ərazisindən çıxarılmalıdır.

Qeyd edək ki, “Vaqner” özəl hərbi şirkətinin qüvvələri BelarusdaVaqner qiyamı”ndan sonra yerləşdirilib. Belarus komandanlığı bildirib ki, qruplaşma Belarus hərbçiləri ilə təcrübələrini bölüşür və birgə təlimlər keçirir.

Xatırladaq ki, avqustun 25-də Lukaşenko bildirib ki, şirkətin təsisçisi Yevgeni Priqojinin ölümünə baxmayaraq, “Vaqnerdöyüşçüləri Belarusda qalmağa davam edəcək.

 

34 ÖLKƏNIN İŞTIRAKI İLƏ HƏRBI TƏLIMLƏR BAŞLADI

Misir 34 ölkənin iştirakı ilə “Parlaq Ulduz 2023” adlı birgə hərbi təlimin başladığını açıqlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.

Telekanal Əl-Əlemeyn bölgəsindəki  hərbi bazada başlayan təlimlərin sentyabrın 14-dək davam edəcəyini bildirsə də, iştirakçı ölkələrlə bağlı ətraflı məlumat açıqlanmayıb.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı   Müdafiə Nazirliyi avqustun 31-də “Parlaq Ulduz 2023” təlimlərində iştirak üçün hazırlığın tamamlandığını açıqlamışdı.

Xatırladaq ki, Misir ordusu ötən həftə təlimlərə 34 ölkədən 8 min hərbçinin qatılacağını bildirmişdi.

Məlumat üçün qeyd edək ki, Misir 2018-ci ildə başda ABŞ və Böyük Britaniya olmaqla, Hindistan və Pakistanın da qatıldığı “Parlaq Ulduz” təliminə ev sahibliyi edib. “COVID-19” pandemiyası səbəbindən 2020-ci ildə təxirə salınan təlim 2021-ci ildə 21 ölkənin iştirakı ilə Misirdə keçirilib.

 

AVROPADA SALMONELLYOZ İNFEKSİYASINA YOLUXMA HALLARI AŞKAR EDİLİB

Avropanın Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin açıqladığı məlumatlara əsasən, qitənin 11 ölkəsində salmonellyoz infeksiyası qeydə alınıb. Bu barədə “Report” agentliyi Belçika mətbuatına istinadən xəbər verib.

Məlumata əsasən, Avstriya, Belçika, Almaniya, Danimarka, İrlandiya, Niderland, Norveç, Sloveniya, Finlandiya, Fransa, İsveçdə toyuq ətinin istehlakı nəticəsində ümumilikdə salmonellyoza 134 yoluxma qeydə alınıb.

Bildirilir ki, xəstəliyə yoluxma hallarının  97-si Danimarkanın payına düşür. Avstriyada salmonellyozdan 1 ölüm qeydə alınıb. Ən çox yoluxma yanvar-avqust ayları arasında qeydə alınıb.

İki həftə əvvəl Avstriyanın səhiyyə orqanları salmonellyoz infeksiyası ilə Polşada hazırlanmış toyuq məhsulları arasında mümkün əlaqədən narahatlığını bildirib. Məlum olub ki, xəstələrin demək olar, hamısı Polşa istehsalı olan toyuq ətindən kabab yeyirmiş.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.