7 fevral 2024-cü il seçkiləri Prezidentliyə namizəd Zahid Orucun Seçki Platforması
Siyasət

7 fevral 2024-cü il seçkiləri Prezidentliyə namizəd Zahid Orucun Seçki Platforması

Dövlət idarəçiliyinə baxış: Zəfər Yaşantısı və Ədalət Haqqı! Hamıya və Hər kəsə! Qalib yüz ili - zəkalar, ideyalar yaradacaq. Ən böyük sərvətimiz - insanımızdır.

Azərbaycanın qalib 100 ili strategiyasının fokus nöqtəsi - yeni və təkmil, çevik və rəqabətədavamlı dövlət idarəçiliyini formalaşdıran kadrlardır.

Hazırda dünyada yaşanan yalnız sistemli hərbi, siyasi-iqtisadi böhran deyil, həm də ən başlıcası - idarəçilik böhranıdır. Bu məsələ paradoksal olaraq həm də ləyaqətli kadrlar, insan amili, idarəedici lider faktoru böhranı ilə bağlıdır. Dünya tarixi göstərir ki, Amerika arzularının, Sinqapur-Yaponiya möcüzələrinin bir yaradıcısı var - savadlı insan-vətəndaş. Bu gün ölkədən gedən hər bir "beyin axını" - sərvətimizin damla-damla azalması deməkdir.

2018-ci ildən Azərbaycanda sözügedən sahədə - dünyada baş verən idarəetmə inqilabına - "dövlətə peşəkarlıq və ləyaqətlə xidmət" sisteminin formalaşmasına start verilib. Konkret nəticə əsasında xidmətin dəyərləndirilməsinin "performans sistemi" burada əsas götürülür. Dövlət aparatının optimallaşması, operativ və çevik qərarların qəbul olunmasına potensialı olan, peşəkar kadrlar korpusunun formalaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili, həm də büdcə vəsaitinə qənaət deməkdir.

Lakin dönüş yarada bilən, beyin axınını səngidən faktora çevrilən həllərə ehtiyac var. Kadr islahatları - islahatçı, təşəbbüskar kadrlar deməkdir. Kadr islahatlarının yeganə meyarı isə - xalqa xidmətin örnəyi, ona verilən ən böyük qiymət - Azərbaycan xalqı tərəfindən verilən qiymətdir!

Xarici siyasət: IV Respublika: Yüksələn Regional Güc - Azərbaycan!

Şübhəsiz ki, qalib adımız, sanbalımız bizə təkcə dost deyil, həm də düşmən ölkələr qazandırıb.

Azərbaycan regionda və dünyada tamamilə yeni reallıq yaradıb. Planetar güc potensialı qlobal piramidanın zirvəsindən regionlara doğru yönəlir. Bu reallıq yeni qüvvələr balansını, daha geniş anlamlı regional miqyasda yüksələn yeni regional gücü dünyaya tanıdacaq. Şübhəsiz ki, bu Azərbaycan olacaq!

Tam suverenliyini bərpa edən regionun lider dövləti Azərbaycan bölgəyə kənar güclərin müdaxilə və təzyiqinin əleyhinədir. Bölgəyə sülhü bölgə ölkələri gətirə bilər.

Müşahidə missiyaları, sülhməramlı kontingent adı altında istənilən statuslu kənar qüvvənin gətirmək cəhdləri əbəsdir və Azərbaycan buna heç zaman imkan verilməyəcək.

Azərbaycan kimi ölkələrlə hesablaşmağın dərk edildiyi əsr gəlir. Xalqımız buna çox yaxında əmin oldu. Beynəlxalq sistemdə güc və təzyiq siyasətinə yox deyirik. Qlobal güc sayılan ölkələrin uzun illər apardığı siyasət artıq bumeranqa çevrilib, özlərini hədəfə alıb.

Bəşəriyyət sürətli dəyişikliklərin çətin mərhələsini yaşayır, yeni təhlükələr yaranır. Azərbaycan bütün dünyanın üzləşdiyi problem və çağırışları məsuliyyətli, peşəkar şəkildə dərk və dəf edir. Bizim vəzifəmiz Azərbaycanın təhlükəsizliyini və suverenliyini etibarlı şəkildə qorumaqdır.

IV Respublika: 4-cü sənaye inqilabı dövrünün iqtisadiyyatı: Zəka iqtisadiyyatıdır

Dövlətçiliyimizin yeni tarixi mərhələsində bütün sahələr: iqtisadiyyat, elm və təhsil, mədəniyyət Sünii İntellekt əsrinin, 4-cü sənaye inqilabının çağırışlarına cavab verən rejimdə çalışmalıdır. 7 fevraldan sonra yuxarıdan direktivlər gözləyən passiv icraçı məmur sistemi yeni dövlət quruculuğunda yer ala bilməyəcək. Süni İntellekt əsrinin dövlət idarəçilik sistemi Beyin Mərkəzi kimi çalışmalı, hər bir şəraitdə problemlərin üzərinə beyin hücumunu təşkil edəcək aidiyyətli strukturlar təsis edilməli, tədqiqat və data əsaslı, ictimai rəy əsaslı idarəetmə bütün səviyyələrdə bərqərar olmalıdır.

Artıq "postrəqəmsal" eranın başlanması bəyan edilib. Elm və təhsil sistemində aşağıdan yuxarıya qədər zəka iqtisadiyyatının çağırış və tələblərinə cavab, ölkənin yüksək insan kapitalına əsaslanan iqtisadi gücü - milli gücün əsas parametridir. Peşə seçimləri, əmək qabiliyyətli əhali arasında peşə bacarıqların uyğunsuzluğu kimi neqativ halların trendlərə çevrilmısinin qarşısını almalıyıq. Bu istiqamətdə atılacaq ilk addımlar "Elm və texnologiya siyasəti haqqında", "Süni İntellekt haqqında" və s. aidiyyətli qanunların qəbul edilməsidir. Ölkəmizin potensialı "Süni İntellekt nazirliyinin" yaradıldığı ölkələrdən (BƏƏ) geridə deyil. Onun reallaşdırılması günün tələbidir.

"Böyük Qayıdış" Strategiyasının - "Böyük Dönüş!"lə tamamlanması

Böyük Dönüş: Qarabağa, Torpağa, Bölgələrə, Köklərimizə, Dəyərlərimizə, Kəndə..

Azad edilmiş ərazilərə Böyük Qayıdış dövlət proqramı qəbul edlib, həyata keçirilir. Qayıdış konseptinə baxışımız fərqlidir. Daha təfərrüatlı təqdim edəcəyimiz yanaşmanın yığcam izahı bundan ibarətdir ki, Qayıdış Azərbaycanın məkan müstəvisində inkişafı üçün genişmiqyaslı proqramı əhatə edən nəhəng sosial-demoqrafik milli layihəyə transformasiya edilməlidir. Bu - "Böyük Dönüş" layihəsidir.

Sözü gedən layihə şərçivəsində regionlarda məşğulluq və s. problemlər səbəbindən şəhərə miqrasiya edən kənd əhalisi bağlı olduğu doğma kəndlərinə dönməlidir.

Dünyanın urbanizasiya deyil - aqrosivilizasiya formatında təşkilatlanması qlobal trend hesab edilə bilər. Böyük Dönüşün müxtəlif istiqamətlərdə reallaşdırılması həm məşğulluq, həm də ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından strateji istiqamətdir.

Aqrar sektorun inkişafı, yaşıllaşan kəndlər - "Böyük Dönüş" layihəsinin müsbət nəticəsi olacaq.

XXI əsrin aqrar sektoru tamamilə fərqli, rəqəmsallaşmış sektordur.

Müasir dövrün kənd təsərrüfatı milli iqtisadiyyatların yeni mühərrikinə çevrilib. Yeni mərhələdə kəndlərimiz inkişafı ilə yadda qalacaq. Biz kənd yerlərində kütləvi məşğulluğa şərait yaradacaq, kəndlilərin sahibkarlıq təşəbbüslərini dəstəkləyəcəyik.

Sakinlərin torpaq sahəsinə çıxışları mümkün olacaq. Bunun üçün iri mülkiyyətçilərin istifadəsiz qalan torpaq sahələrinin dövlət mülkiyyətinə qaytarılması gərəkdir.

Aqrar sektorda inhisardan çıxarma şəffaf hüquqi prosedurlar, vergi güzəştləri və müasir texnologiyaların tətbiqi ilə müşayiət olunmalıdır. Effektiv suya qənaət texnologiyalarını tətbiq etmək, meliorasiya və suvarma sistemini bərpa etmək lazımdır

Dövlət kənd təsərrüfatı kooperativlərinin təşkili üçün genişmiqyaslı layihələr həyata keçirəcək. "Kənddən-şəhərə", "tarladan - mağaza rəflərinə" kəndli kooperativlərin qədər birbaşa məhsul tədarükçüsü olmasına şərait yaradılacaq. Effektiv olmayan vasitəçilər aradan qaldırılacaq.

Azərbaycan kəndinin inkişafında dönüş yaratmaq üçün sərhəd kəndlərində məskunlaşdırmanın möhkəmləndirilməsinə dair ayrıca milli təhlükəsizliyin mühüm demorqafik, iqtisadi və sosial əsası kimi yeni inkişaf konsepsiyası hazırlanacaq.

Kiçik və orta biznes, sahibkarlıq subyektlərinin inkişafı - məşğulluğun təmin edilməsində aparıcı mövqeyə malikdir. Dünya Bankının məlumatlarına əsasən, inkişaf etmiş ölkələrdə KOS-un ÜDM və məşğulluqdakı payı müvafiq olaraq 50 və 60%-dən yuxarıdır. Belə ki, dünyanın inkişaf etməkdə olan ölkələri də iqtisadi dayanıqlılığın gücləndirilməsi, rəqabətqabiliyyətliliyin artırılması və iqtisadi aktivliyinin təmin edilməsi üçün KOS-un inkişafı istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi, Azərbaycan iqtisadiyyatında payının qısa zamanda qabaqcıl ölkələrdəki faizə qədər yüksəlməsi ön şərtdir. Bu kəsimdən olan şəxslərə öz bizneslərini asan qurmağa imkan verən liberal şərtlər yaradılmalı, iş görmək istəyən hər kəsə ölkəmiz - fürsətlər məkanı kimi mühit formalaşmalıdır.

Dövlət idarəçiliyində struktur və inzibati islahatlar

Azərbaycanda mərkəzi və yerli icra strukturlarının fəaliyyəti regionlara aid edildikdə, onların arasında sıx koordinasiyanın olmaması, məmur problemi də əlavə olunmaqla vətəndaş məmnunluğuna maneələr yaradır, sosial narazılıqlara səbəb olur. Bu məsələnin həllinin bir yolu - mərkəzin səlahiyyətlərinin yerli idarəçilik qurumlarına ötürülməsi ola bilər. Vətəndaş narazılığına səbəbə olan nə varsa, onun çevik həlli üçün səlahiyyətlər də yerli qurumlara verilməlidir.

Məmurlar vəzifəyə təyin edilərkən "Azərbaycana xidmət edirəm" - andı içməlidir. Vətəndaşın olduğu kimi, Vətənin də hər kəsdən gözləntisi var. Dövlətimizin, Millətimizin uğuru, son nəticədə hərənin öz iş yerində xidmətindən, onun keyfiyyətindən asılıdır. Bu gün dünya Daxili siyasətdə, xarici siyasətdə, milli müdafiədə, təhsildə, elm və texnologiyada, səhiyyədə, və s. sahələrdə ölkələr misli görünməmiş çağırışlarla üzləşirlər. Buna görə ölkələr sədaqət və məsuliyyət, eləcə də peşəkar və enerjili insanlarımızdan asılıdır.

Mədəniyyət. Dəyərlər

Qarşıdakı mərhələdə mühüm məsələlərdən biri də kim olduğumuzla yanaşı, daha çox, həm də kim olacağımızla bağlıdır. Bizi birləşdirən yalnız keçdiyimiz Zəfər yolu deyil, həm də qarşıdakı hədəflərlə bağlı birgə, həmrəy olmağımızdır.

Şanlı keçmiş də, quracağımız gələcək də xalqımızı birləşdirən dəyərlərdə ifadəsini tapır.

Çoxəsrlik tariximizlə yanaşı, müstəqillik tarixini, Vətən müharibəsinin, I və II Qarabağ müharibələrinin tarixinin yaddaşlara həkk edilməsi hər zaman prioritetlərimizdən biri olacaqdır.

Sosial proqramlar

Qalibiyyətlə müharibədən çıxan bir ölkədə sosial sahədə, çoxsaylı amillərlə bağlı sistemli problemlərin olması təbiidir. Bəzi hallarda onların obyektiv və ya subyektiv amillərdən yığılması, həll edilməməsi vətəndaşlarımızda icra strukturlarına inamsızlıq yaradır. Bu, hallar dövlətimizin davamlı inkişafına mane olur. Çünki ölkəmizin əsasən sərvəti - insanlarımızdır. Hesab edirik ki, burada həm "dövlət vətəndaş üçün", həm də, "vətəndaş dövlət üçün" qarşılıqlı yanaşması vəhdət təşkil etməlidir.

Sosial ədalət, ədalətli sosial siyasətin aparılması, təhsilin, sağlamlığın və rifahına təmin edilməsi - bu məsələdə dövlət vətəndaşlar üçün birbaşa cavabdehdir. Ölkənin sosial büdcəsi müstəqillik illərində davamlı olaraq artan xətt üzrə yüksəlib. Uşaq bağçalarının, məktəblərin, xəstəxanaların, mədəniyyət və idman obyektlərinin tikintisinə və müasirləşdirilməsinə, həmçinin ünvanlı yardıma milyonlarla manat vəsait xərclənir. Biz sosial müavinətlərin həcminin məqsədyönlü, nəticəyönümlü artırılmasına çalışacağıq. Əhalinin həssas qruplarını dəstəkləmək, həyat şəraitlərinin yaxşılaşdırılması üçün yeni mexanizmlər tətbiq ediləcək.

Gənclər cəmiyyətdə dəyişikliklərin əsas hərəkətverici qüvvəsidir.

Bu günün gənc seçiciləri siyasətə biganə olmasa da, onların səsvermə motivasiyası partiyalı siyasəti, yaxud iqtidar-müxalifət mənsubiyyətli namizədlərdən kənardadır.

Quracağımız yeni yüz ilin sabahı da bugünkü gənc nəsildən, onun inkişaf xüsusiyyətlərini müəyyən edən bir çox parametrlərdən: dəyərləri, təşəbbüsləri, özünüreallaşdırma imkanları, dünyagörüşü, ən vacibi qayğı və problemlərinin müəyyən edilməsi və həllindən və s. birmənalı asılıdır. Hər bir ölkədə nəsillərarası estafetdə, fəal həyat mövqeyi ilə dövlətin indiki inkişafında mərkəzi yer tutan, gələcək potensialını müəyyən edən aparıcı qüvvə gənclikdir.

Ölkə əhalisinin 2,3 milyon nəfərini, yaxud 22.1%-ni təşkil edən Azərbaycan gəncliyi dövlətçiliyimizin gələcəyi üçün misilsiz insan kapitalı, strateji resursdur.

Xüsusilə də XXI əsrdə gənclik bütün dünyada lokal və qlobal proseslərin, transformasiyaların "sosial mühərriki" hesab edilir. İnsan kapitalının inkişaf etdirilməsi üçün yeni ideyalar, həyata keçirilən fundamental islahatlar, çağırış və təhdidlərə çevik reaksiyaların tələb edildiyi zamanlarda gənclik ölkənin yaradıcı və qurucu enerjisinin daşıyıcısı, strateji resursu hesab edilir. Gənclər siyasəti ilə bağlı bir çox istiqamətlərdə böyük boşluqlar mövcuddur. Dövlət gənclər siyasətinin strateji və konseptual əsaslarının tamamilə yenidən hazırlanmasına ehtiyac var. Mənəvi-ideoloji istiqamətdə Azərbayanda gənclər arasında ideoloji tərbiyə işinin aparılmasındakı boşluqlar dövlət başçısı tərəfindən dəfələrlə vurğulanıb.

Gənclərimizin hələ məktəb yaşlarından ziyanlı ideologiyalara cəlb edilməsi meyilləri bu boşluqların düşmən qüvvələr tərəfindən doldurulması cəhdləri ilə bağlıdır. Son 30 ildə radikal dini ideologiyalar məktəb skamyalarına qədər sızmaqda davam edir. Sorğunun nəticələri də dindarlaşma dinamikasının neqativ tendensiyasının yüksəlməsini göstərir. Qarşıdakı 20-30 ildə gənclərin ideoloji manipulyasiyasına fürsət verilməməlidir. Bununla bağlı konkret əks tədbirlər sistemi hazırlanmalıdır.

Ekoloji proqram.

Müstəqillik illərində Qarabağ mövzusu ilə paralel olaraq, ekoloji problemlərin qoşa addımlaması nadir hadisələrdən olub, təsadüfi deyildi.İstər Topxana meşəsi lə başlayan proseslər, istərsə də, azad edilmiş torpaqlarda təbii sərvətlərin talan edilməsinə qarşı ötən il Xankəndi yolunda keçirilən dinc aksiyanın mühüm nəticələri, Laçın yolunda sərhəd-keçid məntəqəsinin açılması - təkcə bu məsələlər ekoloji gündəmin strateji vacibliyini sübut edir. Azərbaycanın işğal illərində dəymiş ziyanın qiymətləndirilməsi yönündə fəaliyyəti davam edəcək. Hələ ekoloji aksiya zamanı məlum oldu ki, Azərbaycanda milli ekoloji qanunvericiliyin əsaslarına yenidən nəzər salınmasına ehtiyac var.

2024-cü ildə Azərbaycanda dünyanın ən nəhəng ekoloji tədbiri keçiriləcək. Biz bu tədbirə Laçın-Xankəndi yolunda keçirilən aksiyanın dünya tərəfindən etirafı kimi də yanaşa bilərik.

Vətəndaşların sağlamlığına və həyat keyfiyyətinə təsir edən ətraf mühitin vəziyyəti dövlətin prioritetləri sırasındadır. Biz təbii ehtiyatlardan rasional istifadə etməli və ətraf mühiti qorumalı, ətraf mühitin mühafizəsi üçün yeni mexanizmlər tətbiq etməli, təmiz texnologiyalar inkişaf etdirməliyik. Biz cəmiyyətdə ekoloji mədəniyyətin səviyyəsinin yüksəldilməsinə, ətraf mühitə atılan tullantıların azaldılmasına, biomüxtəlifliyin qorunmasını nail olmalıyıq.

Biz təhsilin bütün pillələrində - uşaq bağçalarından tutmuş universitetlərə qədər ekoloji mədəniyyətin formalaşması, ekoloji təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı yanaşmalara köklü şəkildə yenidən baxmalıyıq. Sənaye müəssisələrimizə ekoloji nəzarəti gücləndirməsi, zərərli tullantıların azaldılması, meşə sahələrinin genişlənməsi, su ehtiyatlarından səmərəli istifadəsi, mühafizəsi və təmizlənməsinə yönəlmiş yeni "Su Məcəlləsi"nin qəbulu gündəlikdədir.

Qısa ifadə edilsə - Azərbaycan ekologiyasının qorunması üçün ən vacib məsələlərdən biri - məhz ekoloji şuürun, təbiəti sevən düşüncə ekosisteminin formalaşmasıdır.

Rəqəmsal texnologiyalar, süni İntellekt və postrəqəmsal əsrin çağırışları.

İnformasiya siyasəti - həmişə ictimai və ideoloji mahiyyətli olaraq qalmaqdadır. Bu sahədə "ideoloji vakuum" vəziyyəti yolverilməzdir. Əks-təqdirdə "müqəddəs yer boş qalmır" prinsipi ilə kənar qüvvələr tərəfindən zəbt edilir, manipulyasiyaya məruz qalır; Azərbaycanda informasiya siyasətinin ideoloji baza konsepsiyasının hazırlanması gündəmdə durur.

Qlobal informasiya qarşıdurmasını sərtləşdiyi hazırkı dövrdə qarşıda duran başlıca vəzifə: vətəndaş və dövlət arasında, bütün ölkə boyu, həm "şaquli", həm də "üfqi"səviyyələrdə, paytaxt və periferiyada bütün nöqtələri əhatə edən, miqyaslı, fasiləsiz və etibarlı informasiya-kommunikasiya siyasətini reallaşdırmaqla milli birliyin və ərazi bütövlüyünün təmin edilməsidir.

Əziz seçicilər, qalib xalqımız!

Biz Vətən müharibəsində birləşərək ən ciddi sınaqdan çıxdıq, işğalçıların öhdəsindən gəldik, onları torpaqlarımızdan qovub çıxardıq.

Bu gün qlobal miqyaslı müharibələrin nəticələrini, maliyyə bazarların böhranını, artan qlobal ərzaq inflyasiyasını, beynəlxalq münaqişələrin təsirini hər bir ölkə , o cümlədən, Azərbaycan da bilavasitə və dolayısı ilə hiss etməkdədir. Ölkəmizdə bütün ehtimal olunan proseslərlə bağlı düşünülmüş fəaliyyət planımız, yaxın gələcək üçün hədəflərimiz, bütün lazımi resurslarımız və ən vacibi heç bir xalqda olmayan Qalib kimliyimiz var.

Bizi birləşdirən Zəfər hissi, qalib kimlik - ən böyük sərvətimiz kimi hər birimizin səylərini tələb edir. Hər birimizdən tələb edilən ilk məsələ - 7 fevral tarixində seçkilərdə və səsvermədə iştirak etməkdir.

Biz öz seçki proqramında bütün əhalimizin həyatını yaxşılaşdıracaq, sosial ədaləti bərqərar edəcək reallığa söykənən məqsədlər qoymuşuq. Bütün təcrübəmiz, bütün qüvvəmizi sizinlə birgə bu məqsədlərə çatmağa yönəldiləcəkdir.

Birlikdə qarşıya qoyulan vəzifələri - bütün vətəndaşların rifahının və həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsini, iqtisadiyyatın, siyasi sistemin köklü islahatlarla yeniləşməsini görəcəyik.

Xalqımız bir olanda misilsiz tarix yazır, bütün dövrlərdə istənilən çətinliyə qalib gəlib, hər dəfə daha da güclənib, müdrikləşib. Mövcud dünya düzəninin tarixə qovuşduğu, yeni xarici və daxili çağırışların ortaya çıxdığı hazırkı dövrdə də xalqımız qarşıda duran bütün ümidləri, məqsədləri reallığa çevirməyə tam qadirdir!

Biz Azərbaycanda yeni dövlətçiliyi, ictimai-siyasi quruculuğu, bütün sahələrdə sitemli islahatları nəzərdə tutan, bununla bağlı gözləntiləri olan, ən vacibi buna nail olmaq üçün bizə qoşulan, səsimizə səs verən, iştirakçılığa hazır olan hamını, hər kəsi dəvət edirik! Biz məhz onları təmsil edirik!

Böyük işlər - birlikdə görülür. Biz partiya, birlik, blok yaxud alyans deyilik. Lakin sizlərin səsi, iştirakı ilə böyük hərəkata çevrilə bilərik! Azərbaycanın ən güclü 100 ilini yarada bilərik! Bu dəfə-100%!

Fevralın 7-də: dövlətçiliyimiz tarixində ən güclü olacaq 4-cü Respublikanın təməllərinin inşasına səs verək.

Qalib dövlət adlı gücümüzün nümunəsi ilə yanaşı, nümunəmizin gücü ilə tanınaq!

Zəfər estafetini davam etdirək, məşəlini daha etibarlı, daha qətiyyətli gənclərə, Qələbə varislərinə ötürək!

Gəlin Zəfər erasını, IV Respublikanı, ƏDALƏTİN ZƏFƏR ÇALDIĞI AZƏRBAYCAN əsrini birgə quraq, yaradaq!

2024-cü, IV Respublika başlanğıc ili.

Qeydə alınmış namizədlərin bu ödənişsiz təşviqat materialları Seçki Məcəlləsinə və MSK-nın müvafiq təlimatına əsasən dərc edilir.

Seçkiqabağı təşviqat materiallarındakı fikirlərə görə redaksiya məsuliyyət daşımır