MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Aldar Headquarters Building

Dünyanın ilk dairəvi göydələni BƏƏ-nin paytaxtı Əbu-Dabidə, Əl Raha rayonunun sahilində inşa olunub. "Aldar Properties" tikinti şirkətinin baş qərargahı kimi fəaliyyət göstərən Aldar Headquarters Building binası "MZ Architects" memarlıq bürosunun mütəxəssisləri tərəfindən yaradılıb. Göydələnin tikintisi zamanı ekoloji cəhətdən təmiz və enerjiyə qənaət edən texnologiyalardan, həmçinin təkrar emal edilmiş materiallardan - polad, beton və şüşədən istifadə edilib.

Ölkənin ilk "yaşıl" binasının ümumi sahəsi təxminən 123 000 kvadratmetrdir. 23 mərtəbədən və 3 zirzəmidən ibarət göydələnin hündürlüyü 121 metrdir. Diametri 120,9, aşağı və yuxarı hissələrinin eni 10, orta hissəsinin eni isə 36,4 metrdir. Enerji resurslarından səmərəli istifadə standartlarına cavab verdiyi üçün "gümüş sertifikat"a layiq görülən qərargah tullantıların avtomatik yığılması üçün quraşdırılan yeraltı vakuum sistemləri ilə təchiz edilib ki, bu da gündəlik tullantıların yığılması və zibil maşınları tərəfindən daşınması ehtiyacını aradan qaldırıb. Binanın fasadı vizual olaraq qabarıq görünsə də, burada əyri şüşədən istifadə olunmayıb. Bir vaxtlar planetin ən çirkin binaları siyahısında yer alan göydələn, Valensiyada keçirilən BEX konfransında "Ən Yaxşı Futuristik Dizayn" mükafatına layiq görülüb.

Müqəddəs İsaak Kafedralı

Sankt-Peterburq şəhərinin ən böyük və qədim pravoslav kilsəsi olan Müqəddəs İsaak Kafedralı imperator I Pyotr tərəfindən rahib Dalmasiyalı İsaakın şərəfinə təqdis edilib. Muzey statusuna malik kafedral 1818-1858-ci illərdə fransız mənşəli Rusiya memarı Ogüst Monferranın layihəsi əsasında inşa olunub. O dövrün məşhur alman mühəndisi Karl Opperman isə inşaat komissiyasına sədrlik edib. Beş günbəz və üçpilləli zəng qülləsindən ibarət tarixi bina barokko üslubunda dizayn edilib. Zəngin, bir o qədər də sirli tarixə malik məbədin tikinti işləri 40 il davam edib. Bir neçə dəfə sökülən və yenidən tikilən abidənin son rekonstruksiya işləri memar A.Rinaldinin rəhbərliyi altında aparılıb, V.Brenna isə layihəni tamamlayıb.

Əzəmətli məbədin hündürlüyü 101,5, uzunluğu 111,28, eni isə 97,6 metrdir. Əsası qranitlə üzlənən binanın divarları təxminən 40-50 santimetr qalınlığındadır. Avropanın ən bahalı məbədinin günbəzinə 100 kiloqram qızıl sərf olunub. Rusiya tikinti tarixinin mühüm mərhələsi hesab edilən məbədin inşaat işlərində ilk dəfə metal konstruksiyalardan istifadə olunub. Sankt-Peterburq tarixində ilk dəmir yolunun çəkilişi də məhz kafedralın tikintisi zamanı baş verib. Belə ki, bu vasitə ilə mühəndislər mərmərləri tikinti sahəsinə daşıyıb. 1948-ci ildə məbədə muzey statusu verilib.

Kamala Nehru və ya "Çəkmə" parkı

Hindistanın Mumbay şəhərinin Cənub-Şərq hissəsində yerləşən Punenin ən görməli yerində qadın çəkməsi şəklində unikal ev inşa olunub. Qeyri-adi dizayna məxsus kiçik ev Hindistanın ilk baş naziri Pandit Cavaharlal Nehrunun həyat yoldaşı Kamala Nehrunun şərəfinə salınan parkda tikilib. Qısa zamanda məşhurlaşan parkı yerli əhali "Çəkmə" parkı adlandırıb. Nəhəng çəkmənin dizaynı NEERİ şirkətinin direktoru Soli Arceivala tərəfindən hazırlanıb. 2017-2018-ci illərdə parkda Böyük Mumbay Bələdiyyə Korporasiyası tərəfindən təmir-bərpa işləri aparılıb. Əvvəllər sarı rəngdə olan "çəkmə"nin fasadı rekonstruksiya işlərindən sonra tünd göy və qırmızı rəngdə boyanıb. "Çəkmə ev"in açılışı isə 2018-ci ilin 22 fevralında baş tutub.

Asma Bağlar kompleksinin bir hissəsi olan park təxminən 4 hektar ərazini əhatə edir. Uşaqların, eləcə də böyüklərin marağına səbəb olan "Çəkmə ev" 3 mərtəbədən ibarətdir. Çəkmənin yuxarı hissəsində isə möhtəşəm bağın mənzərəsini seyr etmək üçün kiçik eyvan var.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".