DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

QƏZZA ZOLAĞINDA DANIŞIQLAR DALANA DİRƏNİR

İsrail Fələstinin HƏMAS hərəkatının daimi atəşkəs tələbi ilə razılaşmadığı üçün Qəzza zolağından girovların azad edilməsi üzrə danışıqlar dalana dirənir. “Report” agentliyinin xəbərinə görə, bu barədə “NBC News” telekanalı adı açıqlanmayan diplomata istinadən məlumat yayıb.

Telekanalın açıqlamasına əsasən, danışıqlar aparan tərəflər girovların azad edilməsi üçün “bəzi mexanizmlər” üzərində razılaşıblar, lakin İsrailin mövqeyi razılaşmanın bağlanmasına mane olur.

Eyni zamanda, razılaşmanın bir aydan çox müddətə hərbi əməliyyatların dayandırılmasını, fələstinli məhbusların müqabilində girovların mərhələli şəkildə azad edilməsini nəzərdə tutacağı gözlənilir.

Bu əfərədə İsrailin baş naziri Benyamin Netanyahu qeyd edib ki, İsrail HƏMAS hərəkatının anklavda saxlanılan bütün israilli girovların azad edilməsi müqabilində Qəzza zolağında hərbi əməliyyatların dayandırılması tələbini rədd edir. Baş nazir qeyd edib ki, HƏMAS-ın şərtlərilə razılaşmaq hərbçilərin itkisinə və vətəndaşların təhlükəsizliyinin təmin oluna bilməməsinə gətirib çıxaracaq.

KORONAVİRUSDAN 20 DƏFƏ DAHA ÖLÜMCÜL VİRUSLA BAĞLI XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Davosda iştirak etdiyi panel iclasında diqqətçəkən açıqlamalarla çıxış edib. “Trend” agentliyinin xəbərinə görə, təşkilatın rəhbəri sirli adlandırdığı “X” virusunun epidemiyaya çevriləcəyi ilə bağlı xəbərdarlıq edib və ölkələri yeni pandemiya ehtimalına hazır olmağa çağırıb.

Baş direktorun sözlərinə görə, bu virus “COVID-19”dan 20 dəfə daha ölümcüldür. “X” virusunun laboratoriya analizlərinin nəticələrini də açıqlayan təşkilat rəhbəri bildirib ki, onun epidemiyaya çevriləcəyi təqdirdə 75 milyon insan həyatını itirə bilər.

“Bu ilin mayında bütün ölkələrin ortaq düşmən olan pandemiyaya qarşı razılığa gələcəyinə ümid edirəm. Biz bütün ssenarilərə hazır olmalıyıq. “COVID-19” pandemiyasında çoxlu sayda insan öldü, çünki prosesi yaxşı idarə edə bilmədik. Yetərli həcmdə oksigen yox idi. İndi biz zərurət yarandığında mükəmməl fəaliyyət göstərəcək bir sistem qurmalıyıq”, - deyə baş direktor vurğulayıb.

Tedros Adhanom Qebreyesus əlavə edib ki, növbəti pandemiyanın bəşəriyyəti qəfil yaxalamasına imkan vermək olmaz.

PAKİSTAN VƏ İRAN SƏFİRLƏRLƏ BAĞLI RAZILIĞA GƏLİBLƏR

Pakistan və İran iki ölkənin səfirlərinin yanvarın 26-dək öz vəzifələrinə qayıda biləcəkləri barədə razılığa gəliblər. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada xarici işlər naziri Cəlil Abbas Cilani ilə İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian arasında telefon danışığından sonra iki ölkənin səfirlərinin vəzifələrinə qayıda biləcəkləri barədə razılıq əldə olunub.

Açıqlamada İranın xarici işlər naziri Abdullahianın nazir Cilaninin dəvəti ilə yanvarın 29-da Pakistana səfər edəcəyi bildirilib.

Qeyd edək ki, İran yanvarın 16-da Pakistan ərazisinə raket və təyyarələrlə hücum edərək terrorçu ünsürləri hədəfə aldığını açıqlayıb. Pakistan da İranla sərhəd bölgəsində bir nöqtəni raketlərlə vuraraq terrorçulara qarşı əməliyyat keçirdiyini bəyan edib.

HİNDİSTAN MYANMA İLƏ SƏRHƏDDƏ HASAR TİKMƏK NİYYƏTİNDƏDİR

Hindistan Myanma ilə sərhəddə hasar çəkmək niyyətindədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu ölkənin daxili işlər naziri Amit Şah bəyan edib.

Nazirin sözlərinə görə, tədbirlərin məqsədi Myanmadan Hindistan ərazisinə sərbəst gediş-gəlişi məhdudlaşdırmaqdır.

Məlumata əsasən, Hindistan həmçinin sərhəd sakinləri üçün iki ölkə arasında sərbəst hərəkəti dayandırmağı planlaşdırır. Bu rejim 1970-ci illərdə qurulub, çünki Hindistan-Myanma sərhədində yaşayan insanların çox qohum olduğu üçün tez-tez sərhədi keçirdilər.

Bununla yanaşı, nazir əlavə edib ki, həmin şəxslərə yaxın vaxtlarda qonşu ölkəyə daxil olmaq üçün viza da lazım olacaq.

Qeyd edək ki, üsyançılarla şiddətli toqquşmalardan sonra 600-ə yaxın Myanma ordusunun əsgəri Hindistan ərazisinə keçib. Hərbçilər Hindistanın Mizoram bölgəsinə sığınıblar.

COZEF BAYDENİN SEÇKİ KAMPANİYASI NARAHATLIQ DOĞURUB

ABŞ Demokratik Partiyasının bir sıra qanunvericiləri prezident Cozef Baydenin seçki kampaniyasından narahat olduqlarını bildiriblər. Buna səbəb hazırkı prezidentin yürütdüyü siyasət son dərəcə qeyri-populyardır və onun reytinqləri enməyə davam edir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Bildirilir ki, senator Berni Sanders Bayden komandasının qarşıdan gələn seçkiyə yanaşmasına narahatlığını ifadə edib. Senatorun sözlərinə görə, prezident kursu dəyişməlidir, çünki onun İsraili dəstəkləməsi gənc seçicilər arasında reputasiyasını zədələyib.

Eyni zamanda, Konqresin aşağı palatasının keçmiş lideri Steni Hoyer və Benni Tompson kimi digər Nümayəndələr Palatasının demokratları kampaniyanın istiqaməti ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Telekanal həmçinin qeyd edib ki, demokrat strateqlər David Akselrod və Ceyms Karvill Baydenin yenidən seçilmək şansına şübhə ilə yanaşırlar.

BANK KARTLARI QAÇQINLARIN ALMANİYANI TƏRK ETMƏSİNƏ SƏBƏB OLUB

Almaniyada nağd pul əvəzinə bank kartları alan ilk qaçqınlar ölkəni tərk etməyə başladılar. “Trend” agentliyinin “Bild am Sonntag” qəzetinə istinadən xəbər verir ki, bu yenilikdən narazı qalan əcnəbilər ölkəni tərk edirlər.

Nəşrin məlumatına görə, Almaniya hakimiyyəti qaçqınlar üçün plastik bank kartlarının tətbiqi imkanlarını yeni müzakirə etməyə başlayıb, lakin bəzi regionlar artıq onların buraxılmasına başlayıb. İndiyədək miqrantlara 200-ə yaxın kart paylanılıb, yanvarın sonunadək onların sayı 740-a çatdırılacaq.

“Əksər miqrantlar dəyişiklikləri qəbul edir və hətta onlara nəsə təqdim olunduğuna görə çox xoşbəxtdir”, - deyə Qaçqınların İşləri üzrə Xidmətin rəhbəri Daqmar Peland vurğulayıb. Həmçinin onun sözlərinə görə, hələ 2023-cü ilin dekabrında 15 qaçqın onlara kart deyil, nağd pul lazım olduğunu bildirərək ölkəni tərk etmişdir.

Qeyd olunur ki, kartların tətbiq olunduğu bölgədən deportasiya olunanların sayı xeyli artıb.

Xatırladaq ki, bir müddət öncə bildirilirdi ki, terrorçular Ukraynadan olan qaçqınlar adı altında Almaniyaya daha çox daxil olmağa cəhd edirdilər.

AVSTRALİYA “QIZIL VİZA”DAN İMTİNA EDİR

Avstraliya 3,3 milyon ABŞ dollarından çox sərmayə qoyan insanlara verilən “qızıl viza” müraciətlərini dayandırıb. “Bloomberg” agentliyinin məlumatına görə, bu barədə Avstraliyanın daxili işlər və kibertəhlükəsizlik naziri Kler Onil vurğulayıb.

Bildirilir ki, Avstraliya hakimiyyəti bu qərarı daha ixtisaslı miqrantları cəlb etmək üçün miqrasiya siyasətini dəyişdirməklə izah edib.

“Aydındır ki, bu viza ölkəni və iqtisadiyyatı miqrasiya sistemi ilə bağlı bizə lazım olanlarla təmin etmir”, - deyə nazir qeyd edib. Onun sözlərinə görə, viza proqramından indi yaşlı insanlar Avstraliyada məskunlaşmaq və ölkədə təqaüdə çıxmaq üçün tez-tez istifadə edirlər.

Bununla yanaşı, nazir əlavə edib ki, hökumət diqqəti ixtisaslı mütəxəssislərin cəlb edilməsinə yönəltməyi planlaşdırır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.