Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Mikayıl Müşfiq

Repressiya dövrü qurbanları deyəndə ilk ağlagələn onun adı olur. Yəqin çox az adam tapılar ki, onun "Yenə o bağ olaydı" şeirini ömründə heç olmasa bircə dəfə eşitməmiş olsun. Söhbət Azərbaycanın poeziya tarixinə adını qızıl hərflərlə  yazdırmağı bacaran,  bəxtinə 29 il ömür düşən, elçiliyini Səməd Vurğun edən, oğlunu qundaqda ikən itirən görkəmli şairimiz Mikayıl Müşfiqdən gedir...

Mikayıl Əbdülqədir oğlu İsmayılzadə  Bakıda ziyalı ailəsində dünyaya göz açıb. O, altı aylıq olanda anası Züleyxanı, altı yaşı olanda isə atası Mirzə Əbdülqədiri itirib. İbtidai təhsilini  rus-tatar məktəbində alan şair Ali Pedaqoji İnstitutuna daxil olub və uzun müddət müəllim kimi fəaliyyət göstərib.

Şair həm huşsuz, həm də  nadir hafizəyə sahib olub. Yəqin deyəcəksiniz bu necə olur?  Deyilənə görə, şair hafizəsinə arxayın olduğundan çox vaxt qoşduğu şeiri uzun müddət vərəqə köçürməzmiş. Öz şeirləri ilə yanaşı, bir çox klassik şairlərin əsərlərini də əzbər bilirmiş. Hətta  bir dəfə məktəbdə oxuyanda müəllim Tofiq Fikrətin həyatından bəhs edən dərsi  keçməyə hazırlaşırmış. Amma kitab yadından çıxdığından dərsi təxirə salmaq istəyib. Müşfiq müəllimə Tofiq Fikrətin bütün şeirlərini əzbər bildiyini deyib və dərs boyu hamını təəccübləndirib. Lakin buna baxmayaraq, onun həyatda, məişətdə yaddaşı çox zəif olub. Deyilənə görə, bir dəfə  o, papağını itirir və tapmaq üçün hər yeri axtarır.  Birdən baxıb görür ki, papaq qoltuğundadır. Huşsuzluğunu etiraf edən Müşfiq S.Y.Marşakın "Huşsuza bax huşsuza" əsərini dilimizə tərcümə edəndə deyib: "Şair lap mənim obrazımı yaradıb ki!".

Şair çox mehriban və təvazökar insan olub. Bunu dərs dediyi şagirdləri də təsdiqləyir. Şagirdlərindən biri sevimli müəllimlərini belə xatırlayır: "Müşfiq müəllim dərs deyəndə zəng səsini eşitməzdik. Dərs zamanı şagirdlərə şeir oxumağı öyrədəndə başqa müəllimlərimiz də gəlib bizim sıralarda oturardılar. Çoxumuza "qızım", "oğlum" deyə müraciət edərdi. Əslində bu ifadə onun yaşına uyğun deyildi. Ancaq   Müşfiq müəllimə bu sözlər çox yaraşırdı".

Şair həyat yoldaşı  Dilbər xanımla dillərə dastan eşq macərası yaşayıb. Gəncləri Müşfiqin əmisi arvadı  tanış edib. Dilbər xanım Müşfiqin əmisi arvadı Fəramuşla tələbə yoldaşı olub. Təsadüfi bir neçə görüşdən sonra Müşfiq Dilbər xanıma sevgi məktubları göndərib, hər görüşə yeni şeirlə gəlib.

Deyilənə görə, Dilbər xanım dərs ilini bitirdikdən  sonra  yay mövsümündə Gəncəyə gedəcəyini bildirəndə şair elə oradaca "Ayrılıq" şeirini yazıb. "İstəyirsən, getməyim, daha bundan ötrü niyə narahat olursan?", - deyən Dilbər xanıma şair belə cavab verib:

Deyirsən, yanında qalacağam mən,

Çox gözəl fikirdir, qal, sənə qurban!

Nə zaman istəsən əziz canımı,

Qumral gözlərinlə al, sənə qurban!..

Sən Müşfiqin yanında, qalginən, sənə qurban,

İstəsən bu canımı, alginən, sənə qurban.

Dilbər xanım getdikdən sonra Müşfiq Səməd Vurğunla  Gəncəyə qonaq gəlir. Səməd Vurğun üzünü Dilbər xanıma tutub deyir:  "Dilbər bacı, bizim bu dağlara gəlməyimizin bir səbəbi var. O da Müşfiqin aşıq Kərəmə dönməyidir. Müşfiqi Kərəmdən ayıran cəhət odur ki, o, Əslinin dalınca hər yana tək gedərdi, bu isə utandığından məni özü ilə gətirib. Siz bunu necə ovsunlayıbsınız ki, şəhərdə nə gecəsi, nə də gündüzü var. Gördüm bu gedişlə o, Kərəmi ötüb Məcnun olacaq, dözməyib dedim ki, gedək Gəncə dağlarına, bəlkə təskinlik tapa ürəyin. Müşfiq elə bil sözümə bənd imiş. Söz ağzımdan çıxan kimi durub düşdü yola. Bütün yolu şeir deyə-deyə gəlmişik".

Dilbər xanım Bakıya qayıdar-qayıtmaz Mikayıl ona elçi göndərmək və tez vaxtda nişanlanmaq istədiyini bildirir. Səməd Vurğunun elçiliyi ilə baş tutan izdivacdan cütlüyün bir oğlu dünyaya gəlir. Müşfiq onun adını Yalçın qoyur. Sevinci yerə-göyə sığmayan şair sanki qanad açır. Təəssüflər olsun ki, onun sevinci çox çəkmir. Uşaq iki aylıq olanda bərk xəstələnir, hərarəti yüksək olduğundan  süst düşür və gözlərini əbədi olaraq yumur. Oğlunun ölümündən sonra  böyük sarsıntı keçirən şairə  həmin ilin sonlarında sevdiyi həmyerlisi Cəfər Cabbarlının ölümü də ağır zərbə olur. Şairin ürəyini bu sıxıntılardan başqa, ona qarşı yönələn haqsız tənqidlər də sıxır. Qara buludlar getdikcə gənc şairə də yaxınlaşır. Mətbuatda Müşfiq haqqında təhqir, böhtan dolu kəskin tənqidi məqalələr görünməyə başlayır. Saf qəlbli şair bütün bunlardan çox mütəəssir olur. Yazıçıların növbəti plenumunda Müşfiqə əks-inqilabçı damğası vurulur və qısa müddət sonra o, evində həbs edilir. O, əks-inqilabçı milli təşkilatın üzvü, sovet hakimiyyətinə qarşı silahlı üsyana hazırlıqdan xəbərdar olmaqla ittiham edilir. Qısa müddət sonra isə SSRİ Ali Məhkəməsi Müşfiqin barəsində güllələnmə qərarı verir.

Deyirlər, həyatının ən son saatlarına qədər o, ölümünə inanmayıb. Həyat yoldaşı Dilbər xanım xatırlayır ki, həbsxanada son görüşlərində Müşfiq kədərli halda ölümqabağı hisslərini gizlətməyə çalışaraq deyib: "Sən narahat olma. Əvvəl-axır, tez, ya gec hər şey aydınlaşacaq. Biləcəksiniz ki, bizim heç nədə təqsirimiz olmayıb...".

Qriqori Perelman

Haqqında söhbət açacağımız bu dahi şəxsiyyət  məşhur "Puankare hipotezi" adlı minilliyin riyazi teoremini həll edən, sonradan isə ona görə 1 milyon dollarlıq beynəlxalq mükafatı almaqdan boyun qaçıran, Obamadan yumurta və pomidor istəyən rus riyaziyyatçısı Qriqori Perelmandır...

Qriqori Yakovleviç Perelman Sankt-Peterburq şəhərində, yəhudi ailəsində anadan olub. Atası Yakov Perelman mühəndis, anası Lyubov Leybovna riyaziyyat müəllimi idi. Skripkada gözəl mahnılar ifa edən Lyubov Leybovna oğlunun dəqiq elmlər sahəsində qeyri-adi istedadını hiss etsə də, onu musiqiçi kimi görmək istəyirdi. Anasının istəyi ilə musiqi məktəbinə gedən Qriqori əsas hədəfinin riyaziyyat olduğunu hiss etdikdən sonra  fizika-riyaziyyat təmayüllü məktəbə daxil olur. Daha sonra isə Leninqrad Dövlət Universitetinin mexanika və riyaziyyat fakültəsinə imtahansız qəbul edilir. Universiteti bitirdikdən sonra V.A.Steklov adına Riyaziyyat İnstitutunun aspirantı olan Qriqori namizədlik dissertasiyasını müdafiə edir. Qriqori bu illər ərzində həm də ABŞ universitetləri ilə əməkdaşlıq edərək elmi mühazirələr oxuyur. Elə bu ərəfədə də müasir riyaziyyatın ən önəmli problemlərindən olan "Puankare hipotezi"nin həlli yolunu tapır.

Dünyanın ən ağıllı adamlarından  hesab edilən bu dahini küçədə görsəniz, üzünüzü turşudub: "Nə iyrənc adamdır..." deyərsiniz. Baxımsız, səfil görünüşü ilə "bomj"u xatırladan dahi  özünü tamamilə elmə həsr edir. Qadınlarla heç bir münasibət qurmayan, qapalı həyat tərzi  keçirən Qriqorinin davranışları onu tanıyanlar və iş yoldaşları arasında müxtəlif şayiələrin yaranmasına səbəb olur. Hətta ingilis saytlarının birində  dahi riyaziyyatçının seksual oriyentasiyasının müzakirəsi zamanı respondentlərin 50 faizi onun homoseksual olması qənaətinə gəlir.

Asket həyatı yaşayan Qriqori daha çox beynəlxalq mükafatlardan imtinası ilə populyarlaşıb. O, 1996-cı ildə Avropa Riyaziyyatçılar Cəmiyyətinin mükafatına layiq görülsə də, ondan imtina edib, yaşadığı cəmiyyətdən gizlənərək təqdimata gəlməyib.

Daha sonra isə alim riyaziyyatın ən müh

üm problemlərindən biri, "Puankare hipotezi"ni həll etdiyinə görə Nobelə alternativ olan  beynəlxalq "Filds" mükafatından  imtina edib. Bu barədə sual verənlərə isə belə demişdi: "Ehtiyaclarımdan artıq pul mənə lazım deyil. Mən zoopark sakini deyiləm". İmtina silsiləsi bununla da bitmir. Görkəmli alim 2010-cu ildə Kley Universiteti tərəfindən layiq görüldüyü ödülə də yaxın durmayıb.

Leninqradda yaşadıqları binanın 38 illik qonşusu Anatoli Yakovleviç jurnalistlərə onun haqqında bunları deyib: "Qriqorini son vaxtlar ayda, ildə bir dəfə görürəm. Hərdən anası ilə gəzintiyə çıxır. Pendir, süd, çörək yeməyi xoşlayır. Görkəmi pintidi, saqqalına aylarla əl gəzdirmir. Milyon dollardan imtina etdiyi üçün deyə bilərəm ki, onun başı xarab olub".

Gəzən şayiələrə görə, bir gün Amerikanın keçmiş prezidentlərindən biri olan Barak Obama Qriqori Perelmana zəng edir. Dəstəyi götürən Perelman ədəb-ərkanla salamlaşıb zəng edənin kim olduğunu soruşur. Barak Obama özünü təqdim edəndən sonra Perelman əhvalını dəyişmədən, buyurun, nə lazımdır, deyə soruşur. Ardından Barak Obama "Hörmətli Perelman, sizin kəşfiniz bizim okeanı neft qalıqlarından təmizləməyimizə kömək etdi. Buna görə Amerikanın prezidenti kimi öz adımdan və Amerika xalqı adından sizə təşəkkür edirəm!" deyir. Perelman quruca bir "dəyməz" deyib sağollaşmaq istəyəndə Barak Obama soruşur: "Hörmətli, Perelman! Sizin məndən bir istəyiniz varmı?" Perelman "yoxdur" deyir. Bu vaxt Perelman mətbəxdən anasının səsini eşidir. "Qriqori, yumurta qurtarıb". Perelman dəstəyin o tərəfindəki Amerika prezidentinə səslənir, "cənab prezident, yumurta göndərə bilərsiniz?" Obama "nə?" deyə soruşduğu anda, Perelmanın anasının səsi yenidən eşidilir "pomidor da qurtarıb". Perelman usanmış halda Obamaya yenidən müraciət edir: "pomidor da lazımdır, cənab prezident".

Riyaziyyatçı hazırda  İsveçdə köhnə bir binanın zirzəmisində  qoca anası ilə birgə yaşayır. İnternet və  telefondan istifadə etməyən dahi asudə vaxtını təbiətin qoynunda keçirir. Ən maraqlısı isə odur ki, məşhur Hollivud rejissoru, "Titanik" filminin yaradıcısı Ceyms Cameron  əfsanəvi riyaziyyatçı  haqqında sənədli film çəkməyi planlaşdırsa da, onu  hələ də tapa bilmir...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".