12 Aprel Aviasiya və Kosmonavtika Günüdür
Maraqlı

12 Aprel Aviasiya və Kosmonavtika Günüdür

Kosmosun tədqiqi alimləri həmişə maraqlandırıb. Nəhayət, 12 aprel 1961-ci ildə “Vostok” peyki ilk dəfə göyərtəsində insanla kosmosa göndərildi. Peykin kosmonavtı Yuri Qaqarin bu uçuşdan sonra XX əsrin ən məşhur insanına və kosmosun tədqiqinin simvoluna çevrildi. Bu uçuşa Sergey Korolev, Leonid Voskresenskiy və Anatoli Kirilov rəhbərlik edirdi. Kosmik gəminin uçuşu uğurlu oldu və “Vostok” planetimizin ətrafında sərbəst uçuş həyata keçirdi. Yer planetinin ətrafında uçuş 1saat 48 dəqiqə davam etdi. Bu müddətdə Y.Qaqarin orbitdə Yerlə radioəlaqə saxlayır, müşahidələr aparır, gəmi sistemlərinin işinə nəzarət edirdi. Yer ətrafında dövrə vuran kosmik gəmi Moskva vaxtı ilə saat 10:55-də Saratov vilayətinin Smelovka kəndi yaxınlığında planlaşdırılan yerə eniş etdi. SSRİ Müdafiə Nazirliyinin əmri ilə hökumətin tapşırığını uğurla yerinə yetirdiyinə görə baş leytenant Yuri Qaqarinə “mayor” fövqəladə hərbi rütbəsi verildi. 1961-ci il aprelin 14-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Yuri Alekseeviç Qaqarin Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Uçuşun uğuru 46 faizdən çox deyildi, lakin insanın kosmosa ilk uçuşu astronavtikanın gələcək inkişafı üçün son dərəcə vacib idi.

Daha sonra kosmonavt Germen Titov həm Sovet İttifaqında, həm də bütün dünyada Kosmonavtika Gününün təsis edilməsini təklif etdi. Bu bayram ilk dəfə 1962-ci il aprelin 9-da keçmiş SSRİ-də təsis edilib. 1968-ci ilin noyabrında Beynəlxalq Aviasiya Federasiyasının Baş Konfransında aprelin 12-nin Ümumdünya Aviasiya və Kosmonavtika Günü kimi təsdiq edilməsi qərara alınıb. 2011-ci il aprelin 7-də BMT Baş Assambleyasının xüsusi plenar iclasında 12 aprel tarixində Beynəlxalq İnsanın Kosmosa Uçuşu Gününü elan edən qətnamə qəbul edilib. Bu hadisə bütün bəşəriyyət üçün insanlara kosmosun kəşfinə gedən yolu açan böyük bir addım idi.

Hər il aprelin 12-də bütün dünyada Kosmonavtika Günü qeyd edilir və digər beynəlxalq bayramlar arasında xüsusi yer tutur. Bayram münasibətilə əsasən də MDB ölkələrində filmlər nümayiş olunur, çoxsaylı tədbirlər, maarifləndirici proqramlar həyata keçirilir. Həmin gün alimləri, mühəndisləri, kosmonavtları və kosmik sənaye ilə əlaqəli olan hər kəsi təbrik edir və mükafatlar verilir.

2001-ci ildən etibarən aprelin 12-də dünyanın bir çox ölkəsində Yuri Qaqarinin adını daşıyan “Yuri gecəsi” keçirilir. Bu tədbirin məqsədi kosmosun tədqiqinə ictimai marağı artırmaq və yeni nəsilləri ruhlandırmaqdır.

Biz kosmik texnologiyada heyrətamiz uğurlara şahid oluruq. Bu gün minlərlə peyk Yer ətrafında dövr edir, kosmik gəmi Aya enərək oradan torpaq nümunələri gətirir. Bununla yanaşı, avtomatik stansiyaların Venera və Marsa enişi kosmik sənayedə yaşanmış uğurların davamıdır.

Aiza ŞABANOVA,

“Respublika”.