MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Sluishuis" yaşayış kompleksi

XXI əsrin əvvəllərində Hollandiyanın paytaxtı Amsterdamda heyrətamiz memarlıq abidəsi inşa olunub. Kopenhagendə yerləşən BİG memarlıq bürosu və məşhur memar Byarke İngels tərəfindən layihələndirilən "Sluishuis" çoxmənzilli yaşayış kompleksi 2018-2022-ci illərdə tikilib. Tikintisi 4 il çəkən bina ölkəyə təxminən 250 milyon avroya başa gəlib. Şəhərin ümumi görünüşünə xüsusi gözəllik qatan çoxmənzilli yaşayış evi süni yaradılmış Ey gölünün üzərində inşa olunduğu üçün gəmi formasında dizayn edilib. Memar B.İngels bu layihəsini: "Limanın içərisində bir bina, binanın içərisində bir liman" adlandırıb.

441 mənzilin yerləşdiyi bina 11 mərtəbədən ibarətdir. Burada mənzillərin sahəsi 180 kvadratmetrdən çoxdur. Qumlu sahilə 60 metr dərinliyində basdırılmış dayaqlar üzərində dayanan binanın künc hissəsi iki mərtəbə hündürlüyündə olduğu üçün paralleloqram formasında görünür. Burada quraşdırılan iki pilləkən vasitəsilə sakinlər binanın damında yerləşən terraslara qalxır və Amsterdam limanına açılan möhtəşəm mənzərəni izləmək imkanı əldə edirlər. Gün işığını və körfəzin sularını əks etdirən alüminium təbəqələrlə örtülmüş kompleksin enerji təchizatı damda quraşdırılmış Günəş panelləri və kollektorları hesabına təmin edilir.

F&F Tower və ya İnqilab Qülləsi

İnqilab Qülləsi kimi tanınan F&F Tower Panamanın ticarət rayonunda inşa olunan inzibati binadır. 2003-cü ildə binanın təsisçiləri Federico Fonseca və Franklin Federico ölkənin ən hündür göydələnini tikməyi qərara alırlar. Latın Amerikasının ilk spiral binası onlara 50 milyon ABŞ dollarına başa gəlir. 2011-ci ildə istifadəyə verilən göydələnin tikintisi zamanı qazma işləri aparılarkən Panama tarixinə aid sənət əsərləri aşkar edilir. Müasir memarlığın simvollarından sayılan bu binanın təsisçiləri həmin əşyaların sərgilənməsi üçün F&F Tower-in birinci mərtəbəsində muzey yaradırlar.

Ölkənin müasir memarlıq simvolu hesab edilən göydələnin ərazisi 2000 kvadratmetr, hündürlüyü isə 243 metrdir. Bünövrəsində 360 dərəcə fırlanma mexanizmi quraşdırılan göydələn 52 mərtəbədən ibarətdir. F&F Tower-in damında yerləşən günəş panelləri tikilini elektrik enerjisi ilə təmin edir. Həmçinin bina bitkiləri suvarmaq üçün yağış suyu toplama sisteminə də malikdir. Zümrüd çalarlı, möhtəşəm güzgülü fasadı olan dəmir-betondan tikilmiş bu göydələn şəhərə xüsusi gözəllik verir.

Porta Niqra

Alp dağlarının şimalında yerləşən, Romanın ən böyük şəhər qapısı hesab edilən "Porta Niqra" Almaniyanın Trier şəhərində inşa olunub. Latın dilindən tərcümədə "qara qapı" mənasını verən bu memarlıq abidəsi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Qədim Romanın koloniyası və imperiyanın sərhədlərini şimaldan qoruyan forpost qala qapısı romalılar dövründə Moselle çayı üzərindəki yaşayış məntəqəsi kimi fəaliyyət göstərsə də, III əsrin sonlarında ticarət mərkəzinə çevrilib.

Boz qum daşından tikilən iki dördmərtəbəli qüllədən ibarət əzəmətli qalanın inşasında sementdən istifadə edilməyib. Trier şəhərinin simvolu olan bu abidənin eni 36, hündürlüyü 30, dərinliyi isə 21,5 metrdir. 6 tondan çox daş plitələrdən ibarət qala əvvəllər yarımdairə şəklində olub. Bir neçə əsr sonra rekonstruksiya işlərinə başlanılsa da, naməlum səbəblərdən darvazanın tikintisi yarımçıq qalıb. Bu günümüzə qədər gəlib çatmış və mükəmməl şəkildə qorunub saxlanılmış nəhəng "Porta Niqra" qapısı təkcə Almaniyada deyil, bütün dünyada ən qədim tarixi abidələrindən biridir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".