ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

Düşüncələri yazıya çevirən sistem hazırlanır

Texnologiya inanılmaz sürətlə inkişaf edir. İllər öncə  fantastik filmlərdə gördüyümüz ağlasığmaz  texnologiyalar artıq reallaşır. Belə ki, Sidney Texnologiya Universitetinin tədqiqatçıları tərəfindən fikirləri yazıya çevirən "BrainGPT" adlı sistem hazırlanır.

Sistem  bir növ EEG və ya Elektroensefaloqramma kimi  beyin siqnallarını müəyyən edir. İnsanların düşüncələri əsnasında meydana gələn  beyin siqnalları xüsusi süni intellekt əsaslı alqoritm yardımı ilə yazıya çevrilir. Hazırda sınaqdan keçirilən bu sistem düşüncələri yazıya çevirməkdə yüksək dərəcədə uğur əldə etsə də, bəzən problemlər yaşanır. 

"Bu tədqiqat EEG dalğalarını birbaşa başa düşülən dilə çevirmək üçün bir səydir və əhəmiyyətli  irəliləyişi təmsil edir", - deyə tədqiqat rəhbəri professor Lin inkişaf etdirdikləri sistem barəsində bildirib.

Onun sözlərinə görə araşdırmalar hələ davam edəcək. Belə ki, sistem hələlik tam dəqiqliklə çalışmır. Maraqlısı budur ki, sistem heç bir cərrahi əməliyyat tələb etmədiyi üçün asanlıqla insanlar üzərində sınaqdan keçirilə bilər. Məhz bu cəhətdən o, çox perspektivli hesab olunur və gələcəkdə kommersiya məhsuluna çevrilmə ehtimalı yüksəkdir.

Yaxın zamanda internetin sürəti artacaq

"Low Latency", "Low Loss", "Scalable Throughput" (L4S)  xidmət sayəsində  yaxın zamanda internetdə sürət artımı  müşahidə olunacaq. Belə ki, sözügedən  internet xidməti məlumatların ötürülməsində olan gecikmələrin azaldılmasına hədəflənib.

Son zamanlar internet istifadəçiləri saytların ləng şəkildə yüklənməsi, videoların gec açılması, videozənglərin kəsilməsi və ilişməsi kimi problemlərlə qarşılaşırlar.  Bütün bu problemlərin əsas səbəbi məhz gecikmələrdir. Söhbət, cihazın məlumatları serverə ötürüb və daha sonra onları geri əldə etməsində baş verən gecikmələrdən gedir. Buna isə istifadəçinin internet sürəti heç cür təsir göstərmir. L4S adlı yeni internet standartı məhz gecikmə probleminin aradan qaldırılmasına hədəflənib. Qeyd edək ki, sözügedən internet xidmətinin hazırlanmasında "Apple", "NVIDIA", "Google", "Valve", "Nokia"  və "Ericsson" kimi nəhəng şirkətlər iştirak edib.

"Tesla"nın yeni elektromobili etirazlara səbəb olub

"Tesla" şirkəti "Cybertruck" adlı elektromobilini rəsmi olaraq ictimaiyyətə  təqdim edib. Lakin təqdim edilən model təhlükəsizlik mütəxəssislərinin heç də ürəyincə olmayıb. Belə ki, avtomobilin kəskin dizaynı və polad gövdəsi  narahatçılıq yaradıb.

Mükəmməl dizayna malik dözümlü  elektromobilin qəza anında qarşıdakı maşını və ya piyadanı hansı vəziyyətə gətirəcəyi sual doğurur. Məhz bu səbəbdən mütəxəssislər avtomobilin yollarda  yarada biləcəyi təhlükələri hesablamağa çalışırlar. "Tesla"nın icraçı direktoru Elon Maskın sözlərinə görə, "Cybertruck"un ön və arxa hissəsindəki xüsusi barmaqlıqlar qəza  zamanı enerjini dağıtmaqla toqquşmanın təsirini azaldır. Habelə o, iddia edir ki, elektromobil yüksək təhlükəsizlik səviyyəsinə malikdir və bu baxımdan digər pikap maşınlarından daha uğurludur. Maraqlısı budur ki, "Tesla" sözügedən modelin polad gövdəsi və kəskin dizaynına rəğmən tənzimləyici orqanlardan da müvafiq icazələr alıb.

Mütəxəssislərə görə elektromobilin poladdan olması istənilən qəza anında qarşı tərəfə zərərin daha çox dəyməsinə və faciələrin baş verməsinə yol açır. Kaliforniya Universitetinin Berkeley Təhlükəsiz Nəqliyyat Araşdırma Mərkəzinin direktoru da elektrikli pikapın çəkisi və sürət həddi ilə bağlı öz narahatlığını ifadə edib.  Avropa Nəqliyyat Təhlükəsizliyi Şurası da "Tesla"nın Avropada "Cybertruck"u istifadəyə verilməsinin tərəfdarı deyil. 

Bu canlılar sayəsində atmosferin xəritəsi çəkilib

Elm adamları elektron sensorlar quraşdırılmış xüsusi çantalarla təchiz olunan böyük freqatların (Fregata major) köməyi ilə atmosferin xəritəsini çəkiblər.

Böyük freqat quşları Sakit, Hind və Atlantik okeanlarının tropik zonalarında adalarda yaşayan böyük quşlardır. Onların qanadları 2,3 metrə çatır. 2-4 kilometr yüksəklikdə uzun müddət uça bilən bu quşlar, bir çox hava və iqlim proseslərinin baş verdiyi atmosferin sərhəd qatını öyrənmək üçün uyğun namizəd hesab edilir.

Hazırki atmosfer müşahidə üsulları yer əsaslı ölçmələrə və uzaqdan zondlamaya əsaslanır, lakin hər iki üsulu açıq okeanın geniş ərazisində məlumat toplayarkən tətbiq etmək çətindir. Məlumata görə, freqatlar onlara tapşırılan vəzifənin öhdəsindən yaxşı gəliblər. Bu çantalı quşların sayəsində Havay adalarının cənubunda, Sakit okeanın Palmira Atoll (mərcan adası) ərazisində müxtəlif hava şəraitində və günün fərqli saatlarında atmosfer haqqında məlumat əldə etmək mümkün olub.

Alimlərin fikrincə, lələkli kəşfiyyatçılar sayəsində toplanan məlumatlar hava proqnozu, iqlim dəyişikliyi və havanın keyfiyyəti ilə bağlı məlumatları dəqiqləşdirməyə kömək edəcək.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".